ABŞ-nin hazırkı mərhələdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərə mane ola bilər.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Teylor Rocers yeni qanunda nəzərdə tutulan anti-Rusiya tədbirlərinin tətbiqi ehtimalını şərh edərkən bildirib.
Onun sözlərinə görə, sanksiya müddəalarının hazırda qüvvəyə minməsi ABŞ-nin Rusiya ilə Ukrayna arasında davamlı və hərtərəfli sülh sazişinə nail olmaq üçün apardığı danışıqlara maneə yarada bilər.
"Prezident bu tədbirlərin ABŞ-nin milli maraqlarına uyğun olduğunu hesab edərsə, onları istənilən vaxt tətbiq etmək imkanını saxlayır", - Rocers qeyd edib.
Teylor Rocers əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istədiyini dəfələrlə bəyan edib: "Yeni qanun ABŞ prezidentinə danışıqlar davam etdikcə sülh yolu ilə nizamlanmaya nail olmaq üçün istifadə edə biləcəyi əlavə səlahiyyətlər verir".


Şərhlər