1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu sənəd ölkənin müstəqilliyini hüquqi baxımdan təsbit etdi və onu beynəlxalq münasibətlər sistemində müstəqil subyekt kimi tanıtdı. Lakin bu aktın qəbuluna qədər uzun və mürəkkəb bir yol keçilmişdi.
1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi orqanlarının səlahiyyətlərinin zəifləməsi, iqtisadi böhran və milli hərəkatların genişlənməsi şəraitində Azərbaycanda da müstəqillik tələbləri gücləndi. 1988-ci ildən başlayaraq Bakı və digər şəhərlərdə keçirilən mitinqlər, siyasi təşkilatların fəaliyyəti və xalq hərəkatının formalaşması bu prosesin əsas mərhələləri oldu. 1990-cı ilin yanvar hadisələri mərkəzi hakimiyyətlə münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu və müstəqillik ideyasını gündəmin mərkəzinə çıxardı.
1991-ci il avqustun 19-da Moskvada baş verən çevriliş cəhdi vəziyyəti köklü şəkildə dəyişdi. SSRİ-nin dağılma prosesinin sürətlənməsi şəraitində Azərbaycan Ali Soveti avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannaməni qəbul etdi. Bu sənəd hüquqi baxımdan mühüm addım olsa da, hələ də yekun status daşımırdı. Oktyabrın 18-də isə Ali Sovetin sessiyasında Konstitusiya Aktı qəbul olundu. Akt birbaşa 1918-ci il 28 may İstiqlal Bəyannaməsinə və avqust Bəyannaməsinə istinad edərək Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Bununla müstəqillik yalnız siyasi bəyanat səviyyəsindən çıxıb, konstitusion əsas qazandı. Qısa müddətdə bir sıra dövlətlər Azərbaycanın müstəqilliyini tanıdı.
Hüquqi bərpa ilə real dövlət idarəçiliyi arasında isə ciddi fərq qaldı. 1991–1993-cü illərdə ölkədə idarəetmə sistemi demək olar ki, iflic vəziyyətə düşmüşdü. Ali hakimiyyət orqanları arasında səlahiyyət bölgüsü qeyri-müəyyən idi, qanunvericilik və icra strukturları arasında koordinasiya pozulmuşdu. İqtisadiyyatda hiperinflyasiya, istehsalın kəskin azalması, enerji və ərzaq təchizatında ciddi problemlər mövcud idi. Qarabağ cəbhəsində hərbi vəziyyət ağırlaşırdı. Daxili siyasi mübarizə isə dövlət institutlarının işini daha da zəiflədirdi. Bu şəraitdə ölkənin suverenliyi formal qalsa da, real idarəetmə mexanizmləri işləmirdi.
Məhz bu boşluq siyasi sabitliyin və idarəçiliyin bərpasını zəruri etdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iflic olmuş idarəetmə sistemi mərhələli şəkildə bərpa olunmağa başladı. Mərkəzi hakimiyyətin səlahiyyətləri möhkəmləndirildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, iqtisadi və siyasi islahatlar həyata keçirildi. Neft strategiyasının formalaşdırılması və dövlət institutlarının yenidən qurulması müstəqilliyin yalnız kağız üzərində qalmamasını, real mexanizmlərə malik olmasını təmin etdi. Bu, 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının praktiki məzmun qazanmasının başlanğıcı oldu.
Sonrakı dövrdə İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyi daha da sistemləşdirildi, hərbi quruculuq prioritet istiqamətə çevrildi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadr potensialının artırılması və müdafiə sənayesinin inkişafı 1991-ci ildə hüquqi baxımdan bərpa olunmuş müstəqilliyin real təminatına çevrildi. 2020-ci ildə 44 günlük hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyü bərpa olundu, 2023-cü ildə isə suverenlik bütün ərazilərdə tam təmin edildi. Bu, Konstitusiya Aktı ilə başlanmış prosesin məntiqi yekunu oldu.
Beləliklə, 18 Oktyabr tarixi yalnız bir sənədin qəbul olunduğu gün deyil. O, müstəqilliyin hüquqi bərpası, iflic vəziyyətdə olan idarəetmə sisteminin bərpası və nəhayət, ərazi bütövlüyünün təmin olunması mərhələlərinin başlanğıc nöqtəsidir.
Nihad Namazlı
Bakı Slavyan Universiteti
Beynəlxalq münasibətlər üzrə 4-cü tədris ili tələbəsi



Şərhlər