Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində “MJ Finance BOKT” ASC və “MMK-014” MMC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər.
"AzPolitika" xəbər verir ki, sentyabr ayında “MJ Finance BOKT” ASC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.
Bununla əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təşkilatın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən 2 min manat cərimələnib.
Bundan başqa, avqust ayında “MMK-014” MMC tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və bu fəaliyyətə nəzarət qaydalarının pozulması müəyyən edilib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 000 manat cərimə olunub.
Beləliklə, hər iki maliyyə təşkilatının vəzifəli şəxslərinə ümumilikdə 3 min manat məbləğində cərimə tətbiq edilib.


Şərhlər