Menu

Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi

22.10.2026, 09:37
Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi

Fransa Prezidenti Emmanuel Makron Qətərə səfəri zamanı ABŞ Prezidenti Donald Trampın və digər xarici liderlərin Fransadakı kütləvi etirazlar və iğtişaşlarla bağlı səsləndirdikləri fikirlərə sərt reaksiya verib. Makron xarici siyasətçiləri daxili böhranları öz siyasi məqsədləri üçün manipulyasiya etməkdə günahlandırıb.

Fransada həyat bahalığı, ictimai xidmətlərin pisləşməsi və büdcə kəsirləri fonunda baş verən kütləvi etirazlar və iğtişaşlar beynəlxalq müstəvidə də geniş müzakirələrə səbəb olub. Qətərdə olarkən Fransa Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun adlarını birbaşa çəkmədən, onların Fransadakı hadisələrdən daxili siyasi qazanc əldə etmək və seçki kampaniyalarında istifadə etmək istədiklərini bildirib.

Makron qeyd edib ki, sosial şəbəkələrdə və xarici mediada Fransaya qarşı süni dezinformasiya kampaniyası aparılır, süni intellekt (AI) vasitəsilə hazırlanmış saxta görüntülər yayılaraq ölkənin guya "miqrantlar və islamçılar tərəfindən işğal olunduğu" iddia edilir. O, bu cür iddiaların tamamilə yalan və əsassız olduğunu vurğulayıb.

Ötən günlərdə Donald Tramp Fransadakı zorakılıq və talan səhnələrindən istifadə edərək miqrasiya siyasətini kəskin tənqid edib. Tramp Fransanın "miqrantlar, cihadçılar və kommunistlər tərəfindən fəth edildiyini, talandığını və yandırıldığını" iddia edərək, bu cür iğtişaşların səbəbini sərhəd və miqrasiya siyasətində görüb. O, həmçinin Fransanın sağçı lideri Marin Le Penə təriflər yağdıraraq onu mühafizəkar səs kimi təqdim edib.

Eyni zamanda, Benyamin Netanyahunun da Fransanın "ekstremistlər tərəfindən işğal olunduğunu" iddia etməsi Parisdə narazılıqla qarşılanıb.

Siyasətçilərin bəyanatlarından fərqli olaraq, müstəqil analitiklər və yerli hesabatlar göstərir ki, Fransadakı etirazların əsas səbəbi miqrasiya deyil, daxili sosial-iqtisadi problemlərdir. Qeyd olunur ki, etirazlar ilk növbədə inflyasiya, yaşayış xərclərinin artması, təhsil müəssisələrindəki problemlər və dövlət xidmətlərindəki büdcə kəsirləri səbəbindən alovlanıb. Paris, Marsel və Leon kimi şəhərlərdə etirazların qarşıdurma və talanlarla müşayiət olunması nəticəsində 2500-dən çox insan saxlanılıb. Hökumət təhlükəsizliyi təmin etmək üçün bəzi bölgələrdə gecə komendant saatı tətbiq edib. Buna baxmayaraq, tətillər və yeni etiraz dalğaları hələ də davam edir. Baş nazir Sebastian Lekornu vəziyyəti nəzarətdə saxlamaq üçün həmkarlar ittifaqları ilə danışıqlar aparsa da, ölkə daxilində sosial gərginlik səngimir.

Fransa Prezidenti Emmanuel Makronun sərt reaksiyası göstərir ki, Paris daxili iğtişaşların xarici siyasi qüvvələr tərəfindən manipulyasiya olunmasından ciddi narahatdır. Vaşinqton və digər dairələrin bu böhranı öz daxili siyasi dividentləri (məsələn, ABŞ-də aralıq seçkiləri və ya miqrasiya debatları) üçün alətə çevirməsi Qərb müttəfiqləri arasındakı münasibətlərdəki dərin çatlar və "Böyük parçalanma" dövrünün qlobal reallıqları fonunda diqqəti cəlb edir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol