Menu

Rusiya hərbi təyyarələri ard-arda qəzaya uğrayıb

22.10.2026, 11:11
Rusiya hərbi təyyarələri ard-arda qəzaya uğrayıb

Rusiyanın Kalininqrad vilayətində hərbi təlim uçuşu yerinə yetirən "Su-30" tipli çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insident döyüş dəsti olmayan planlı uçuş zamanı baş verib. Hər iki pilot təyyarə düşməzdən əvvəl katapult edərək xilas olub.

Rusiya hərbi idarəsinin açıqlamasına əsasən, qəza zamanı hər iki pilot vaxtında təxliyə oluna bilib və axtarış-xilasetmə qrupu tərəfindən dərhal evakuasiya edilib. Nazirlik bildirib ki, pilotların həyatı üçün heç bir təhlükə yoxdur və təyyarə tamamilə yaşayış olmayan əraziyə düşüb.

Bununla belə, yerli mənbələrin və teleqram kanallarının yaydığı məlumatlarda qırıcının Çernyahovsk yaxınlığındakı Timofeyevka və Zelyonıy Bor qəsəbələri arasındakı sahəyə çırpıldığı qeyd olunur. Mənbələr pilotların xəsarət aldığını və hərbi qospitala yerləşdirildiklərini iddia edirlər. Qəzanın dəqiq səbəbləri hələ ki rəsmi olaraq açıqlanmayıb.

Həmçinin oktyabrın 21-i axşam saatlarında tanınmış Rusiya hərbi teleqram kanallarından biri olan "Fighterbomber" heç bir təfərrüat açıqlamadan digər bir hərbi təyyarənin də itirilmə ehtimalına dair işarə vurub ki, bu da hərbi ictimaiyyətdə narahatlıq doğurub.

Cari il ərzində Rusiya Silahlı Qüvvələrinin aviasiya parkında qeydə alınan qəza və itkilərin sayı diqqət çəkir:

29 sentyabr: Amur vilayətində strateji "Tu-95MS" bombardmançısının qəzaya uğraması nəticəsində rəsmi məlumata görə 6 nəfər həlak olub, lakin müstəqil mənbələr 8 ekipaj üzvünün ölümünü qeydə alıb.

23 iyul: Moskva vilayətində hərbi təlim zamanı təyyarə qəzaya uğrayıb. "Kommersant" qəzetinin mənbələri qəza edən təyyarənin Rusiyanın ən yeni Su-57 qırıcısı olduğunu bildirmişdi.

3 aprel: Krım üzərində növbəti "Su-30" qırıcısı qəzaya uğrasa da, pilotlar sağ qalmağı bacarmışdı.

31 mart: Krımda "An-26" hərbi-nəqliyyat təyyarəsinin qəzası nəticəsində göyərtədə olan 29 nəfərin hamısı həlak olmuşdu.

Su-30 - 1980-ci illərin sonlarında "Su-27" bazasında hazırlanmış iki nəfərlik çoxməqsədli Rusiya qırıcısıdır. Hava üstünlüyünün əldə edilməsi, digər təyyarələrin müşayiəti, yerüstü və dəniz hədəflərinə zərbələr endirilməsi, həmçinin hava kəşfiyyatı üçün nəzərdə tutulub. Müxtəlif modifikasiyaları Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alır və Ukraynaya qarşı davam edən müharibədə də fəal şəkildə istifadə olunur.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol