Menu

“Bu şəhərləri Rusiyaya versək...” - Zelenski Rusiyanın mümkün addımlarını açıqladı

22.10.2026, 15:20
“Bu şəhərləri Rusiyaya versək...” - Zelenski Rusiyanın mümkün addımlarını açıqladı

Rusiya Ukraynadan müharibəyə son qoymaq üçün Donetsk vilayətinin əsas şəhərlərinin - Slavyansk, Kramatorsk və Drujkovkanın təhvil verməsini tələb edir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə verdiyi müsahibədə bildirib.

Onun dediyinə görə, Donbasın Ukraynanın nəzarətində qalan hissəsinə aid olan bu şəhərlərin Rusiyaya verilməsi gələcəkdə daha böyük şəhərlərin və mərkəzlərin işğalına yol aça bilər.

"Bu, birbaşa Dnepropetrovsk vilayətinə - Pavloqrada, Dneprə aparır. Bunlar həyati əhəmiyyətli mərkəzlərdir... Krivoy Roq mənim doğma şəhərim, Nikopol isə sənaye, mühəndislik və istehsal mərkəzidir; bu, ölkəmizin iqtisadiyyatıdır", - deyə Zelenski bildirib.

O əlavə edib ki, bu ərazidə həm də Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş müdafiə xətti yerləşir.

“Əgər biz onlara bu şəhərləri versək, risk çox böyük olacaq. Əgər o(Putin-red.), daha da irəliləmək istəsə, irəliləsə, çox sayda şəhərimizi ələ keçirə bilər. Risk realdır. Heç kim heç nəyə zəmanət vermir”, - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, Kreml daha əvvəl ABŞ-nin Ukraynadakı müharibəyə son qoymaq üçün yenilənmiş səylərinə münasibət bildirib. Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib ki, Avropa "bu böhranın həlli üçün daha ciddi düşünməyə və yanaşmağa başlayıb".

Yeni danışıqlar raunduna münasibət bildirən Zelenski isə deyib ki, Rusiya sülh danışıqları aparmaq üçün texniki səviyyədə Vaşinqton və Kiyev nümayəndələri ilə üçtərəfli görüşə razılıq verib. Prezident qeyd edib ki, görüşün tarixi hazırda məlum deyil, lakin ABŞ onu mümkün qədər tez keçirmək istəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol