Menu

İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir

22.10.2026, 17:15
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarını blokadaya almasına baxmayaraq, Tehran son günlərə qədər neft satmağa davam edirdi. Belə ki, blokada başlamazdan əvvəl Fars körfəzini tərk edən İranın “kölgə donanması”nın çoxsaylı tankerlərində İran nefti saxlanılırdı. Lakin artıq bu gəmilərdəki neft və İranın qazandığı neft dollarları tükənib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın ortalarına qədər “üzən anbarlar” kimi istifadə edilən tankerlər tamamilə tükənib: "İranın artıq Çinə göndərilə biləcək nefti yoxdur".

Blokada səbəbindən İran artıq ənənəvi olaraq Malayziya və Sinqapur sahillərində Çinə gedən tankerlərə xam neft boşaldan “üzən anbarlar”ını doldura bilmir.

Bu arada, digər Körfəz ölkələrinin xam neft ixracı müharibədən əvvəlki səviyyələri aşıb. Ötən həftə ərzində bu, gündə 24 milyon bareldən çox olub. Yaxın Şərq müharibəsindən əvvəl bu göstərici 23,3 milyon barel idi. Bunun təxminən 14 milyonu Amerika hərbi gəmilərinin himayəsi altında Hörmüz boğazından ixrac olunur.

ABŞ aprel ayında ilk dəfə blokada tətbiq etməzdən əvvəl İran “üzən anbarlar”da təxminən 130 milyon barel neft saxlayırdı. Blokadadan sonra bu rəqəm durmadan azalmağa başladı.

Neft dollarlarının itirilməsi İran iqtisadiyyatını daha da sarsıdacaq. Yaxın Şərqdəki əməliyyatlara nəzarət edən ABŞ Mərkəzi Komandanlığı şənbə günü bildirib ki, blokada Tehranı ən azı 25 milyard dollar neft gəlirindən məhrum edib.

Qeyd edək ki, neft ixracı İranın ən böyük valyuta gəliri mənbəyidir və büdcə gəlirlərinin 30-40%-ni təşkil edir.

E.Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol