Azərbaycana xarici ölkələrdən gətirilən avtomobillərin sayında ciddi azalma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 57 min 275 avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 min 982 ədəd və ya 33 faiz azdır.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycana 85 min 257 avtomobil gətirilib. Beləliklə, bir il ərzində avtomobil idxalında təxminən 28 min ədəd azalma baş verib.
Nəqliyyat eksperti Raqif Raufoğlu “AzPolitika”ya şərhində idxalın azalmasını bir neçə amillə əlaqələndirib.

Onun sözlərinə görə, güzəştlərin ləğvi avtomobillərin qiymətinin artmasına səbəb olub: "Xüsusilə Çin istehsalı olan avtomobillərin Azərbaycan bazarında böyük paya malik olduğunu nəzərə alsaq, bu dəyişikliklər idxala da təsir göstərib. Güzəştlərin aradan qaldırılması fonunda avtomobillərin qiymətində ciddi fərq yaranıb və bu səbəbdən alıcılar ötən il ölkəyə gətirilmiş avtomobillərə daha çox maraq göstərirlər".
Raqif Raufoğlu avtomobil idxalına təsir edən digər mühüm amil kimi beynəlxalq logistika zəncirindəki problemləri göstərib: "Daşımalar zamanı yaranan gecikmələr, sərhədlərdəki növbələr və nəqliyyat xərclərinin artması avtomobillərin Azərbaycana gətirilməsini çətinləşdirir. Çinlə Azərbaycan arasında avtomobil daşımaları ilə məşğul olan bəzi şirkətlər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalır, digərləri isə mövcud imkanlardan istifadə etməklə daşımaları davam etdirirlər. Bəzi hallarda sahibkarlar Çindən birbaşa avtomobil gətirmək əvəzinə, Qazaxıstanın Çinlə sərhədinə gedərək orada mövcud olan avtomobilləri götürüb Azərbaycana gətirirlər".
R. Raufoğlunun sözlərinə görə, quru yolu ilə daşımalar zamanı da ciddi problemlər yaranır: "Rusiyada yanacaqla bağlı çətinliklər və sərhəd-keçid məntəqələrindəki uzun növbələr nəqliyyat vasitələrinin hərəkətini ləngidir. Bu isə daşıma müddətinin uzanmasına və əlavə xərclərin yaranmasına səbəb olur. Yük maşınlarının sərhəddə günlərlə, hətta iki həftəyədək gözləməsi daşıma xərclərini artırır. Sahibkarlar həmin müddətdə yaranan əlavə xərcləri avtomobillərin yekun qiymətinə daxil etməli olurlar. Nəticədə nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi daha baha başa gəlir".
R. Raufoğlu logistika problemlərinin yalnız quru yolları ilə məhdudlaşmadığını da vurğulayıb: "Çindən Qazaxıstanın Aktau limanına gələn yüklərin daşınmasında da gecikmələr müşahidə olunur. Limanda konteynerlərin yığılması və yaranan növbələr daşımaların vaxtında həyata keçirilməsinə mane olur".
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər