Azərbaycanda bərpa olunan enerji mənbələrinə marağın artması günəş enerjisi layihələrinin genişlənməsinə şərait yaradır. Günəş panelləri ekoloji cəhətdən təmiz enerji istehsalına imkan versə də, onların istismar müddəti başa çatdıqdan sonra yaranan tullantıların idarə olunması mühüm məsələyə çevrilir. Panellərin tərkibindəki şüşə, alüminium və digər materialların təkrar emalı həm resurslardan səmərəli istifadə, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanda günəş panellərinin utilizasiyası və təkrar emalı üçün hansı imkanların mövcud olduğu, bu sahədə infrastrukturun yaradılmasına ehtiyac isə müzakirə doğurur.
İstismar müddəti başa çatmış günəş panellərinin utilizasiyası hansı qaydada həyata keçirilməlidir və bu proses üçün ölkədə texniki infrastruktur mövcuddurmu? Günəş panellərinin hansı komponentləri təkrar emal edilə bilər və bu materialların yenidən iqtisadi dövriyyəyə qaytarılması hansı imkanlar yaradır?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadə baxımından geniş təbii imkanlara malikdir.

Onun sözlərinə görə, ölkə ərazisinin böyük hissəsində günəşli günlərin çox olması günəş enerjisinin inkişafı üçün əlverişli şərait yaradır. Bu potensialdan səmərəli istifadə etmək üçün müvafiq infrastrukturun qurulması vacibdir: "Günəş enerjisi təmiz və bərpa olunan enerji mənbəyi olsa da, panellərin istehsalı, istismarı və yararlılıq müddəti başa çatdıqdan sonra utilizasiyası ilə bağlı məsələlər də diqqətdə saxlanılmalıdır. Günəş panellərinin hazırlanmasında istifadə olunan materialların əldə edilməsi, eləcə də onların ayrı-ayrı komponentlərinin təkrar emalı müəyyən çətinliklər yarada bilər. Buna görə də bərpa olunan enerji layihələri həyata keçirilərkən təkcə elektrik enerjisinin istehsalı deyil, qurğuların bütün istismar dövrü nəzərə alınmalıdır".

Ekspert qeyd edib ki, gələcəkdə neft ehtiyatlarından asılılığın azaldılması baxımından günəş və külək enerjisindən istifadənin genişləndirilməsi əhəmiyyətlidir: "Bununla belə, enerji qurğularının quraşdırılması ilə yanaşı, onların istehsalı, texniki xidməti və istismar müddəti başa çatdıqdan sonra təkrar emalı üçün də müvafiq infrastruktur yaradılmalıdır. Günəş panellərinin yerləşdiriləcəyi ərazilərin düzgün seçilməsi vacibdir. Məhsuldar kənd təsərrüfatı torpaqlarından istifadə etmək əvəzinə, təsərrüfat dövriyyəsindən çıxmış və ya yararsız sahələrdə belə qurğuların quraşdırılması daha məqsədəuyğundur. Bu yanaşma həm enerji istehsalına, həm də münbit torpaqların qorunmasına töhfə verə bilər".
Ə.Əliyev əlavə edib ki, külək və tozlanma günəş panellərinin səthində çirklənmə yaradaraq onların səmərəliliyini azalda bilər. Buna görə də qurğuların müntəzəm təmizlənməsi və texniki xidmətinin təşkili əvvəlcədən planlaşdırılmalıdır: "Azərbaycanda günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün Kür-Araz ovalığı, Ceyrançöl, Naxçıvan və Qobustan kimi ərazilər diqqət çəkir. Layihələrin reallaşdırılması zamanı torpaqların təyinatı, ərazinin təbii xüsusiyyətləri və mövcud infrastruktur nəzərə alınmalıdır. Hesab edirəm ki, bərpa olunan enerji sahəsinin davamlı inkişafı üçün Azərbaycanın təbii potensialından istifadə ilə yanaşı, istehsal, texniki xidmət, təkrar emal və tullantıların idarə olunması məsələləri də kompleks şəkildə həll edilməlidir".
Oğuz Ayvaz
"AzPolitika.info"


Şərhlər