Tanınmış rusiyalı oliqarx və “Tsarqrad” televiziya kanalının sahibi Konstantin Malofeyev Vladimir Putini Ukraynadakı silah anbarlarının olduğu ərazilərə nüvə zərbəsi endirməyə çağırıb.
“AzPolitika” xəbər verir ki, Malofeyev bu açıqlamanı britaniyalı jurnalist Pirs Morqanın tok-şousunda verib.
"Ultimatum verilməlidir: 72 saat ərzində Ukraynanın qərbindəki silahlarınızın saxlanıldığı anbarlara nüvə zərbəsi endiriləcək. Bu müddət ərzidə evakuasiya aparıla bilər", - Malofeyev deyib.
"Pravoslav oliqarx" və “Rus dünyası”nın qatı tərəfdarı kimi də tanınan Malofeyev deyib ki, "biz xristianıq, yaxşı insanlarıq və ukraynalılar slavyan qardaşlarımızdır”.
"Biz onları öldürmək istəmirik, bu qanlı, qardaş qırğını olan müharibəni dayandırmaq istəyirik", - deyə o bildirib.
Eyni zamanda, Malofeyev Putinin "hazırda" nüvə silahlarından istifadə etməməsinin "səhv" olduğunu iddia edib.
"Mən onu buna görə tənqid edirəm", - deyən oliqarx əlavə edib ki, Putin Qərbə "çoxlu ikinci şans" verir: “Buna baxmayaraq, o, ölkəmizin bir əsrdə sahib olduğu ən yaxşı liderdir".
Malofeyev bundan əvvəl də “qardaş xalq”ın yaşadığı Ukraynaya nüvə zərbəsi endirməyi təklif etmişdi. Buna səbəb Ukraynanın tezliklə Moskvaya çata bilən ballistik raketlər istehsal edə biləcəyidir. Oliqarx həmçinin qeyd edib ki, nüvə zərbəsi Ukraynanın Avropa İttifaqına qoşulmasının qarşısını alacaq.
Kremlə yaxınlığı ilə tanınan Malofeyev həm də Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova ilə evlidir.
Qeyd edək ki, Malofeyevin özü və onun rəhbərlik etdiyi “Tsarqrad” kanalı xüsusi anti-Azərbaycan mövqeyilə seçilir və dəfələrlə ölkəmizə qarşı yalan, saxta, təxribatçı məlumatlarla, təbliğat materialları, təhdidlərlə çıxış edib.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər