Bəzən maddi çətinliklər, gündəlik xərclərin artması və gəlirlərin zəruri ehtiyacları qarşılamaqda yetərsiz qalması bir çox insanı borc götürməyə vadar edir. Bəziləri ev, müalicə və digər vacib ehtiyaclarını qarşılamaq üçün kreditə üz tutur, digərləri isə gündəlik dolanışığını təmin etmək məqsədilə borclanır. Lakin İslam dinində borc götürməyə və xüsusilə faizli kreditlərə münasibət müəyyən dini prinsiplərlə tənzimlənir. Bu baxımdan borcun hansı məqsədlə götürülməsi, insanın maddi vəziyyəti və alternativ imkanlarının olub-olmaması mühüm əhəmiyyət daşıyır.
Bəs İslamda hansı hallarda borclanmaq məqbul hesab olunur? Zəruri ehtiyaclarını ödəmək üçün faizli kredit götürməyə məcbur qalan şəxsin dini məsuliyyəti necə qiymətləndirilir və belə hallarda zərurət amili nəzərə alınırmı?
Mövzunu "Azpolitika"ya şərh edən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində mümkün qədər borc götürməkdən çəkinmək, insanın öz imkanlarına uyğun yaşaması və qənaətcil olması tövsiyə edilir. Bununla belə, müxtəlif dövrlərdə insanların borc götürməyə ehtiyacı yarana bilər: "Belə hallarda müəyyən şərtlərə əməl olunmalıdır. İnsanlar zəruri ehtiyaclarından artıq borc götürməməli, borcun qaytarılması ilə bağlı öhdəliklərini vaxtında yerinə yetirməli və qarşı tərəfin hüquqlarını nəzərə almalıdır. Borc götürən şəxs razılaşdırılan müddətdə borcunu qaytarmağa çalışmalı və bu məsuliyyətə ciddi yanaşmalıdır. İslam dinində faizlə borc vermək və bunun müqabilində əlavə mənfəət tələb etmək qadağandır. Xüsusilə, insanın maddi çətinliyindən yararlanaraq onu istismar etmək yolverilməzdir. Bununla yanaşı, müasir dövrdə kredit məsələsi də aktualdır. İnsan zəruri ehtiyaclarını qarşılamaq üçün çıxılmaz vəziyyətdə qalarsa, məsələn, ailəsini dolandırmaq, sosial vəziyyətini yaxşılaşdırmaq və ya iş qurmaq məqsədilə kredit götürməyə məcbur olarsa, bu məsələyə yanaşmada zərurət amili də nəzərə alınmalıdır.
Belə vəziyyətlərdə insan, ilk növbədə, faizsiz borc almaq imkanlarını araşdırmalıdır. Əgər başqa çıxış yolu yoxdursa və kredit götürmək zərurəti yaranırsa, borcun məbləğini mümkün qədər az tutmalı, yalnız ehtiyacını qarşılamaq üçün zəruri olan qədər vəsait götürməlidir. Çünki faizli kreditlərdə sələm elementi mövcuddur və İslam dinində sələm qadağan edilib.
Buna görə də faizsiz borc almaq imkanı varsa, bu yola üstünlük verilməlidir. Yaxınlarından və ya borc vermək imkanı olan şəxslərdən faizsiz vəsait əldə etmək mümkündürsə, həmin imkanlardan yararlanmaq daha məqsədəuyğundur. Əsas məqsəd zəruri ehtiyacları qarşılamaqla yanaşı, mümkün qədər faizli borcdan uzaq durmaqdır".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər