Ukrayna Prezidenti Volodimir Zelenski fürsəti olsa, günü bu gün sülh müqaviləsi bağlamağa hazırdır.
“AzPolitika” xəbər verir ki, Zelenski “Mən buna hazıram”, -deyə “ABC News”-a verdiyi müsahibədə bildirib.
"Biz bu müharibəni mümkün qədər tez dayandırmağa hazırıq", - deyən Zelenski vurğulayıb ki, Ukrayna mövcud cəbhə xətti boyunca münaqişəni dondurmağa razıdır.
Eyni zamanda, jurnalistin Ukrayna ərazisinin 25%-ni verməli olacağı təqdirdə danışıqlar aparmağa hazır olub-olmayacağı barədə sualına cavab olaraq, Prezident Rusiyanın Ukrayna ərazisinin yalnız 19,3%-ni ələ keçirdiyini və 25%-in Ukraynanın Donbasdan geri çəkilməsi demək olduğunu vurğulayıb.
"Onlar ərazimizin 25%-ni işğal etməyiblər. Kimsə 25%-dən danışanda, bu o deməkdir ki, biz Donbasdakı ərazimizdən könüllü olaraq geri çəkilməliyik və bu o deməkdir ki, onlar 25%-ə nəzarət edəcəklər. Hazırda onlar 19,3%-ə nəzarət edirlər", - deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Donbasın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanımayacaq: "Müvəqqəti işğal olunmuş ərazinin Rusiyaya çevrilməsini nəzərdə tutan təkliflər eşitmişəm Əlbəttə ki, biz buna razı olmayacağıq”.
Zelenski həmçinin vurğulayıb ki, Ukraynanın hazırda zəif prezidenti ola bilməz: "Ukrayna hazırda zəif prezidentə dözə bilməz. Bəlkə də müharibədən sonra istənilən president ola bilər... Amma indi, əgər Ukrayna sağ qalmaq istəyirsə, onun güclü orduya, güclü Prezidentə və güclü xalqa ehtiyacı var. Buna görə də, əlbəttə ki, mənə qarşı hər hansı bir təzyiqə cavab verəcəyəm. Çünki əks halda bizi yeyəcəklər".
Prezident həmçinin, amerikalı tərəfdaşları Rusiyanın ballistik raketləri buraxdığı ərazilərdə “Starlink”-i işə salmağa çağırıb: "Hər şeyi özümüz edəcəyik. Hər şeyin öhdəsindən gələ bilərik. Əlbəttə ki, Rusiya bu müharibəyə son qoymasa, bunu edəcəyik. Onu işə salın. Bu, heç də çətin deyil".
Zelenski həmçinin müttəfiqləri Rusiya raket istehsalına qarşı sanksiyaları gücləndirməyə çağırıb, çünki hər bir Rusiya ballistik raketinin komponentlərinin təxminən 70%-i digər ölkələrdən - Asiya, ABŞ və Avropadan gəlir.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər