Menu

ALTINCI PAKETDƏN GÖZLƏNTİLƏR... - Hansı istiqamətdə dəyişikliklərə ehtiyac var?

24.10.2026, 11:40
ALTINCI PAKETDƏN GÖZLƏNTİLƏR... - Hansı istiqamətdə dəyişikliklərə ehtiyac var?

Əmək və əhalinin sosial müsafiəsi naziri Anar Əliyevin Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan 6-cı islahat paketinin hazırlandığı barədə açıqlaması cəmiyyətdə müəyyən gözləntilər yaradıb. Lakin mövcud iqtisadi reallıqlar və mövcud sosial təminat mexanizmləri bu vədlərə müəyyən suallarla yanaşmağı zəruri edir.

İlk növbədə, bu paketin hansı mənbədən maliyyələşəcəyinə aydınlıq gətirilməlidir. Çünki gələn ilin dövlət büdcəsində sosial xərclərin cəmi 43 milyon manat artırılması nəzərdə tutulur. Büdcədə əsaslı dəyişikliklər baş verməzsə, növbəti artımların simvolik xarakter daşıyacağı və uzaqbaşı 20-30 manat ətrafında olacağı ehtimal edilir.

Xatırladaq ki, əvvəlki 5 paketdən sonra ölkədə tətbiq olunan cari rəqəmlər aşağıdakıdır:

Minimum əməkhaqqı: 400 manat

Minimum pensiya: 320 manat

Yaşa görə müavinət: 220 manat

Əlilliyə görə müavinət: 180–300 manat

Uşaq doğulduqda birdəfəlik müavinət: 600 manat...

Lakin bu rəqəmlərin real istehlak səbətinin tələblərindən geri qaldığı, onun yalnız 40-50 faizini qarşıladığı açıq-aydın görünür.

Ekspertlər hesab edirlər ki,sosial sektorda köklü və sistemli islahatlar həyata keçirilməlidir. 

Əsas diqqət çəkən problemlər isə bunlardır:

Pensiya sisteminin təkmilləşdirilməsi: Mövcud mürəkkəb qaydalar yaşlı əhalinin əhəmiyyətli bir hissəsini pensiya almaq hüququndan məhrum edir. Hazırda 65 yaşdan yuxarı vətəndaşların təxminən üçdə biri (180 min nəfər) cəmi 220 manat məbləğində yaşa görə müavinət alır və bu rəqəm ildən-ilə artır.

Əlillik təyinatı mexanizmləri: Xüsusilə müharibə və ümumi səbəblərdən I dərəcə əlilliyi olan vətəndaşların sayının müxtəlif əngəllərlə azaldılması narahatlıq doğurur. Rəsmi statistadaya görə, Azərbaycanda əlilliyi olan şəxslərin xüsusi çəkisi ümumi əhalinin təxminən 4,8 faizini təşkil edir. Halbuki BMT Əhali Fondunun hesablamalarına görə, normal statistik göstərici 11-12 faiz, müharibə keçirmiş ölkələrdə isə 18-20 faiz ətrafındadır. Müstəqillik dövründə on minlərlə insanın müharibələrdə ağır xəsarət aldığı nəzərə alınarsa, bu sahədə yanaşmanın humanizm prinsiplərinə uyğunlaşdırılması vacibdir.

Ünvanlı Sosial Yardım (ÜSY) və dəstək mexanizmləri: Əlillik və ya digər hallarla bağlı sosial ödənişləri ləğv edilən vətəndaşların dövlət qayğısından kənarda qalmaması üçün alternativ mexanizmlər işlənməlidir.

Tibbi sığortanın əlçatanlığı: İcbari tibbi sığorta sistemində yaranan çətinliklər xidmətin keyfiyyəti və əlçatanlığı ilə bağlı narazılıqları artırıb. Vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində ciddi addımların atılmasına ehtiyac var.

E.Rüstəmli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol