Menu

İrəvanın yeni siyasi kursu: Bakı ilə münasibətlərdə nələr dəyişəcək?

23.11.2026, 14:46
İrəvanın yeni siyasi kursu: Bakı ilə münasibətlərdə nələr dəyişəcək?

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Cənubi Qafqazda geosiyasi proseslərin yeni istiqamət almasına səbəb olur. İrəvanın Qərbə inteqrasiya siyasəti fonunda regionda qüvvələr balansının necə dəyişəcəyi, Rusiyanın mövqelərinin zəifləyib-zəifləməyəcəyi və Avropanın bölgədə artan rolunun Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərəcəyi diqqət mərkəzindədir. Bəs Ermənistanın Avropa seçimi Bakı ilə sülh prosesini sürətləndirəcək, yoxsa regionda yeni geosiyasi rəqabətə yol açacaq? Azərbaycanın bu dəyişikliklər fonunda hansı diplomatik imkanları və riskləri var?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan politoloq Aydın Tağıyev bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Cənubi Qafqazın geosiyasi arxitekturasında yeni qüvvələr balansının formalaşmasına təsir göstərən mühüm strateji tendensiyadır:

"Fikrimcə, bu proses təkcə İrəvanın xarici siyasət kursunun transformasiyası deyil, həm də regionda təsir uğrunda rəqabət aparan aktorlar arasında yeni siyasi dinamikanın yaranması kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh prosesinin gələcək taleyi də məhz bu dəyişən geosiyasi konfiqurasiyanın təsiri altında formalaşır. İlk növbədə qeyd edilməlidir ki, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyaya meyllənməsi onun ənənəvi təhlükəsizlik arxitekturasından müəyyən dərəcədə uzaqlaşması deməkdir. Uzun illər Rusiya amili üzərində qurulan təhlükəsizlik modelinin zəifləməsi İrəvanı yeni siyasi və iqtisadi dayaqlar axtarmağa sövq etdib. Bu baxımdan Avropa İttifaqı Ermənistan üçün yalnız iqtisadi tərəfdaş deyil, həm də siyasi legitimlik və təhlükəsizlik təminatı əldə etməyə çalışdığı alternativ platformadır".


Politoloqun sözlərinə görə, Azərbaycan nöqteyi-nəzərindən bu proses həm imkanlar, həm də risklər yaradır:

"Müsbət aspekt ondan ibarətdir ki, Avropa İttifaqı regionda uzunmüddətli sabitliyin tərəfdarı kimi sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh sazişinin imzalanmasını dəstəkləyir. Fikrimcə, Ermənistanın Avropa siyasi institutlarına yaxınlaşması onu daha çox beynəlxalq öhdəliklərə bağlı dövlətə çevirə və revanşist meyllərin zəifləməsinə təsir göstərə bilər. Bu halda sülh prosesi daha institusional və hüquqi çərçivəyə malik olar lakin prosesin digər tərəfi də mövcuddur. Avropa İttifaqının regionda artan siyasi iştirakı bəzi hallarda Ermənistan daxilində həddindən artıq xarici siyasi dəstək gözləntiləri yarada bilər. Belə vəziyyətdə İrəvan sülh danışıqlarında daha çevik mövqedən çıxış etmək əvəzinə, əlavə beynəlxalq siyasi təminatlar əldə etmək məqsədilə prosesləri uzatmağa cəhd göstərə bilər. Bunun özü isə danışıqların mahiyyətini ikitərəfli müstəvidən geosiyasi rəqabət müstəvisinə keçirə bilər. Nəticə etibarı ilə bu qənayətə gəlmək olur ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının sülh prosesinə təsiri birbaşa deyil, dolayı xarakter daşıyır. Əsas determinant yenə də Bakı və İrəvanın siyasi iradəsi olaraq qalır. Xarici aktorlar yalnız prosesi sürətləndirə və ya ləngidə bilərlər, lakin qalıcı sülhün əsasını tərəflərin qarşılıqlı maraqlar üzərində qurulmuş kompromisi təşkil edir. Geosiyasi baxımdan ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan hazırda həm Avropa İttifaqı, həm Türkiyə, həm də digər regional oyunçularla balanslaşdırılmış münasibətlərə malikdir. Bütün bu üstünlük ölkəmizə dəyişən beynəlxalq şəraitdə daha çevik diplomatik manevr imkanları verir. Əgər Ermənistan Avropa inteqrasiyasını regionda əməkdaşlıq və iqtisadi açılım vasitəsinə çevirərsə, bu, Azərbaycanla sülh prosesini sürətləndirə bilər. Əks təqdirdə, Avropa istiqamətinin geosiyasi qarşıdurma alətinə çevrilməsi yeni etimadsızlıq mühiti formalaşdıraraq sülh gündəmini ləngidəcək. Xüsusi ilə onu qeyd edim ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Azərbaycan-Ermənistan münasibətlərində həlledici amil deyil, lakin mühüm strateji dəyişəndir. Bu proses sülhə xidmət etdiyi təqdirdə regionda yeni təhlükəsizlik arxitekturasının və iqtisadi inteqrasiyanın əsasını qoya bilər. Əks halda, xarici güclərin rəqabət məkanına çevrilən Cənubi Qafqazda geopolitik qütbləşməni dərinləşdirə və sülh prosesinin dayanıqlığını zəiflədə bilər. Məhz buna görə də ölkəmizin strateji məqsədi sülh prosesini kənar geosiyasi təsirlərdən maksimum dərəcədə izolyasiya etməklə, onu regional məsuliyyət və qarşılıqlı maraqlar üzərində qurulmuş təhlükəsizlik modelinə çevirməkdən ibarətdir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol