Menu

Şirkət direktorunun məhkəməsi başlayır - 172 nəfərə qarşı dələduzluq edib

24.11.2026, 12:56
Şirkət direktorunun məhkəməsi başlayır - 172 nəfərə qarşı dələduzluq edib

“Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyev barəsində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə 172 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bu barədə "AzPolitika"ya Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma Bakının Nizami rayonunda şirkətin tikinti işləri ilə əlaqədar mənzilləri sökülən sakinlərə yeni binada mənzillərin uzun müddət verilməməsi barədə daxil olan məlumatlar əsasında başlanıb.

İstintaqın versiyasına görə, Ceyhun Quliyev Nizami rayonunun Ş. Mirzəyev küçəsində yerləşən “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzilləri və digər əmlakı yeni alıcılara satacağını vəd edərək onlardan pul alıb. Prokurorluq onun qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etməsinə dair əsaslı şübhələrin müəyyən edildiyini bildirib.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol