RUSİYADA «VEYMAR SİNDROMU» - "Kreml dünyanın yenidən bölüşdürülməsini istəyir"

«Rusiya başqa dövlətin ərazisini işğal edib!»

Bir neçə gün bundan əvvəl Rusiyalı siyasətçi Aleksandr Rıjkov «Osoboe mnenie» verilişinin («Gxo Moskvı» radiosu) qonağı olub və aparıcı Tatyana Felgenhauerin suallarını cavablandırıb. Bu gün Rusiyada cərəyan edən proseslərdən baş çıxarmaq baxımından böyük əhəmiyyət kəsb etdiyi üçün müsahibəni bəzi ixtisarlarla hörmətli oxucuların diqqətinə çatdırırıq.

- Bu, «Osoboe mnenie» verilişidir. Mən studiyada Aleksandr Rıjkovu salamlayıram! Nəhayət ki, gəlib çıxa bildi. Siz mititnq iştirakçılarına yol verirdiniz?

- Dinləyicilərdən üzr stəyirəm. Düzü, gözləmirdim ki, bu gün nəinki küçələrdə, hətta metroda da 10 ballıq tıxacla üzləşəcəm. «Novkuznetskaya» stansiyasında nəhəng tıxaca - nəhəng insan axınına düşdüm. Onlar mitinqdən (Vasilevsk enişindən - «Krım mitinqi»ndən) gəlirdilər. Bir müddət bu növbədə dayanmalı oldum, həm də atmosferi duydum.

- Atmosfer necə idi?

- Məndə belə bir hiss baş qaldırdı ki, insanlar sanki mitinqdən yox, işdən qayıdırlar...

Mən mtinqdə olmamışam, onun translyasiyasına «Exo»da baxmışam - mitinqi tam izləyə bildim - duma fraksiyası liderlərinin çıxışlarını da, Krımın nümayəndələrinin çıxışlarını da, Putinin çıxışını da. Məni mat qoyan o oldu ki, növbədə dayandığım 15-20 dəqiqə ərzində mitinqdən qayıdan insanlardan bircə dəfə də «Krım» kəlməsini eşitmədim. Ətrafımdakı insanlar işlərindən, kollektivlərinin problemlərindən, qadınlar ailə problemlərindən, uşaqlarından danışırdılar. Kimsə hava durumundan söhbət açdı. «Krım» sözünü bircə dəfə də eşitmədim.

- Bəs necə, onlar bundan əvvəl iki saat Krımdan danışıblar...

- Hər halda, insanlar dağılışırdılar, gərək bir qədər həyacanlı, bir qədər həvəsli olaydılar. Məndə belə bir hiss yarandı ki, onlar işdən qayıdırlar. Sanki işə çıxıb, növbəni işləyib, evlərinə qayıdırdılar. Mən digər bir atmosfer duymadım...

- Əgər bu mitinqdə Putinin çıxışından danışsaq, qeyd etməliyik ki, o, çox şeydən danışdı...

- O qədər də çox şeydən yox.

- Məsələn, o mətləbdən ki, bütün çətinlikləri dəf edərək, Rusiya öz dövlətçiliyini möhkəmlədir...

- «Yenirusiya» mövzusu şüurlu surətdə tam qapadılmışdı. Heç bir rəmzə rast gəlinmirdi... Hə, bir də ondan ki, heç bir sanksiya bizim üçün qorxulu deyil, onlar bizi sındıra bilməyəcəklər, biz yolumuza davam edəcəyik və s. Əslində isə mənə elə gəlir ki, bütün bu hərəkətlərdə müəyyən bir qeyri-əminlik anı var. Mən şüarlara diqqətlə baxdım. Onların iki başlıca mənası var idi. Biri, «Biz bir yerdəyik, bütün çətinliklərə baxmayaraq biz toparlanacağıq», «Krım bizimdir və həmişə bizim olacaq...». Dediyinə arxayın olan insanlar tez-tez təkrarlamazlar ki, məsələn, «bu qələm mənimdir, mənimdir, mənimdir». Bütün bunları görən insanlar şübhələnirlər ki, burada heç də hər şey «təmiz» deyil...

İkincisi, mənim gözümə dəyən o oldu ki, burada faktiki olaraq «Yenirusiya» rəmzləri yox idi.

- Əvəzində, çoxlu sayda «Georgi lenti» var idi...

- Çox maraqlı idi- «Yenirusiya» simvolikaları yox idi. Diqqət yetirdinizsə, bütün aksent Krıma yönəlmişdi, Ukraynanın şərqi barədə bircə kəlmə də danışılmadı.

- Axı bu bayram Krımın Rusiyaya birləşdirilməsinin bir illiyinə həsr olunmuşdu.

- Bilirəm, amma yumşaq desək, Ukraynanın şərqində hələ hər şey sona çatmayıb.

- Bizdə? O, başqa ölkədir. Onlarda heç nə sona çatmayıb.

- Məlumatım var. Fəqət, nədənsə orada buryat tankçıları yanırlar, müasir Rusiya silahları hərəkət edir. Ümumiyyətlə isə ora başqa ölkədir. Məhz ona görə də mənə elə gəlir ki, «Yenirusiya» mövzusu bilərəkdən ört-basdır edilib. Üçüncüsü də gözümə çoxlu sayda plakatlar dəydi - bu spontan deyildi - «Çörçil, Ruzvelt və Stalin Qərbdən ağıllı idilər». Bu açıq-aşkar işarədir - Kreml dünyanın yenidən bölüşdürülməsini, Yaltanı (1945) təkrarlamaq istəyir. Odur ki, kifayət qədər darıxdırıcı və üfunət saçan bu tədbir alınmadı.

- Orada 100 mindən çox adam var idi.

- Hə, çox darıxdırıcı idi. Ora insanları sadəcə, təşkil olunmuş qaydada qovub gətirmişdilər - böyüklərin nəzarəti altında. Əmək kollektivlərindən çoxlu adam var idi. Amma ruh yüksəkliyi yox idi.

- Sosioloji sorğunun nəticələri göstərir ki, rusiyalıların 85 faizi Krımın birləşdirilməsini dəstəkləyir. Mən əminəm, bu, həqiqətə yaxın nəticədir. Çünki, kiminlə danışırsansa, müzakirə edirsənsə, hamısı deyir - bəli, Krım bizimdir. Ötən bir il ərzində isə heç nə dəyişməyib.

- Burada bir fenomen var. Mən tapdım, yeri gəlmişkən, oxumağı hamıya məsləhət görürəm. Yeqor Qaydar ölümündən bir qədər əvvəl bir məqalə yazıb. Məqalə 6 fevral 2006-cı ildə «İzvestiya» qəzeində dərc olunub. «Veymar sindromu» adlanır.

Mənası çox sadədir - imperiya nostaljisi çox güclü siyasi alət ola bilər. Onunla cəmiyyəti hakimiyyətin ətarfında möhkəm cəmləmək olar. Amma Y.Qaydar xəbərdarlıq edirdi ki, imperiya sindromu - «Veymar sindromu» olduqca təhlükəlidir və ölkənin dağılmasına gətirib çıxara bilər. Çünki «Veymar sindromu» qonşu ölkələrə yönəlik aqressiya doğurur. Son sosioloji rəqəmlərlə tanış olarkən gördüm ki, bizdə dəhşətli sayda insan kütləsi - əhalinin 70 faizi inanır ki, hər tərəfdən bizi təhlükə gözləyir!

- Ötən həftə biz hamını hər cür təlimə, həyacana və s. səfərbər etdik - bütün parametrlər üzrə.

- Hə, təlimlər gedir, donanma üzür, təyyarələr uçur... Bizdə anomal sayda insan inanır ki, Rusiyaya hücum etmək istəyənlər var. Heyrətedici işdir ki, sorğulara əsasən birzdə adamlar hərbi xərclərin artırılması müqabilində səhiyyə, təhsil, elm, idman xərclənin azaldılmasına razıdırlar. İnsanlar deyirlər ki, bəli biz hərbi potensialın artırılmasına hazırıq.

- Başqa sözlə, hakimiyyət doğru iş görür, xalq isə onu dəstəkləyir...

- Öz reytinqini yüksəltmək istiqamətində hakimiyyət düz edir. Fəqət, bununla o, ölkəni məhv edir. Çünki bir ölkədə hərbi xərclər prioritet təşkil edib, təhsil xərcləri aşağı salınırsa, həmin ölkənin gələcəyi olmaz. Bu, SSRİ-də yaşanmışların təkrarıdır. SSRİ də hərbi xərcləri durmadan artırıb, sosial xərcləri azaldırdı. Odur ki, əgər SSRİ-nin aqibətini yaşamaq istəyiriksə, onda biz doğru yoldayıq.

«Veymar sindromu» (imperiya sindromu) indi bizdə həqiqətən populyardır. Mən çox maraqlı rəqəmlərə rast gəldim - ölkədə SSRİ-nin dağılmasına heyifslənən insanların sayı 54 faiz təşkil edir.

- Mənim fikrimcə bu, stabil rəqəmdir...

- Xeyir, o, indi bir az da yüksçəlib - 68 faiz. Ona görə istəyir ki, böyük imperiyada yaşamağı üstün tutur... Bəli, bununla manipulyasiya etmək olar, reytinqi yüksək saxlamaq olar. Fəqət bu, iqtisadiyyatı, ölkəni dağıtmağın birbaşa yoludur!

- İqtisadiyyat və Qərblə münasibətlərə gəlincə, bir tərəfdən sanksiyalarla, əks-sanksiyalarla, sonsuz ittihamlarla üzləşirik, «hamı bizim əleyhimizədir» - deyirik. Amma «Blumberq» yazır ki, Avropa İttifaqının (Aİ) 7 ölkəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxa bilər. Aİ sammitində isə qərarlar yekdilliklə qəbul olunur. İqtisadiyyat burada müsbət rol oynaya bilərmi?

- Hansı mənada, müsbət?

- Bu mənada ki, Rusiya bəzi Avropa ölkələrinə lazımdır - tərəfdaş qismində və onlar sanksiyaların əleyhinədirlər.

- Əvvəla, bu məsələdə bizim təbliğat hər şeyi baş-ayaq təqdim edir. Çünki ilk olaraq Qərb Rusiyaya qarşı sanksiya tətbiq etməyib, Rusiya başqa dövlətin ərazisini işğal edib - hər şey bundan başlayıb. Sanksiyalar sonradan gündəmə gəlib.

- Biz sonsuzluğa qədər mübahisə edə bilərik ki, hər şey nədən başladı...

- Burada mübahisə ediləsi bir şey yoxdur. Hər şey 2 dəfə 2 dörd eliyər kimidir. Bizim təbliğat cəmiyyətə belə bir fikir sırıyır ki, Qərb Rusiyanı sevmədiyinə görə sanksiyaları tətbiq edir. Bu, həqiqətə uyğun deyil və 100 faizli yalandır! Sanksiyalar ona görə tətbiq olunub ki, Rusiya qeyri-qanuni olaraq digər dövlətin ərazisinin Krım adlı bir hissəsini özünə birləşdirib. O biri tərəfdən, sankisiyalar ona görə getdikcə sərtləşdirildi ki, Rusiya Donetskə və Luqanska hərbi dəstək verməyə başladı.

- Artıq bir ildir ki, müharibə davam edir, Qərb isə onu dayandırmaq üçün bir iş görə bilmir.

- Ola bilsin. Xoşbəxtlikdən, bütün bunlar hələ ki, Qərb ilə qızğın müharibə mərhələsinə keçməyib. Amma sanksiyalar öz işini görür. İlk növbədə, bütün bunlar Qərbin bazarlarından təcrid olunmuş maliyyə sektorumuz üçün çox ağrılı ötüşür. Bunlarla yanaşı, nəzərə almalıyıq ki, bizim böyük məbləğdə xarici borcumuz var - 600 milyard dollar! Yaxın bir neçə ildə bu borc bağlanmalıdır. Odur ki, sanksiyalar istisnasız olaraq, böyük təsir qüvvəsinə malikdir. Məhz bu səbəbdən dolayıdır ki, hazırda Rusiya Ukraynanın şərqindəki münaqişələrin dondurulmasına meyl edir. Başqa yol yoxdur. Əgər biz müharibə siyasətimizi davam etdirsək, buna cavab olaraq sanksiyalar energetika sekstorumuza (neft və qaz sektoru) da şamil edilə bilər. O zaman biz qəti olaraq çökərik! Çünki federal büdcənin gəlirlərinin 53 faizi karbohidrogenlərin satışı hesabına formalaşır. Bu, Rusiya iqtisadiyyatı üçün fatal bir hökm olardı!..

- Bizi «Svift»lə qorxudurlar ki...

- Bu, gerçəkdən də təhlükəli bir «zarafat»dır.

Çevirdi: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar