"MƏXFİ ƏMƏKDAŞLIĞA CƏLB EDİLƏN 2 NƏFƏR İFŞA EDİLİB"- Eldar Mahmudov

“Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə tədbirlər görülür”

"Regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışır"

“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Suriya Ərəb Respublikasının ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib”.Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə nazir Eldar Mahmudov deyib. MTN-in İctimai əlaqələr idarəsindən APA-ya daxil olan məlumata görə, nazir qeyd edib ki, həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb.

E. Mahmudov Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etməklə hüquqazidd əməllər törətmələri hallarının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini ekstremizmlə mübarizənin cəmiyyətin də yaxından cəlb olunması ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışır.

“Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır”, - deyə nazir vurğulayıb.

Eldar Mahmudov deyib: “İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib”.

Nazir vurğulayıb ki, eyni zamanda, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib.

Nazir deyib ki, Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır.

E. Mahmudovun çıxışında o da qeyd olunub ki, Suriya Ərəb Respublikasındakı qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər nəticəsində 11 fakt üzrə 16 nəfər şəxs istintaqa cəlb olunub.

Eldar Mahmudov həmçinin deyib: “Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən peşə bayramından hazırkı dövrədək olan müddət ərzində də narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər davam etdirilib. Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”.

Eldar Mahmudov ümumilikdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 41 cinayət işinin başlandığını, 84 nəfərin məsuliyyətə cəlb olunduğunu açıqlayıb.

Qeyd olunub ki, bundan başqa, Rusiya Federasiyasının aidiyyəti orqanları ilə tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox narkotik vasitə götürülüb.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana götürülüb, 1 Ukrayna, 9 Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş 5 Azərbaycan vətəndaşından külli miqdarda narkotik vasitə ilə yanaşı, “Makarov” tipli 2 tapança, “Naqan” tipli 1 revolver və xeyli sayda döyüş sursatı götürülüb.

Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 Azərbaycan vətəndaşı barəsində isə cinayət işi başlanıb.

E. Mahmudov qeyd edib ki, milli təhlükəsizlik orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaş və zinət əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə gətirilməsi faktları aşkarlanıb. İfşa edilmiş digər mütəşəkkil cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə 7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.

Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bütün bu faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır.

Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam, hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar