“Azadlıq” qəzetini bağlanmaq təhlükəsi gözləyir

 

“Azərbaycan” nəşriyyatının rəhbərliyi növbəti dəfə “Azadlıq” qəzetinə qarşı tələb qoyub. Bu barədə Turan-a qəzetin baş redaktorun birinci müavini Rəhim Hacıyev bildirib. Onun sözlərinə görə, tələb “Azadlıq” qəzetinin nəşriyyata olan böyük məbləğdə borcunun ödənilməsi ilə bağlıdır.

Borcun bir qisminin (10 min manat) ödənilməsi üçün qəzetə cəmi bir gün vaxt verilib. Vaxt bu gün saat 15.00-da bitir. “Belə vəziyyətin yaranmasının başlıca günahkarı qəzetə böyük miqdarda borcu olan “Qasid” yayım firmasıdır. Firma “Azadlıq”a olan 40 min manatdan artıq borcunu ödəmədiyinə görə qəzet də nəşriyyata olan borcunu qaytara bilmir”, - R.Hacıyev bildirib.

O deyib ki, dünən “Qasid”in rəhbəri ilə əlaqə saxlayıb. Bəlli olub ki, bu gün firma qəzetə uzaqbaşı min manat verə bilər. R.Hacıyev nəşriyyatın birdən-birə “Azadlıq”dan bu dərəcədə böyük məbləğ tələb etməsinin təəccüblü olduğunu deyir: “Onlar yaxşı bilirlər ki, bizim bir gün ərzində belə böyük məbləği ödəmək üçün heç bir imkanımız yoxdur. Sanki qəzetin çapını dayandırmaq üçün bəhanə axtarırlar. Belə çıxır ki, ”Azadlıq"ın çapı bu gündən dayandırılacaq”.

R.Hacıyev qəzetin dayandırılmasının siyasi sifariş olduğunu deyib. Onun fikrincə, bu prosesin tezləşməsinə dünən qəzetdə hakimiyyət əleyhinə bir materialın getməsi səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar