"MÜTƏŞƏKKİL QRUPLAŞMA PREZİDENTİ ÇIXILMAZ VƏZİYYƏTƏ SALIR" - Etimad İsmayılov

"Dövlət maraqları tələb edəndə biz hər zaman Prezidenti müdafiə etmişik və edəcəyik, amma məddahlıq bizim işimiz deyil – qanımızda yoxdur”

Ədalət Partiyasının sədr müavini, hüquqşünas Etimad İsmayılovun AzPolitika.info-ya müsahibəsini təqdim edirik.

- Təxminən son bir ildə Ədalət Partiyasının fəaliyyətində, apardığı təbliğatda anti-Qərb, anti-Amerika mövqeyi açıq müşahidə olunmağa başlayıb. İstər demokratiya mövzusu, istərsə də Qarabağ münaqişəsində ədalətsiz mövqeyinə baxmayaraq, Azərbaycan cəmiyyətində anti-Qərb əhval-ruhiyyəsi əhəmiyyətli şəkildə güclənmir. Əksinə, ciddi siyasi qüvvələrin əksəriyyəti Qərb meyillidir. Belə bir şəraitdə açıq anti-Qərb mövqeyilə nəyə nail olmağa ümidlisiniz?

- Biz hesab edirik ki, siyasətlə məşğul olanlar fəaliyyətlərini dövlət maraqlarını öndə qörərək qurmalıdırlar. Dövlətlərinin hər hansı formada əsarətə düşməyinin qarşısını almağa nail olmalıdırlar. Zamanında sovet imperiyasının əsarətindən qurtulmaq bizə nəsib olsa da, gerçək müstəqilliyimizi qoruyub saxlaya bilmədik və təkrar əsarətə düşdük. Biz Qərbə qarşı yox, Azərbaycana qarşı yürüdülən imperialist və müstəmləkəçi siyasətin əleyhinəyik. İndiki “sahiblərimiz” anqlo-sakson və sionist müstəmləkəçi qüvvələrdi. Sovet imperiyasından fərqli olaraq, daha məkrli siyasət yürüdən bu qüvvələr hədəflərinə nail olmaq üçün ictimai-siyasi həyatı nəzarətə qötürməyi, milli-mənəvi dəyərləri sarsıtmağı hədəfləyib, istəklərinə nail oldular. Siyasilərdən, jurnalistlərdən, politoloqlardan və diqər peşə sahiblərindən özlərinin şəbəkələrini formalaşdırıb xalqın öz müqəddaratını müəyyənləşdirməsini əngəlləyirlər. Bu müstəmləkəçi qüvvələrin bir necə əsas hədəfi var. İlk hədəf bizim təbii sərvətlərimizi talamaq idi. Buna nail oldular. Maliyyə nazirinin müavini Azər Bayramovun Fineko iqdisadi agentliyinə (abc.az) verdiyi açıqlaması bunun bariz sübutudur. O dedi ki, Azərbaycan Şahdəniz qaz projesindən gəlir gözləməməlidir. Şəffaflıq tərəfdarı olduğunu bəyan edən Qərb, nədənsə imzalanan kontraktların məzmununun xalqımıza açıqlanmasını əngəlləyir. Təbii sərvətlərimizdən bizim dövlətə cüzi bir pay düşüb, onun da əhəmiyyətli hissəsi gərəksiz layihələrə yönəldilib, korrupsiya yoluyla talanib, Qərb banklarında yerləşdirilib. Digər neftdən gələn vəsaitlər Neft Fondunun “diversifikasiya” siyasəti nəticəsində yenə də Qərbdə yerləşdirilib. Yəni bizim yox, müstəmləkəçi qüvvələrin banklarında dövr edir.

Digər hədəf Azərbaycanda korrupsiyanın çiçəklənməsidir. Bu yaxınlarda hüquqşünas Aslan İsmayılov “Azadlıq” qazetinə verdiyi açıqlamasında bildirdi ki, hakimiyyətin korrupsiyadan yığılmış pulları Amerika, Avropa banklarında olduğundan iqtidar Rusiyanın layihəsi olan Gömrük İttifaqına qoşulmaqda ehtiyat edər, çünki onda pulları dondurular. Dəməli müstəmləkəçi qüvvələr korrupsiyanın çiçəklənməsindən ikiqat xeyir görürlər – həm talanmış sərvətlər sonda onlara qalacaq, çünki heç bir xalqın oğurlanmış vəsaitləri, cüzi məbləğlər xaricində, özünə qaytarılmayıb, həm də məmurları, milli maraqlarımıza zidd olan qərarlara sövq edə bilirlər. Avropa Şurasının 1993-cü ildə və BMT-nin 2003-cü ildə korrupsiyaya qarşı qəbul etdikləri Konvensiyaları var. Bu Konvensiyalara əsaslanıb hər hansı Azərbaycan məmurunun xalqından talanmış pullarına həbs qoyulub dovlətimizə qaytarılıbmı?

Başqa bir hədəfləri anti-İslam, anti-türk təəssübkeşliyindən irəli gəlir – bizim torpaqlar hesabına, İslam və türk coğrafiyasıyla təmas xəttində dayanan Ermənistanın ərazilərini genişləndirmək. BMT-nin məlum dörd qətnaməsinin icrası bu qünə qədər icra olunmur, amma özlərinə lazım olanda tələsik müsəlman dövlətlərinə qarşı bir qərar qəbul elətdirib onu tez icra edirlər. Xatırladım ki, Amerika, İngiltərə, Fransa BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermə zamanı bizim ərazi bütövlüyümüzü rəsmən tanımayıblar. Bu yaxınlarda Amerika Dövlət Departamentinin məsul numayəndəsi bəyan etdi ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bizləri isə, zəbt olunmuş torpaqlarımızı qaytarmaq istiqamətində atıla biləcək addımlardan çəkinməyə vadar edir, təhdid edir. Bizdə müstəmləkəçi qüvvələrin çətiri altında olan siyasilər, politoloqlar daima cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışırdılar ki, torpaqlarımızın qeri qaytarılmasını Rusiya əngəlləyir. Bununla anqlo-saksonların Qarabağın işğalındakı rolunu gizlətməyi hədəfləyirlər. Amma bəllidir ki, Qarabağ, yuxarıda sadaladığım səbəblərlə yanaşı, ermənilərə Sovet İttifaqının dağılmasında müstəsna xidmətlərinə görə bəxş edilib. Bir necə gün öncə Amerikanın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi bəyan etdi ki, Amerikanın Qarabağ probleminin həllinə baxışları Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Buda sizə xristian təəsübkeşliyindən doğulan anti-İslam, anti-türk mövqe.

Adət-ənənəlirimiz müstəmləkəçi qüvvələrin digər hədəfidir. Dünyada üzdəniraqların haqlarının müdafiəsini özünün prioriteti hesab edən Qərb məmləkətimizdə azanın kəsilməsinə, məscidlərin dağıdılmasına, inanc sahiblərinin “cinayətkar” damğasıyla qazamatlara doldurulmasına göz yumur, buna rəvac verir. Bir cox Qərb dövlətləri açıq şəkildə xristian dövlətləri olduqlarını bəyan edirlər, xristian dinini rəsmi din elan edirlər, xristian partiyaları dövlətdə təmsil olunur. Biz isə dinimizdən-imanımızdan imtina edib özümüzü “dünyəvi, tolerant” elan edirik. Qərbdə azana yasaq var, çarşablı qadınlara yasaq var, Quranı yandırırlar və sair - bəs bunlar niyə “dünyəvi, tolerant” deyillər? Vatikan açıq şəkildə təcavüzkar Ermənistanı dəstəkləyir. Haqqın.az saytında Azərbaycanda və Avropada çalışan bir necə diplomatın danışıqları açıqlandı. Onlar bir-birlərinə deyirdilər ki, biz Qarabağ məsələsində erməniləri dəstəkləməliyik, çünki xristiandırlar. Bəs ədalət, beynəlxalq hüqüq? Neçə illərdir NATO-da Qərbə müttəfiq olan Türkiyəni Avropa Birliyinə qəbul etmirlər, çünki müsəlman dövlətdir. Əksinə, uydurma erməni soyqırımını bayraq edib Türkiyəni çökdürmək istəyirlər. Misirdə demokratik yolla seçilmiş Mursini devirib, yerinə hərbi xuntanı gətirdilər, çünki bunu İsrailin maraqları tələb edir, Misir xalqının maraqları önəmli deyil. Myanmada müsəlmanların qətliamı baş verir, Qərb susur. Bəs insan haqları nə oldu? İrana, Liviyaya, İraka və digər müsəlmanlara müxtəlif basqıların arxasında demokratiya yox, neft, qaz, su mənbələrinə nəzarət durur. Odur ki, Qərbin “xilaskar” rolunu şişirtməyə dəyməz. Əvvəllər xaçpərəstlər səlib yürüşləri edirdilər, indi isə “demokratiya” yürüşləri edirlər lazım olanda. Bizim televiziya verilişlərinə, reklam çarxlarına baxanda hədəfin abır-həyamız, namusumuz olduğunu görərsiniz. Tapdalanmış seçilib-seçmək hüqüqlarımıza isə Qərb “demokratiyaya doğru addım” kimi qiymət verir.

Bu müstəmləkəçi qüvvələr bizim səhiyəmizi, təhsilimizi, istehsalımızı məhv etdilər. Hər birimizin,hətta doğulmamış uşaqlarımızın bunlara borcu var. Sadaladıqlarımı görə-görə biz necə cəmiyyətimizlə səmimi olmayıb acı həqiqətləri söyləməyək?! “Ədalət” partiyası digər “ciddi” partiyalardan fərqli olaraq, nə müstəmləkəçi qüvvələrin səfirliklərinin qapılarını döymək fikrindədir, nə onların dəstəyini qazanmaq naminə milli maraqlardan vaz keçəndir. “Qara siyahılara” düşməyimiz də bizləri narahat etmir. Nədən biz nicatımızı torpaqlarımızı ermənilərə verənlərdə, sərvətlərimizi talayanlarda, adət-ənənələrimizi dağıdanlarda, demokratiyanı, insan haqlarını öz maraqları naminə qurban verənlərdə görməliyik? Qərbdə bizləri cəzb edən nədirsə, onları özümüz məmləkətimizdə qura bilmərik?

- Ədalət Partiyası Qarabağ probleminin həllini necə görür?

- Hesab edirəm ki, Qarabağın çözümü üçün biz əvvəl Konstitusiya islahatına qedib, Naxçıvanın Muxtar Respublika statusunu ləğv edib, tam şəkildə unitar dövlət qurmalıyıq. Bu gün ermənilər ən pis halda özləri üçün Naxçıvana nəzərdə tutulan statusu istəyəcəklər, bu da rəsmən torpaqlarımızın getməsi deməkdir. Bununla yanaşı, biz demokratik təsisatların kağız üzərində yox, gerçəkdən mövcud olmasına nail olmalıyıq ki, ermənilər dünya ictimayyətinə car cəkib deməsinlər ki, bunlar özləri vəhşi qanunlarla yaşayıb bir-birilərini qırırlar, biz necə onlarla yaşayaq? Bizə həm də hakimiyyətdə müstəqil, korrupsiyaya bulaşmamış məmurların, peşəkar ordunun, hərtərəfli səfərbəyliyin olması lazımdır.

- 9 oktyabr prezident seçkilərinə İrandakı sistemə, teokratik rejimə isti münasibəti ilə seçilən, Azərbaycanda da belə bir rejim arzusunu bəzən gizlətməyən İslam Partiyası ilə ittifaqda qatılmağınız bu siyasi kampaniyanın ən gözlənilməz təzahürlərindən biri oldu. Necə oldu ki, belə bir ittifaq meydana gəldi? Təşəbbüs kimdən gəldi, ilk danışıqları kim apardı və ittifaqın açıq-gizli şərtləri və hədəfləri nədən ibarət oldu?

- İrandakı sistem İran xalqının arzusu ilə formalaşıb və onları qane edir. Nə zaman qane etməsə mövcud sistemi dəyişib yenisini qurarlar. Hər halda, İrandakı nəaliyyətlər, qusurlarla yanaşı, düşündürücüdür. Bütün imperialist dunyası arxasında durduğu Saddam Hüseynin İrakıyla səkkiz il müharibə aparıb, şəhidlər verib dövlət varlığını qorumaq; ordunu, hərbi sənayeni, səhiyyə sistemini yüksək səviyyədə qurmaq; dəqiq elmi inkişaf etdirmək, nüvə enerjisi vasitəsiylə enerji təhlükəsizliyini təmin etmək; bütün dünyanın haqsız basqılarına tab qətirmək – bizlərə də qismət olsun belə nəaliyyətlər. Zənnimcə, İran ermənilərlə işbirliyi əvəzinə Azərbaycanla ciddi təmaslar qursa , Xəzərin statusuyla bağlı ədalətli mövqedə olsa, digər aparıcı müsəlman dövlətlərlə rəqəbət yox, səmimi ünsiyyətdə olsa daha cox inkişaf edər, müsəlman dunyasının xeyrinə olar. İslam partiyası Azərbaycanda demokratiya, qanunun aliliyi uğrunda mübarizədə ən çox əziyyət çəkən partiyadı. Qeydiyyatları ləğv olunub, rəhbərliyi, çoxsaylı üzvləri qazamatlara salınıb. Hər kəs özü üçün bir dəyərlər sistemini qəbul edir, bu demokratiyanın əsaslarından biridir. Nədən İslam Partiyası özünə uyğun dəyərlərə rəğbət bəsləməsin? Nədən İslam Partiyasının Azərbaycanın İranla qarşılıqlı dostluq etməyin vacibliyini vurğulamasını biz belə aqressiv qəbul etməliyik? Niyə Amerikayla, İngiltərəylə, Fransayla, İsraillə, Vatikanla dostluq etmək olar, İranla yox? Bunlardan fərqli olaraq İran heç olmasa ərazi bütövlüyümüzü tanıyır. Minlərlə imkansız vətandaşlarımız İranda müalicə olunur, İranla ticarət vasitəsi ilə ailələrinin ehtiyaclarını ödəyir.

Niyə Məşədə getmək İrana xəfiyyəlik etməkdir, milli maraqlarımızı Qərbə qurban etmək “bəşər dəyərlərinə qovuşmaq”?

Ədalət Partiyası “Yaşıllar” və “İslam” partiyaları ilə birgə “ Vətən” blokunu təsis ediblər. Hədəf Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır, qanunun aliliyinə, hakimiyyətin bölünmə prinsipinə nail olmaqdır, vətandaşların seçib-seçilmək hüququnun bərqərar olmasıdır və sair.

- Bəs Cənubi Azərbaycan məsələsi? Məgər Siz paytaxtı Təbriz olan Bütöv Azərbaycanı arzulamırsınız?

- Arzularla imkan və reallıqları bir-birindən ayırmağın tərəfdarıyam. Mənim üçün Güneydəki həmvətənlərimin haqları olduqca önəmli və əhəmiyyətlidir, çünki söhbət millətindən asılı olmayaraq insan haqlarından qedir. Lakin istənilən fikri hər bir incəlikləri nəzərə alaraq, məsuliyyəti dərk edərək ifadə etməliyik. Təbriz mədəniyyətimizin və milli dəyərlərimizin paytaxtıdır. Amma bizim siyasətimizin əsasında İranda yaşayan xalqların bir-birlərinə düşmən olması yox, mehriban yaşamaları durur. Milli potensialı məsuliyyətsiz ifadələrlə torpağa basdırmaq qəhrəmanlıq deyil, əksinə - xəyanətdir. Güclü Azərbaycanın yolu boş şuarlardan yox , dəqiq strateji analizlərdən keçir. Və sözlərimizi ifadə edərkən yaxın hədəflərimiz kimlərinsə alqışları yox, orta və uzaq hədəfdəki zəfərlər olmalıdır. Tarix bizə dəfələrlə göstərib ki, uğurlu nəticələrin səbəbi məsuliyyətsiz bəyanatlar deyil, hədəfə gedən yolda hər ehtimalın diqqətə alınaraq hərəkət edilmə vacibliyidir. Arif insanlar bu yolu görənlərdir.

İndi özünüz düşünün, ABŞ konqresmeni Rorabaxer Azərbaycanın birləşməsiylə bağlı provakasion, qeyri-səmimi təşəbbüslə çıxış etdi. Ozünüz fikirləşin, Azərbaycanın indiki ərazi bütövlüyünü tanımayan Qərb, gerçəkdən Bütöv Azərbaycan layihəsini dəstəkləyərmi? Tayı-bərabəri olmayan bir Türk dünyasının bərqərar olmasını arzulayarmı?

- Hazırda yaşadığınız Türkiyə gündəmini Gülən-Ərdoğan şəkişməsi mövzuları tutub. Bu yaxınlarda Sizin rəğbət bəslədiyiniz iki siyasətçi - Mais Gülalıyev və Fazil Mustafa da Fətullah Gülənin məktəbləri, nur camaatına münasibət mövzusunda söz savaşına çıxmışdılar. Sizin bu məsələyə münasibətinizi öyrənmək maraqlı olardı.

- Mən ümumiyyətlə İslamın məzhəblərə, sektalara, təriqətlərə bölünməsini ürək ağrısı ilə qəbul edirəm. Çünki, mütərəqqi İslam dünyasının düşmənləri İslamı şökdürmək üçün millətçilikdən, məzhəbçilikdən, təriqətçilikdən istifadə ediblər və edirlər. Allah (C.C) buyurub ki, bütün müsəlmanlar qardaşdırlar. Biz bir Allaha ibadət edirik, bir Peyğəmbərin ümmətindənik, bir qibləmiz var. Şəxsən məni kimin doğru, kimin yanlış yolda olması düşündürmür, çünki məni düşündürən özümün hidayətə, İnşAllah yetişməmdir. Yaradan bizlərə şiə, sünni, sələfi və sair olmağı yox, müttəqi olmağı buyurub. Böyük alim Səyyidi Nursidən soruşanda ki, nəyi bilirsən, o cavab verib ki, həddimi bilirəm. Arzulayardım ki, özündən müştabeh insanlar hədlərini bilib başqalarının inancına qiymət vermək, haqlarını yemək əvəzinə Allaha daha yaxın olmağı düşünsünlər. Rəbbimiz hər kəsə bir cür hidayət nəsib edir.

Fətullah Gülən haqqında bilgilərim səthidir. Biriləri hesab edir ki, Gülən önəmli din alimi və Allah dostudur. Dünyanın bir çox ölkəsində türk məktəblərinin açılmasını təşviq edib, bu ideyaya xeyir-dua verən önəmli bir insandır. Bu məktəblərdə təhsil alan gənclər öncəliklə İslama, öz cəmiyyətlərinə və Türkiyəyə sevgi ilə yetişdirilən, gələcəkdə öz ölkələri ilə Türkiyə arasında sevgi, dostluq körpüsü quracaq nəslin nümayəndələridir.

Digərləri hesab edirlər ki, mason lojasına bənzər bir cəmiyyət yaradıb. Həmin cəmiyyət mason lojasının prinsipləriylə fəaliyyət göstərir, imperialist-müstəmləkəçi qüvvələrin əlində bir alət olub, həm Türkiyənin, həm İslam toplumunun içində pozucu fəaliyyətlə məşğul olur, haqqın-ədalətin yanında yox, mənfəətin yanında durur. Məktəblər və digər təhsil ocaqları isə gəlir mənbəyidir, çünki çox böyük ödənişlər hesabına təhsil alınır orda. Mən isə hesab edirəm ki,Fətullah Gülən miqyasında insanlara dəyər vermək ücün zamana ehtiyac var.

- Qayıdaq ölkəmizə. Prezident seçkilərinin nəticələrinə Ədalət Partiyasının münasibəti də gözlənilməz oldu. Partiya rəsmi rəqəmlərin xalqın iradəsini əks etdirmədiyini, amma İlham Əliyevin seçildiyini bəyan etdi, lakin İlham Əliyevi də təbrik etməkdən imtina etdi. Bu ziddiyyəti necə izah edərdiniz? Səslər saxtalaşdırılmışdısa, İlham Əliyevin seçildiyini nəyə əsaslanaraq iddia etdiniz?

- Əvvəla, nədən Ədalət Partiyasının qərarı sizlər ücün gözlənilməz oldu? Hansısa bədxahların təşviqatının təsirinə sizlər də düşdünüz? Bizim bədxahlarımız - müstəmləkəçi qüvvələrin çətiri altında və hakimiyyətin irtica qanadının təsirində olanlardı. Siyasilərdən, politoloqlardan, jurnalistlərdən, “xalqı ücün canı yanan” fərdlərdən ibarət bu şəbəkə uzun müddət Ədalət Partiyasına qarşı qarayaxma kampaniyası aparır. Əslində bunların bizlərə belə münasibəti başadüşüləndir. Çünki Ədalət Partiyasının yürütdüyü siyasət nə bunların, nə də sahiblərinin maraqlarına uyğun deyil.

Bunlar iddia edirlər ki, Ədalət Partiyası hakimiyyətə qarşı loyal münasibət bəsləyir, bunlar kimi “radikal” deyil və bunun müqabilində millət vəkili mandati ilə mükafatlandırılıb.

Əvvəla, bizim partiyanın rəhbər qurumlarında təmsil olunanlar tarixi təsadüf nəticəsində ortaya cıxmayıblar, məşəqətli həyat yolu keciblər və hansı qərara nə zaman imza atmağı çox yaxşı bilirlər. Bizlərə təsir etmək nəticəsiz fəaliyyətdir. Müvafiq duruma görə, potensialımızı hesablayıb qərar veririk. Qərarlarımızın əsasını dövlət maraqları və üzvlərimizin təhlükəsizliyi təşkil edir. Radikal siyasət yürütmək bizim anlayışımızda silahlı mübarizədir, kimlərisə düşmən elan edib gizli sövdələşməyə getmək deyil.

Həm Musavat, həm AXCP zamanında uzun müddət Milli Məclisdə təmsil olunublar və bizlər onları buna görə hakimiyyətlə işbirliyində olduqlarını, əsaslarımız ola-ola, hec bir zaman ittiham etməmişik. Hesab etmişik ki, millətin gözü tərəzidir – kimin hansı məzhəbə qulluq etdiyini yaxşı görür. Bu iftiranı - millət vəkili mandatı müqabilində Ədalət Partiyasının loyal siyasət yürütməsi - ifşa edən həm bizim Milli Məclisdəki fəaliyyətimizdir, həm də bədxahlarımızın müttəfiqlərinin mövcudluğu. Ədalət Partiyasının Milli Məclisdə irəli sürdüyü çoxsaylı təşəbbuslərindən ikisini sizlərin diqqətinə catdırım. Məmurların və millət vəkillərinin bizneslə məşguliyyətinin qanunsuzluğu və icra strukturlarında təmsil olunan deputatların ya millət vəkili statusundan, ya da tutduğu vəzifədən kənarlaşdırılması. Hər ikisi də, digər təşəbbuslərimiz kimi, nəticəsiz qalıb. Budur “loyal” münasibət? Bizi hakimiyyətlə sövdələşmədə ittiham edənlərdən soruşmaq istəyirəm: nədən hakimiyyətə loyallıqdan da yaxın münasibətdə olan siyasi partiyalarla isti münasibətdə olub, dostluq-müttəfiqlik edirsiniz? Cavabı sadədir – eyni şəbəkənin üzvüdürlər.

Gercəklik bəzi qəzetlərdə təsvir olunandan fərqlənir. “İlham Əliyev rejiminin sonudur!”, “Biz gəlirik!”, “Qərbdən hakimiyyətə zərbə!” və sair, bu kimi aldadıcı təşviqat şuarlarını çox eşitmişik. İlham Əliyevin həm özünün, həm xanımının fəaliyyəti ictimai dəstəyi yətərincə təmin edir, amma elan olunan rəqəmlərlə yox. Heç bir siyasi partiyanın, liderin İlham Əliyev qədər nə dəstəyi, nə də resursu var. Hakimiyyətin ən böyük silahı isə insanların “bura Azərbaycandı” deyib, dəyişikliklərə ümidsiz olmalarıdır.

Secki qanunverciliyinin, səshesablama prosesinin təkmilləşdirilməməsi, partiya üzvlərimizdən secki zamanı aldığımız məlumat, və nəhayət, secki nəticələri bizlərə əsas verdi ki, seckilərin saxtalaşdırıldığını elan edək. Siz hesab edirsiniz, Sərdar Cəlaloğlu İqbal Ağazadədən, Zahid Orucdan az səs toplayib? Ailəlikcə xalq uğrunda məhrumiyyətlərə ducar olanlarla yağ-bal içində yaşayanlar arasında fərqi görmür bu millət?

Təbrik məsələsinə gəlincə... Bizlər ücün Prezident dövlətin rəmzlərindən biridir, dövlət maraqları tələb edəndə biz hər zaman onu müdafiə etmişik və edəcəyik, amma məddahlıq bizim işimiz deyil – qanımızda yoxdur.

- Ədalət Partiyasının, onun ayrı-ayrı funksionerlərinin seçki saxtakarlığına görə bütövlükdə hakimiyyəti yox, onun daxilindəki bir qruplaşmanı məsul tutması nə dərəcədə məntiqli bir yanaşmadır? Sizin bu mövqeyinizi bəzən hakimiyyət daxilindəki qruplaşmalar arasında mübarizədə tərəfə çevrilməyin əlaməti kimi qələmə verənlər də var. Bu iddialarla bağlı nə deyərdiniz?

- Ədalət Partiyası kimlərinsə yanında yer tutsa idi, bu görsənərdi. Hakimiyyətin yanında yer alan firqələr sizlərə də bəllidir. Bizim kifayət qədər əsaslarımız var hesab etməyə ki, hakimiyyət içində mağara düşüncəli, qaraqəlbli insanların rəhbərliyi altında, ciddi xarici dəstəyi olan bir mütəşəkkil cinayətkar qruplaşma mövcuddur. Bu qruplaşma artıq iqtidarın icində xərçəng metastazı kimi yayılıb. Bu örqütün hədəfi cəmiyyətimizdə daima qarşıdurmalar, gərqinliklər yaratmaqdır; azad,mütərəqqi insanları sındırıb neytrallaşdırmaqdır. Bu qruplaşma həm cəmiyyəti təhdid edir, həm də Prezidenti çıxılmaz vəziyyətə salır. Bu qruplaşma hətta dövlət strukturlarının mahiyyətini təhrif edib xalqına qarşı istifadə edir, toplumu özününkülərə və digərlərinə bölür. Nə prokurorluqda, nə polisdə, nə məhkəmədə, nə icra strukturlarında ədalət tapa bilir vətəndaş. Bu hallar dövlətimizin uçuruma yaxınlaşmasının qöstəricisidir. Əfsuslar olsun ki, bu dəstənin buyruğunda duran siyasilər, media kapitanları var.

Bizim məmləkət, cəmiyyət olaraq cox ciddi, coxşaxəli islahatlara ehtiyacımız var. Və bu islahatların keçirilməsini də əngəlləyir bu qruplaşma.

Bircə misal çəkim, bizim Qarabağdan sonra ən boyük dərdimiz korrupsiyadır. Prezidentin sərəncamıyla korrupsiyayla bağlı dövlət komissiyası formalaşdırılıb. Hanı bu komissiyanın fəaliyyəti? Əksinə, bu komissiyada yer tutan müxtəlif adamlar, onların rəhbərlik etdikləri qurumlar mütamadi olaraq cəmiyyət tərəfindən korrupsiyada ittiham olunurlar.

Hüquqşünas kimi deyirəm ki, tək bir adam hər şeyə görə cavabdehlik daşıya bilməz, hərə öz sahəsinə cavab verməlidir.

- Ədalət Partiyasının prezident seçkilərinə münasibətinə əsaslanaraq belə iddia irəli sürənlər var ki, hakimiyyət bu partiyanı parlament partiyası statusundan məhrum etmək siyasətini aparacaq. Sizcə, qarşıdan gələn parlament seçkilərində hakimiyyətin sərt müqaviməti ilə rastlaşmaq ehtimalınız varmı? Ümumiyyətlə, parlamentdə təmsilçiliyin sizin üçün əhəmiyyəti nədən ibarətdir?

-Mənim varlığımın əsasını hansısa status, vəzifə yox, dünyagörüşüm, imanım təşkil edir. Mənim siyasətdəki hədəfim – Qarabağ və müstəqil, ədalətli, imanlı Azərbaycandır. Şəxsən mənim üçün millət vəkili statusunun əhəmiyyəti o qədər də böyük deyil, çünki bu günkü millət vəkilinin gerçəkdən hec bir imkanı yoxdur, səlahiyyətləri deklarativ xarakterlidir. Ədalət Partiyasına kim necə münasibət göstərəcəksə, onun da qarşılığını qörəcək.

- Bir çoxlarının fikrincə, Ədalət Partiyasının hazırki siyasi kursunda şəxsən Sizin iradənizin ifadəsi kifayət qədər yüksəkdir. Bunun məntiqi davamı olaraq yaxın gələcəkdə “Ədalət”in sədri postunu tutmaq, parlament seçkilərinə qatılmaq, bir sözlə, ortaya real siyasi iddia qoymaq niyyətiniz varmı?

- Bəyəm, siyasi mübarizə hər hansı vəzifəni tutmaqla məhdudlaşır? Ədalət Partiyasının bütün üzvləri eyni haqqa və məsuliyyətə malikdirlər. İndi bizi qane edən sədrimiz var, nə zamansa məsləhət olsa yığışıb, məsləhətləşib içimizdən birisinin arxasında dayanacağıq. Bizi bu gün mütəşəkkil, əqidəli insanlardan təşəkkül tapan Ədalət Partiyasının olması düşündürür. Qüsurlarımız, zəifliklərimiz hələ çoxdur.

Mənim iradəmin partiyada hakim olduğu haqqında məlumatınız həqiqətə uyğun deyil. Ədalət Partiyasında firqə maraqlarını şəxsi maraqlardan üstün tutanların mövqeyi hakimdir. Bütün qərarlar məşvərətlə qəbul olunur. Partiyanın rəsmi mövqeyi bəyanat vasitəsiylə açıqlanir, yaxud partiya sədri tərəfindən ifadə olunur.

- Belə söz-söhbətlər eşidilir ki, əvvəllər Ədalət Partiyasının sədr müavini olmuş hazırki iş adamı İlham Rəhimovla İlyas İsmayılovun münasibətlərindəki gərginlik birincinin təşəbbüsü ilə aradan qalxıb. Digər tərəfdən tanınmış hüquqşunas Aslan İsmayılov bildirib ki, Ədalət Partiyası İlham Rəhimovun parlaq nailiyyətlərinə qısqanclıqla yanaşır. Bu haqda fikirlərinizi öyrənmək maraqlı olardı.

- Aslan bəyin bu fikri ilə tanışam. Hətta bizlərə mətbuat vasitəsiylə bir sual da unvanlamışdı ki, Ədalət Partiyası nə zaman qeydiyyatdan kecib? Əvvəla bildirmək istəyirəm ki, kimsə kiməsə yarınmaq, məddahlıq etmək istəyirsə etsin, bizləri bəhanə etməsin. Mənim İ.Rəhimova qısqanclığım ola bilməz, çünki o mənim ücün qibtə olunası adam deyil. Məni kiminsə pulunun miqdarı, kiminsə kölgəsində durması yox, daxili aləmi, dünyagörüşü, amalı maraqlandırır. Mən “Yeni Musavat” qəzeti deyiləm ki, yeri gəldi-gəlmədi İlham Rəhimov haqqında danışıb onu təbliğ edəm... O mənim keçmişimdir, bu günüm və gələcəyim deyil. İlyas İsmayılovla onun münasibətlərinin durumunun mənə aidiyyəti yoxdur.

Aslan bəy mənim evimdə tonla cörək yeyib, mən də onun evində hər zaman sayqı və istilik görmüşəm. Arada olan xətir-hörməti qaldırmaq istəyirsə - buyursun. Eyhamla sual verməsin, nə demək istəyirsə açıq desin. Özünə güvənirsə, oturaq üz-üzə, bir-birimizə suallar verək, cavabları cəmiyyət eşitsin. Amma mən heç kimə bizim çomağımıza buynuz sürtməyi məsləhət görmürəm.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar