NEFT BAZARINDAKI QİYMƏT ŞOKUNUN 3 AYLIQ TƏSİRİ - İtirilən milyardlar...
Büdcə kəsirdə qaldı, idxal artdı, ixrac azaldı...
Resurslardan asılı iqtisadiyyatın xarakteri belədir: dünya bazarlarında xammal və resursların qiymətləri yüksəkdirsə, həmin iqtisadiyyatın kəmiyyət göstəricilərində həmişə artım və böyümə müşahidə edilir. Ona görə də yüksək qiymətlər dövründə resurs iqtisadiyyatında baş verən real prosesləri yalnız keyfiyyət göstəriciləri əsasında qiymətləndirmək mümkün olur.
Son 10 ildə neft ölkələri 2 dəfə qiymət şoku yaşayıb: 2009-cu ildə xam neftin dünya bazar qiymətləri 140 dollardan 35 dollara, 2015-ci ilin ilk aylarında isə 115 dollardan 45 dollaradək ucuzlaşdı. Azərbaycanın nümunəsində yalnız bir rəqəmə diqqət yetirmək kifayətdi - 2009-cu ildə ÜDM-in nominal həcmi əvvəlki ilə nisbətən 12, büdcə gəlirləri isə 2 faiz azalmışdı. Halbuki əvvəlki 5 ildə ÜDM-in orta illik artımı 15-20,ÿbüdcə gəlirlərinin artımı isə 35-40 faizdən az olmamışdı.
Oxşar vəziyyət 2015-ci ilin arxada buraxdımız ilk 3 ayında yenidən təkrarlanıb: ötən ilin yanvar-mart ayına nisbətən ÜDM-nin nominal həcmində təxminən 12 faiz (1.6 milyard manat) azalma baş verib. Doğrudur, iqtisadiyyat üçün ÜDM-in real artımı daha əhəmiyyətlidir. Çünki nominal ÜDM manatla ölçülən, real ÜDM isə məhsulun həcmilə ölçülən ÜDM-dir. Bütövlkdə cəmiyyətin həyat vasitələri ilə təminat səviyyəsi real ÜDM-dən asılıdı - ölkə hər il natural ölçülərlə nə qədər çox məhsul istehsal edirsə, ölkədə həyat səviyyəsi daha da yüksək olur.
Amma nominal ÜDM də olduqca mühüm göstəricidi. Çünki gəlirlərin yaranması hesabı üzrə ÜDM-i formalaşdıran elementləri nəzərə alsaq, bura hökumətin istehsala və idxala tətbiq etdiyi vergi daxilolmaları, muzdlu işçilərin əmək haqqı gəlirləri, sahibkarların mənfəəti və mülkiyyətdən gəlirləri daxildir. Bir sözlə, hökumətin büdcə gəlirlərinin, insanların maaşlarının və biznesin mənfəət və gəlirlərinin cari həcmi bilavasitə ÜDM-in nominal həcmindən asılıdı. Bu səbəbdən ilin ilk rübündə ÜDM-in nominal həcmində qeydə alınan kəskin enmə meyli il ərzində davam edərsə, bu, bir sıra kəmiyyət göstəricilərində də azalmaya səbəb olacaq.
2015-ci ilin büdcəsində Neft Fondundan transfertlər 2014-cü ilə nisbətən 11 faiz (1 milyard manat) çox nəzərdə tutulsa da, bu ilin ilk rübdə ötən ilin 3 ayına nisbətən transfertin həcmi 17 faiz və ya 400 milyon manat az olub. Son illərdə nə rüblərin, nə də ilin yekununa görə icmal büdcədə defisitin yaranması baş verməmişdi.
Bu ilin yanvar-mart aylarının nəticəsinə görə, icmal büdcədə 600 milyon manat kəsir yaranıb. Halbuki 2013-2014-cü illərdə ilin ilk rübündə icmal büdcədə 500-700 milyon manat intervalında profisit qeydə alınmışdı. Öz növbəsində 3 ayın nəticələrinə görə, dövlət büdcəsində 251 milyon manatlıq kəsir yaranıb. Ötən dövrdə dövlət büdcəsinin xərcləri 175 milyon manat (4 faiz) azalıb. Hökumətin ən çox ixtisar etdiyi xərc maddəsi investisiyalar olub - büdcə sərmayələrinin həcmi 717 milyon manat (34 faiz) azalıb.
Ticarət balansının pofisiti ötən illə müqayisədə 4 dəfəyədək azalaraq, 3.613 milyard dollardan 955 milyon dollara enib. Ölkənin maliyyə və kapital əməliyyatları üzrə hesabında, həmçinin xidmətlər balansında ənənəvi olaraq yüksək kəsirin yarandığını nəzərə alsaq,ticarət balansında profisitin bu cür kəskin azalması ölkənin ödəmə balansında ciddi problemin yaranacağını indidən proqnozlaşdırmağa imkan verir.
Xarici ticarətdə daha maraqlı bir məqam: Büdcənin ağır durumu ilə bağlı belə proqnozlar var idi ki, hökumət gömrükdə qeyri-leqal ticarətin leqallaşdırılması yolunu tutacaq. Amma 3 ayın nəticələri bu proqnoz və gözləntiləri təsdiqləmir.
Rəsmi yanaşmalara rəğmən, dünyada baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Bizim nümunəmizdə faktlar və rəqəmlər rəsmi bəyanatlardan qat-qat güclüdü - reallıq bu qədər sadə.
Rövşən Ağayev
Meydan.tv
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.