Gömrük Komitəsində müdhiş maxinasiya

Azərbaycana idxal olunan ərzağın həcmi gizlədilir

Dövlət Gömrük Komitəsindən mətbuata verilən açıqlamada bu ilin 11 ayında Azərbaycanın idxalatında ərzağın xüsusi çəkisinin 10,6 faiz olduğu bildirilib. Məlumata görə bu, ötən ilin eyni dövründəkindən 0,7 faiz çoxdur. Komitə ərzaq idxalının ümumən 8,1 faiz artdığını bəyan edib.

Ilin əvvəlindən ərzaq idxalı həcmi 1 milyard 38 milyon dollar olub. Idxalın üçdə birindən çoxu buğdanın payına düşüb - 362 milyon dollar. Bu, ötən ilin eyni dövründəkindən 21 faiz çoxdur. Mütəxəssislərə görə, buğda tələbatının yarıdan çoxu idxalla təmin edilir.

Şəkər idxalı 10,8 faiz artaraq 176 milyon dollar olub. “Azersun Holding” MMC-nin Imişli zavodunda emaldan sonra ölkədən 223,8 milyon dollar məbləğində şəkər ixrac edilib.

Bu il ət (7,6 faiz), kərə yağı (29,5 faiz), meyvə-tərəvəz (50,5 faiz) tədarükü azalıb.

11 ayda yerli ərzaq istehsalı 2,8 faiz artaraq 2 milyon 369 min manat (2 milyon 866 min dollar), içki istehsalı 14,7 faiz artaraq 174,5 milyon manat (195,5 milyon dollar) təşkil edib. Kənd təsərrüfatı məhsulları istehsalı 4 milyon 490 min manat (4,8 faiz artım) olub.

Hökumət bəyan edir ki, bir çox yeyinti məhsullarına tələbat yerli istehsalla təmin edilir və yaxın illərdə idxala tələbat minimuma enəcək.

Iqtisadçı-ekspert Qubad Ibadoğlu sözügedən məqamları şərh edərək Azərbaycanda daxili bazarın, xüsusilə də ərzaq bazarının ciddi şəkildə xaricdən asılı olduğunu bildirir. Ekspertə görə, təqdim edilən rəqəm ölkədə ərzaq təhlükəsizliyinin təminatıyla bağlı səslənən bəyanatların əsassız olduğunu göstərir. Eyni zamanda bu, yerli istehsalın idxalı əvəz edən sahələrdə, həm regionlarda, həm də digər yerlərdə inkişaf etdirilməsiylə bağlı aparılan siyasətin nəticələriylə uzlaşmır: “Bu tipli bəyanantlar daim, kifayət qədər olub, müşavirələr keçirilib. Azərbaycanda artıq yerli istehsalın idxalı əvəz etdiyi, tələbatı ödədiyi barədə bəyanatlar eşidilir. Eləcə də bir çox məhsulların ölkə daxilində istehsal edildiyi bildirilir. Lakin adicə mağazaların piştaxtalarına diqqət edəndə deyilənlərin doğru olmadığı görünür. Ərzaq məhsullarından misal üçün, kərə yağı kənardan gətirilir. Digər kənd təsərrüfatı məhsullarında da idxalın böyük payı var. Qeydiyyatdan keçən və keçməyən məhsulları nəzərə alsaq, hazırda idxalın çox olduğunu görərik”.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər həm də müdhiş maxinasiyadan xəbər verir. Təsəvvür edin, komitə bəyan edir ki, bu ilin 11 ayı ərzində ölkəyə ərzaq idxalı 1 milyard 38 milyon olub. Bu rəqəmi əhalinin sayına - 9 milyona böldükdə ay ərzində adambaşına təxminən 111 dollar düşür. Yəni, gömrük komitəsinin açıqlamasından belə çıxır ki, 11 ay ərzində hər bir vətəndaş ərzağa 111 dollar pul xərcləyir. Bu ay ərzində 10 dollar edir. 10 dollar isə 1 kiloqram kərə yağına belə bəs etmir. Biz hələ buğdanın və şəkərin payına düşəni burdan çıxmırıq. Iddia edilə bilər ki, burada söhbət ölkəyə idxal olunan ərzaq məhsullarından gedir. Azərbaycanda aqrar sektorun yox dərəcəsində olduğu sirr deyil. Aqrar sektor da ona görə yox dərəcəsindədir ki, ərzaq məhsullarının əhəmiyyətli hissəsi idxal olunur. Və idxal mafiyası yerli istehsalın inkişafında maraqlı deyil.

Beləliklə, aydın olur ki, Azərbaycana idxal olunan ərzaq məhsullarının həcmi gizlədilir. Hər halda gömrük komitəsinin açıqladığı rəqəmlər belə deməyə əsas verir.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar