İKİ BANK MÜFLİS OLMAQ TƏHLÜKƏSİLƏ ÜZLƏŞİB - "Parabank" və "Zaminbank"

Hər iki bankın maliyyə göstəriciləri xeyli pisləşib, “Zaminbank”da hesabdan pul götürmək müşkülə çevrilib; “Parabank” ASC-nin nizamnamə kapitalı (27,5 milyon manat), tələb olunan minimumdan (50 milyon manat) 2 dəfəyə yaxın azdır

Gələn il iki bank - “Zaminbank” və “Parabank” müflis elan edilə bilər. Hər iki bankın maliyyə göstəriciləri xeyli pisləşib. Xüsusilə də “Zaminbank”da vəziyyət daha gərgindir. Bu bankda hesabı olan müəssisələr üçün pullarını çıxartmaq əsil müşkülə çevrilib. Pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verilməlidir. Halbuki normal banklarda hesabdan pul çıxarmaq üçün sifarişə ehtiyac yoxdur, yəni istənilən bank günü (istirahət və bayram günlərindən başqa) problemsiz pul çıxartmaq olar.

Bu barədə “Yeni Müsavat”a bank sektorundakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, “Zaminbank”ın rəhbərliyi müxtəlif mənbələrdən banka maliyyə cəlb etmək istəsələr də, cəhdləri alınmayıb. Ona görə də sonuncu ümid yeri kimi əmanətlərin həcmini artırmaq üçün stimullaşdırıcı layihələr həyata keçirməyə məcbur olublar. “Zaminbank” özünün 21 illiyi münasibətilə əmanət faizlərini artırıb. Azərbaycan manatı ilə və ABŞ dolları ilə yerləşdirilən əmanətlər illik 12 faizlə qəbul olunacaq. Burada bank hətta istehlakçı hüquqlarını pozmaqdan belə çəkinməyib. Bank rəsmən bəyan edib ki, “Zaminbank”da yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Əslində isə “Zaminbank” reklamında potensial müştərilərini aldadır. Çünki Mərkəzi Bankın qəbul etdiyi qərara görə, avqustun 1-dən etibarən yalnız illik 10 faizə qədər əmanətlərin sığortalanması mümkündür. Bu qərara qədər isə 12 faizə qədər qoyulan əmanətlər sığortalanırdı. “Zaminbank” müştərilərinə yanlış məlumat verməklə, həm istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyi, həm də Mərkəzi Bankın qaydalarını pozub.

Bu isə müştərilər üçün böyük risklər yaradır. Yəni bank müflis olarsa (bu ehtimal da kifayət qədər yüksəkdir), əmanətçilərin pulları batacaq. “RoyalBank” müflis olarkən əmanətçilərin əksəriyyəti bu aqibəti yaşadı - əmanətlərin 71 faizi batdı. İndi “ZaminBank”ın da müştəriləri oxşar aqibətlə üzləşmək təhlükəsini yaşayır.

Böyük ehtimalla “Zaminbank” maliyyə resurslarını artırmaq üçün bu qanunsuzluğa əl atıb. Mərkəzi bankın ötən ilin avqustunda qəbul etdiyi qərara görə, 2014-cü ilin yanvarın 1-nə qədər bankların nizamnamə kapitalının minimal həddi 10 milyon manatdan 50 milyon manata qədər artırılıb. Bu yaxınlarda isə Mərkəzi Bank bu həddə çatmaq üçün banklara daha 1 il möhlət verib. Yəni 2015-ci ilin yanvarın 1-nə qədər minimum nizamnamə kapitalının həddi 50 milyona çatmalıdır. Bəzi banklar, o cümlədən də “Zaminbank” bu şərti yerinə yetirməkdə çətinlik çəkir, banka maliyyə resursları cəlb edə bilmirlər. Ona görə də “Zaminbank” müştəriləri aldatmaq yolu ilə banka qoyulan əmanətlərin həcmini artırmağa çalışır.

Eyni problemlə “Parabank” da üzləşib. Hazırda “Parabank” ASC-nin nizamnamə kapitalı 27,5 milyon manatdır. Bu isə tələb olunan minimumdan (50 milyon manat) 2 dəfəyə yaxın azdır. Bank maliyyə çatışmazlığından əziyyət çəkir və kənar mənbələrdən maliyyə resursları cəlb edə bilmir. Ona görə də qarşıdakı ildə bu göstəricinin tələb edilən minimuma çatdırılması real görünmür. İndiki şərtlər daxilində qarşıdakı 12 aya banka 22,5 milyon manat vəsait cəlb etmək çətin məsələ sayılır.

Bank sektorundakı mənbə iddia edir ki, hər iki bankın lisenziyasının ləğv edilməsi realdır və gələn il “Royalbank” şoku təkrarlana bilər.

Mərkəzi Bankın bir neçə gün öncə yaydığı rəsmi bəyanatda bildirilir ki, bank sektorunun məcmu kapitalı son 16 ayda, yəni AMB-nin minimal kapital həcmini 50 milyon manata çatdırılması qərarından sonra 1,2 milyard manat və ya 57 faiz artıb. Bu dövrdə nizamnamə kapitalı 100 milyon manatdan çox olan bank sayı 3-dən 8-ə artıb. Bankların 95 faizinin minimum nizamnamə kapitalı 50 milyon manatı keçir.

Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, 50 milyonluq baryeri aşa bilməyən 5 faiz bank elə “Parabank” və “Zaminbank”dır: “Ölkədə 45 bank fəaliyyət göstərir. Sadə riyazi hesablamalardan istifadə etsək, bu iki bankın cəmi bankların 4,4 faizini təşkil etdiyini görərik. Mərkəzi Bank da bu ədədi yuvarlaq götürüb. Gələn il hər iki bankın mövcudluğuna son qoyması çox realdır”.

“Parabank 1991-ci il dekabrın 3-də təsis edilib. Bakıda 9, Gəncədə 2, Sumqayıt, Bərdə, Ağcabədi, Beyləqan, Quba və Şəmkirdə 1 filial fəaliyyət göstərir. Səhmdarları E.Quliyev (17,39 faiz) T.Hacıyeva (17,30 faiz) A.Quliyeva (17,39 faiz), V.Quliyev (15,40 faiz), E.Quliyevdir (13,01 faiz). Minoritar (kiçik) səhmdarların sayı 14-dür və bankın kapitalında onların ümumi payı 19,51 faizdir.

“Zaminbank” 1992-ci ildə təsis edilib. Ölkə üzrə 38 filialı və 17 bank şöbəsi var. Səhmdarlar Nadir İsmayılov, Mahir İsmayılov və Yelizaveta Mileşkinadır. Bankın saytında hansı səhmdarın nə qədər səhmə sahib olduğu göstərilməyib.

Məsələ ilə bağlı hər iki banka zəng etsək də sorğumuza cavab verən tapılmadı. Bununla belə, hər iki bankın mövqeyini dərc etməyə hazırıq.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar