“Türkiyədə hökumət bir an əvvəl hüquq çərçivəsinə qayıtmalıdır”

“Rüşvət və qanunsuzluq iddialarının, içindən dollarlar çıxan ayaqqabı qutularının 30 martdakı bələdiyyə seçkisində AKP-nin reytinqinə mənfi təsir göstərəcəyinə inanıram”

60 və 61-ci Ərdoğan hökumətlərinin mədəniyyət və turizm naziri, dekabrın 17-də başlayan korrupsiya və rüşvət əməliyyatı ilə əlaqədar AKP sıralarından istefa verən İzmir millət vəkili Ərtuğrul Günayın APA-nın Türkiyə müxbirinə müsahibəsi

- 17 dekabrdan başlayan prosesləri neçə şərh edərsiniz?

- İstanbul prokurorluğunun 17 dekabrda başlatdığı əməliyyatda ciddi şəkildə rüşvət və qanunsuzluq faktları ortaya çıxdı. Nazir övladları, bank müdiri, Türkiyədən xaricə külli miqdarda qızıl ixrac edən iş adamı həbs edildi. Bu iddialar ucbatından hökumətin dörd naziri kreslosuyla vidalaşmalı oldu. Türkiyə şəffaflaşmaq və haqq-hesab verə bilmək istiqamətində mühüm addım atmaq mərhələsinə gəlməli olduğu halda, baş nazir ortaya çıxan fakt və iddiaları ört-basdır etmək üçün əlindən gələni edir. Polis orqanlarında təpədən-dırnağa kadr dəyişiklikləri etməklə qalmayıb, prokuror və hakimlərin öz vəzifələrini yerinə yetirmələrinə qanunları dəyişdirmək yoluyla hər cür əngəl törədir. Təsəvvür edin ki, prokurorlar insanları ilkin təhqiqata cəlb etmək üçün polisə təlimat verir, ancaq polis rəisi prokurorların təhqiqat və istintaqa cəlb etmək istədiyi insanların prokurorluğa getməsinin qarşısını alır. Bunun son örnəyini Hatayın Reyhanlı qəsəbəsində gördük: Suriya tərəfə getmək istəyən maşının yoxlanılması üçün prokurorluq məhkəmədən qərar çıxartdırır, ancaq daxili işlər naziri valiyə təlimat göndərir, vali də şübhəli maşında axtarış aparılmasını əngəlləyir. Bunlar qəbul ediləcək şeylər deyil, baş nazir bu yoldan geri addım atmalı, prokurorluq və məhkəmələrin öz səlahiyyətləri daxilində vəzifələrini icra etmələrinə mane olmamalıdır. Baş naziri bir an əvvəl hüququn çərçivəsinə dönməyə dəvət edirəm, əks-təqdirdə Türkiyədə böhran və xaos dərinləşəcək və bundan böyük zərər görəcəyik. Prokurorluq təhqiqatlarının ucu haraya qədər gedərsə-getsin, hökumətin buna əngəl olmağa haqqı yoxdur. Baş nazir hər gün bir neçə meydanda çıxış edərək prokurorluq və ədliyyə işçilərinə təhdid sovurmağa davam edərsə, bu işlər dalana dirənər.

- Sizcə, bu tıxanmanın önü necə açılacaq? Çünki Türkiyədə “paralel dövlət yapılanması”ndan da söhbət gedir.

- Baş nazir və hökumətin digər üzvləri hüquqa müdaxilə etmə cəhdlərinə son qoymalı, hökumət bir an əvvəl hüquq çərçivəsinə qayıtmalıdır. Prokurorluq və məhkəmə orqanlarının öz fəaliyyətlərini sərbəst şəkildə yerinə yetirmələrinə imkan yaradılmalıdır. Baş nazir gündə bir neçə dəfə mitinqlərdə çıxış edərək prokurorları, hakimləri hədəfə alır, bunlar qəbul edilə biləcək şeylər deyil. Əməliyyatlarda polis qüvvələri prokurorluğun təlimatlarını yerinə yetirməlidir - qanun bunu əmr edir. İndi elə vəziyyət yaranıb ki, prokurorluğun və məhkəmənin tələblərinə baxmayaraq, polis qüvvələri şübhəli şəxsləri istintaqa cəlb etməkdən boyun qaçırır, çünki polis rəisləri və valilər onlara icazə vermir. Belə şey ola bilməz. Hüquq qaydalarına tamamilə zidd olan bu durum beynəlxalq miqyasda da yoxdur. Yaranmış vəziyyətdən yeganə çıxış yolu hüquq orqanlarının öz vəzifələrini yerinə yetirməsinə şərait yaratmaqdır. Baş nazirin meydanlarda Hakimlər və Prokurorlar Yüksək Şurasını hədəf alması da qəbul edilə biləcək durum deyildir. “Paralel dövlət yapılanması”nı baş nazir, hökumət üzvləri, iqtidar partiyasının millət vəkilləri də deyirlər. Polis və ədliyyə orqanlarında bir dini icmaya mənsub olan kadrların kök salmasından söhbət gedir. 17 dekabrdan sonra baş nazirin təlimatıyla polis orqanlarında çox ciddi kadr dəyişiklikləri edildi və proses davam edir. Elə isə keçən ilin iyununda Gəzi hadisələrində polis vətəndaşlara aşırı qüvvə tətbiq edəndə biz etiraz etmiş, baş nazir isə “Mənim polisim dastan yazdı” - deməklə qalmayıb onları mükafatlandırmışdı. İndi isə polisdə radikal kadr dəyişiklikləri edir. Vətəndaşa divan tutanda mükafatlandırılan polis qüvvələri indi “Paralel dövlət yapılanması”nın ünsürləri olaraq təqdim edilir. Hüquq dövlətində bu cür şeylər ola bilməz. Demək ki, polis baş nazirin əmrlərini yerinə yetirəndə “qəhrəman” olur, ancaq qanunun tələbələrini yerinə yetirməyə gələndə ölkədə “paralel dövlət” olduğu ortaya çıxır. Prokurorluq və məhkəmələrin işinə əngəl törətməklə baş nazir suça yol verir. Bu işlər bu cür getməz, bu gün olmasa da, sabah hər şey ortaya çıxar.

- Türkiyədə prokurorluq və məhkəmə orqanlarının tərkibi 12 sentyabr 2010-cu ildə keçirilən Konstitusiya dəyişikliyi referendumundan sonra dəyişdirildi. Hökumət referendum paketini prokurorluq və ədliyyə orqanlarını öz nəzarətinə keçirmək üçün səsverməyə çıxarmışdımı?

- Biz Türkiyənin prokurorluq və ədliyyə sistemində dəyişiklik edərkən Anadoludakı hakim və prokurorların da yüksək məhkəmələrdə və prokurorluq orqanlarında, böyük şəhərlərin ədliyyə sistemində vəzifələrə gəlmələrini nəzərdə tutmuşduq. Konstitusiya dəyişikliyi referendumunda səsverməyə təqdim etdiyimiz paket 58%-lə qəbul edildi. Biz ədliyyə orqanlarında kadrların sayını artırmaqla görülən işlərin keyfiyyətini yüksəltməyi nəzərdə tutmuşduq. Təəssüf ki, bəzi istintaq və məhkəmə proseslərində ciddi qanun pozuntuları və ədliyyə orqanlarındakı kadrlaşmalar ölkəmizdə demokratiyanın dərinləşməsinə yardım etmədiyi kimi, hüquq orqanlarıyla bağlı xeyli mənfi iddianın meydana çıxmasına səbəb oldu. Buna baxmayaraq, 17 dekabrdakı əməliyyatdan sonra baş nazirin etdiyi kimi, ədliyyə orqanlarının işi qətiyyən əngəllənə bilməz. Yeni islahatlarla prokurorluq və məhkəmə orqanlarının işi təkmilləşdirilə bilər, ancaq baş nazirin ədliyyə orqanlarının öz vəzifəsini yerinə yetirməsinə əngəl olma cəhdləri ciddi suçdur və bundan bir an əvvəl vaz keçilib, hüququn yolu açılmalıdır. Bayaq verdiyim Hatay örnəyini bir daha təkrarlamaq istəyirəm: prokurorluq və məhkəmə bir maşını nəzarət altına alıb axtarış aparmaq istəyir, ancaq valilik mərkəzdən aldığı təlimatla buna icazə vermir. Bu, qanuna da ziddir, beynəlxalq hüquqda buna bənzər hadisələr ancaq totalitar rejimlərdə olur.

- Vəzifədə olduğunuz son illərdə bəzi məsələlərlə bağlı baş nazirlə düşüncələrinizin üst-üstə düşmədiyini gördük, xüsusilə şəhər yapılanmalarında etirazlarınıza şahid olduq. Bu barədə bizə məlum olmayan nöqtələri paylaşmaq istərdinizmi?

- 2007-2011-ci illər arasında bir çox məsələdə baş nazirlə ahəngdar çalışdıq və önəmli işlər həyata keçirdiyimi düşünürəm. 2011-ci ildəki seçkidən sonra isə baş nazir hər şeyi öz əlində cəmləşdirməyə çalışdı və müəyyən məsələlərdə fikirlərimiz haçalandı. Xüsusilə, şəhər yapılanmasında tarixi binaların siluetlərini pozan yeni binaların tikilməsinə etiraz etdim, arxeologiya abidələrinin qorunmasında təkid etdim. Ancaq 2011-ci ildə qurulan hökumətdə Ətraf Mühit və Şəhərçilik Nazirliyi də var və baş nazir mənim dediklərimi yox, o nazirliyin təkliflərini diqqətə aldı. 2011-ci ilin iyulunda yeni hökumət qurulandan sonra və 2012-ci ilin əvvəlindən axırına qədər mən öz düşüncələrimi mətbuatda və sosial mediada daima vətəndaşlara çatdırdım. İndi siluetlər məsələsində baş nazirin etirafları mənim nə qədər haqlı olduğumu ortaya qoyur. Tarixi-arxeoloji abidələrə o vaxt göstərdiyim həssaslıq da mənim haqlı olduğumu sübut etdi. Bu gün meydana çıxmış rüşvət, qanunsuzluq, “dövlətdə paralel yapılanma” məsələləri isə mənim o vaxtlar gündəmə gətirdiyim məsələlər arasında yer tutmurdu, mən öz sahəmlə bağlı etirazlarımı dilə gətirməkdən heç vaxt çəkinməmişəm. Baş nazirin o vaxt məni yox, ətraf mühit və şəhərçilik nazirini dəstəkləməsinin üzərindən çox keçmədən kimin haqlı olduğu da ortaya çıxmışdır. Sənətə, arxeologiyaya, tarixi abidələrə rəhmsiz kapitalist yanaşma tərzi və sanki vəhşicəsinə daş yapılaşması, təəssüf ki, Türkiyə kapitalizminin bariz xüsusiyyətlərindən biridir və mən həmişə buna qarşı çıxdım.

- Siz Türk siyasətinə həmişə fəlsəfi yanaşma nümayiş etdirən siyasətçisiniz. Bu çərçivədə 17 dekabrdan üzü bəri yaşanan böhranı Türk sağının öz fəlsəfəsini yarada bilməməsinin növbəti böhranı kimi xarakterizə etmək mümkündürmü?

- Təəssüflə deməliyəm ki, Türk sağı öz fəlsəfəsini yarada bilməyib və kapitalizmin - beynəlxalq kapitalizmin sözçüsü rolunu oynayır. Əməyi daha çox istismar etmək, təbii sərvətləri daha çox yağmalamaq, dövlətin malını daha çox oğurlamağa çalışmaq sanki Türk sağının ənənəsi halına gəlib. Menderesin Demokrat Partiyasının, Dəmirəlin Ədalət Partiyasının, Özalın Ana Vətən Partiyasının getdiyi yolu, təəssüf ki, indi də Tayyip Ərdoğanın Ədalət və İnkişaf Partiyası gedir. Türkiyədəki kapitalizm daha çox istehsal yox, istehlak düşüncəsi üzərində qurulduğuna görə, ondan nə dürüstlük gözləmək olar, nə də humanizm. Elə isə bizim ənənəvi mədəniyyətimiz daha çox sərvət sahibi olub daha çox xərcləmək yox, daha çox qənaət edib daha sadə yaşamaq üzərində qurulub. Türkiyədə sağ siyasətin fəlsəfəsi bu prinsiplər yox, vəhşicəsinə istehlak edən kapitalizmin prinsipi üzərində qurulduğuna və ölkəmizdə kapitalizm öz dinamikasıyla inkişaf etmədiyinə görə, bütün sağ iqtidarlar bu böhranı yaşayır və qurulan partiyalar bu və ya digər şəkildə tarixdən silinib gedir. Bunun son örnəyi Özalın Ana Vətən Partiyasıdır.

- Bəs sol? Sizcə, bu böhran Türkiyədə yeni bir sol siyasət fəlsəfəsinin yaranmasına zəmin hazırlaya bilərmi?

- Mən Şərq ölkələrinin siyasəti üçün “sağ” və “sol” terminlərinin işlədilməsinin əleyhinəyəm. “Sol” termininin yerinə “bərabərlikçi”, “əməyə sayğlı”, “insan haqlarına hörmət edən”, “şəxs mərkəzli” və s. terminlərin işlədilməsinin tərəfdarıyam. Əlbəttə, hər bir böhran artıq zəmanənin tələblərinə ayaq uydura bilməyən siyasi qurumları xalqın səsverməsi yoluyla çıxdaş edir, səhnəyə yeni siyasi qurumlar çıxır. Bu baxımdan mən Türkiyədə insan şəxsiyyətini ön plana çıxaran sol siyasət fəlsəfəsinin yaranacağına inanıram. Yaxın 3-5 il içində bunu görəcəyik. Bunu dünyanın gerçəklikləri də diqtə edir. Ancaq yeni siyasət fəlsəfəsini hansı kadrlar yaradacaq, işin qabağına kimlər düşəcək - bunu indidən söyləyə bilmirəm. Gəzi ruhu Türkiyə üçün önəmli bir oyanma və müqavimət nöqtəsi olmuşdur - baş nazirin bunu düzgün oxuya bilməməsi indi yaşadığımız böhranın başlanğıc nöqtəsini təşkil edir. İndi Türk solu Avropa sosial-demokratiyasının fotosurətidir, ancaq yeni solun fəlsəfəsi bizim milli-ənənəvi dəyərlərimizi özündə ehtiva etməlidir. Türkiyənin yeni dönəmində Gəzi ruhunun müstəsna yeri olduğunu düşünürəm.

- Az müddət sonra Türkiyədə bələdiyyə seçkisi keçiriləcək. Sizcə, 17 dekabr əməliyyatı nəticəsində ortaya fakt və iddialar bələdiyyə seçkisində hökumətin reytinqinə mənfi təsir göstərəcəkmi?

- 1969-da yenə bu şəkildə bir böhran olmuşdu, mərhum Ecevit ondan istifadə edərək yeni siyasət fəlsəfəsiylə CHP-ni iqtidara gətirmişdi. 1998-də Məsut Yılmazın hökuməti böhran yaşamış və ondan qısa müddət sonra keçirilən seçkidə Ecevit yenidən iqtidara gəlmişdi. 2001-dəki iqtisadi böhran növbəti ildə AKP-nin iqtidara gəlməsinə səbəb olmuşdu. İndi hökumət tərəfdarı olan ictimai rəy sorğusu şirkətləri xalqı yönləndirməyə çalışaraq, rüşvət və qanunsuzluq əməliyyatından sonra iqtidarın reytinqinin yüksəldiyini söylətdirirlər. Siyasi təcrübəm göstərir ki, Türkiyədə rüşvət və qanunsuzluğun ortaya çıxması istənilən iqtidarın reytinqini aşağı salır. Özalın Ana Vətən Partiyası 1987-də keçirilmiş parlament seçkisində 44% səs alıb təkbaşına iqtidarını davam etdirmişdi, ancaq 1,5 ildən sonra keçirilən seçkidə ANAP 21.7% səs ala bildi. 2009-cu ilin martında keçirilmiş bələdiyyə seçkisi ərəfəsində heç bir böhran olmamışdı, ancaq AKP 39% səs aldı, elə isə ondan 1.5 il qabaq keçirilmiş parlament seçkisində reytinqi 47% olmuşdu. Mən rüşvət və qanunsuzluq iddialarının, içindən 4.5 milyon dollar pul çıxan ayaqqabı qutularının 30 martdakı bələdiyyə seçkisində AKP-nin reytinqinə mənfi təsir göstərəcəyinə inanıram. Əgər proqnozum düz çıxmasa, onda siyasətə yanaşma tərzimə yenidən baxacam (gülür).

- Azərbaycana hansı mesajları vermək istərdiniz?

- Azərbaycan mənim üçün Türk dünyasının ən önəmli ölkələrindən biridir. Mədəniyyət və turizm naziri olandan sonra Azərbaycanla bağlı getdiyim ilk toplantı Elazığda Azərbaycanın böyük şairi Almas Yıldırıma həsr edilmiş yığıncaq idi. Bakıya ilk dəfə 1992-ci ildə getmişdim, o vaxt mərhum Əbülfəz Elçibəy prezident idi, böyük siyasətçi Heydər Əliyev isə Naxçıvanda idi. O dönəmdə Bakı inkişaf etməmişdi. Daha sonra mərhum Heydər Əliyev iqtidara gəldi və mən Azərbaycana hər gedişimdə qardaş ölkənin daha çox inkişaf etdiyini gördüm. Mən Azərbaycanı özümüzə ən yaxın və gerçək qardaş sayıram və indi Xəzər bölgəsində Azərbaycanı parlayan bir ulduz kimi görmək məni qürurlandırır. Hörmətli mədəniyyət və turizm nazirinizlə qardaşlıq münasibətlərimiz var, onunla çox gözəl işlərin altına birgə imza atdıq. Bir millətin iki dövlətindən biri olan qardaş Azərbaycana salam və sevgilərimi çatdırın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar