CAVİD QURBANOV NAZİRİN YEZNƏSİNİ YOXLATDIRIB... - Baş mühasibin intiharının sensasion detalları məlum olub

Bir neçə gün bundan əvvəl Şirvanda baş vermiş intihar hadisəsinə dair sensasion detallar məlum olub. Ölkə mətbuatında yayılan məlumatlara görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin yerli idarəsinin baş mühasibinin intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktlarıdır. Üstəlik məlum olub ki, həmin idarənin rəisi nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərindən biridir.

İnformasiya agentliklərinin xəbərlərində deyilirdi ki, iyulun 18-də günorta saatlarında Şirvan şəhəri, Natəvan küçəsi, 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

İntihar edən şəxs "Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan dəmiryol idarəsinin baş mühasibi olub. İntiharın mümkün səbəblərinin araşdırıldığı göstərilirdi.

İndi isə virtualaz.org saytı özəl mənbələrdən məlumat əldə edib ki, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsində Cavid Qurbanovun göstərişi ilə yoxlama aparılıb. Yoxlama nəticəsində ciddi qanun pozuntuları, xüsusilə iri məbləğdə dizel yanacağının mənimsənilməsi aşkar edilib. Həmin yanacaq "Azərbaycan Dəmir Yolları” QSC-yə dövlət qiymətindən aşağı qiymətə ayrılmışdı və dəmir yolu ilə daşınaraq topdansatış bazalarında satılırdı.

Məlum olub ki, idarənin rəisi Ziya Məmmədovun bacısının əri Adil Məhərrəmovdur. Bundan əlavə idarədə nazirin xeyli yaxın və uzaq qohumları da işləyir. Cavid Qurbanovun göstərişi ilə pozuntularda adı keçən bütün vəzifəli şəxslərin, o cümlədən Adil Məhərrəmovun işdən çıxarılacağı gözlənilir.

Adil Məhərrəmov isə onun başçılıq etdiyi idarədə aparılmış yoxlama barədə sualı cavablandırmaqdan imtina edib. İdarə rəisi əvvəlcə məlumatın mənbəyi ilə maraqlanıb. "Bunu sizə kim deyib?”- deyə, əsəbi tonda soruşub.

Daha sonra "Yoxlama barədə məlumatı sizə kim veribsə, gedin onunla dəqiqləşdirin, bizdə yoxlama-filan olmayıb”, - deyə, telefonu qapadıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar