Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya düşdü - YENİLƏNİB - VİDEO

Nərgiz Yaqublu dəhşətli qəza anını musavat.com-a anlatdı

Keçirdiyi qəzanın şokundan hələ də çıxa bilməyən müxbirimiz Nərgiz Yaqublu hadisəni musavat.com- a danışıb: "Hər şey bir anda oldu. Xənəgə kəndinin ərazisindəydik.  Hər yer duman idi. Biz də Bakıya tez çatmalıydıq ki, mən məhkəmədən reportajı yazıb, hazırlayım. Kiçik bir körpü vardı, onu keçdiyimiz yadımdadı. Lakin qəfildən yol kənarındakı baryerlərə dəydik və onun üzərindən çox da yüksək olmayan dərəyə düşdük. Bir ağaca dəyib, dayandıq. Hadisə anında kimsənin səsini çıxartmasına da imkan olmadı. Ağaca dəyən kimi, maşın tüstüləndi. Arxamızca gələn maşında "Azadlıq Radiosu"nun müxbirləri varmış. Onlardan da arxada “İsmayıllı işi”ndə həbs olunan dustaqların yaxınlarını geri qaytaran avtobus gəlirdi. Onlar bizim kim olduğumuzu bilmədən yardıma qaçdılar. Sonra bildilər ki, bizik. Əvvəl anamla məni və Xalid bəyi (vəkil Xalid Bağırov- Red.) çıxartdılar. Vəkil də onlarla birlikdə Çingiz Əlini maşından çıxartdı. Hamı düşünürdü ki, maşın indicə partlayacaq... Daha sonra rayondakı müsavatçıları da aradıq, onlar da təcili yardım maşınları ilə gəldilər. Çingiz bəyin durumu çox ağır idi. Maşınlardan biri ilə onu, digəri ilə anamı xəstəxanaya çatdırdıq. Hazırda anamla mən palatadayıq. Anamın ciddi ağrıları var. Lakin həkimlər deyir ki, həyatına təhlükə yoxdur. Mənim də kiçik əziklərdən başqa, problemim yoxdur. Lakin Çingiz bəyin durumu olduqca ağırdır. Həkimlər deyir ki, qarşıdakı saatlar kritik saatlardır. Müsavat rəhbərlərindən Arif Hacılı buradadır. İsmayıllının müsavatçıları, demokratik düşərgənin təmsilçiləri də burdadır”.

Xatırladırıq ki, bu gün axşam saatlarında Tofiq Yaqublunun qızı və həyat yoldaşı, vəkili Xalid Bağırov, Müsavat fəalı Çingiz Əli Şəkidə keçirilən məhkəmədən dönərkən ağır yol qəzası keçiriblər. Vəkil Xald Bağırovun, Tofiq Yaqublunun qızı, “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublunun vəziyyəti yaxşıdır. T. Yaqublunun xanımı Maya Yaqublunun aldığı zədələr həyatına təhlükə təşkil etməsə də, onun vəziyyətini həkimlər ağır qiymətləndirirlər. Təəssüf ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü Çingiz Əlinin vəziyyəti olduqca ağırdır. İsmayıllı rayon xəstəxanasının baş həkim müavini Lətif bəy müsavat.com-a deyib ki, hazırda Ç. Əli huşsuz vəziyyətdədir, qəza nəticəsində ağır kəllə-beyin travması alıb, qulaqlarından qan gəlir.

***

İsmayıllı rayonunda baş verən avtoqəza nəticəsində T. Yaqublunun xanımı və Müsavat fəalı yaralanıb

Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri və vəkili avtomobil qəzası keçiriblər. Bu barədə musavat.com-a T. Yaqublunun qızı və “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublu məlumat verib. N. Yaqublu özü də qəza keçirib və yüngül yaralanıb.

T. Yaqublunun xanımı Maya Yaqublu və müsavat fəalı, maşının sürücüsü Çingiz Əli yara aldıqları üçün xəstəxanaya aparılıb.

T. Yaqublunun vəkili Xaliq Bağırov da qəza nəticəsində yüngül zədə alıb, lakin vəkil musavat.com-a deyib ki, heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Müxbirimiz Nərgiz Yaqublunun da durumu yaxşıdır.

Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib. Vəkil Xaliq Bağırov musavat.com-a deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb.

Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar