SABİQ DEPUTATIN ÖZÜ KİMİ ŞİRKƏTİ DƏ "QAÇDI" - Hacıyevin ŞƏRİKİ camaatın da pulunu "YEYİB"

Bakının Heydər Əliyev prospekti ilə Babək prospektinin arasında, Keşlə qəsəbəsindəki keçmiş beton zavodunun hektarlarla ərazisini alıb orada “7 Hills” (“7 təpə”) adlı eksklüziv yaşayış kompleksi inşa edəcəyini elan edən tikinti şirkəti qapılarını bağlayaraq yoxa çıxıb.Bu barədə virtualaz.org saytına dəbdəbəli layihənin müəllifi olan şirkətdən zərərçəkənlərdən biri bildirib.

“7 Hills” dəbdəbəli yaşayış kompleksinin tikintisi layihəsi ötən ilin dekabrında təqdim edilib və bu layihəyə dair geniş reklam kampaniyası başladılıb. Nəticədə şirkət hələ özülünü də qazmadığı yaşayış binalarından mənzilləri Beynəlxalq Bankın ipoteka kreditləri ilə satmağa başlayıb.

beynelxalqbankÇox keçmədən isə Beynəlxalq Bankda sədrin istefası, “kredit oliqarxları”nın həbsi ilə müşayiət olunan qalmaqal bir çox layihələr kimi “xəyalları gerçəkləşdirməyi” vəd edən “7 təpə”çilərin də vədlərini boşa çıxarıb. Azərbaycan Beynəlxalq Bankı ilə ipoteka tərəfdaşlığı şəraitində həyata keçirilməli olan layihənin hələ başlamağa imkan tapmadan dayandırılması barədə virtualaz.org saytı bundan əvvəlki buraxılışlarında geniş bəhs etmişdi.

Şirkətdən mənzil almaq üçün pul ödəyən müştərilərdən biri az əvvəl “7 Hills Baku” şirkətinin facebook səhifəsində aşağıdakı qeydi paylaşıb: “Bu gün həmin “tikinti” şirkətinin “ofisində” oldum, bağlı idi. Bu dələduzlar bizim pullarımızı oğurladılar və aradan çıxdılar. Kimlər ki axmaqlıq edib onlardan mənzil alıblar, mənə yazsınlar. Yığışmaq və məhkəməyə müraciət etmək lazımdır. Bu, vətəndaşların xüsusilə iri məbləğdə pullarının mənimsənilməsinə dair cinayət işinin predmetidir”.

Virtualaz.org saytı bu məlumatla bağlı həmin şirkətdən mənzil almaq üçün pul ödəyənlərdən biri olan Samirə adlı xanımın telefon nömrəsini əldə edərək onunla əlaqə saxlayıb.

Zərərçəkən bildirib ki, o da bu gün - avqustun 20-də təxminən saat 12 radələrində “7 Hills” şirkətinin Bakıdakı “Globus Plaza”da yerləşən ofisinə gedib: “Bundan əvvəl şirkətin müştərilərlə əlaqə üzrə qaynar xəttinə və satış xidmətinə dəfələrlə zəng vurmuşduq. Oradan telefon zənglərimizə cavab verən qadın dedi ki, sənədlərinizi götürüb ofisə gəlin. Ancaq “Globus Plaza”ya çatanda mühafizəçilər bizi binaya buraxmadılar. Bildirdilər ki, ofis bağlıdır. Biz israr etdik, nəticədə mühafizəçi bizi yuxarı qaldırdı və ofisin doğrudan da bağlı olduğunu gördük. Şirkətin işçilərindən heç kim yox idi, qapını bağlayıb getmişdilər”.

Zərərçəkən deyib ki, ofisin qarşısında şirkətdən mənzil almaq üçün pul ödəyən daha bir neçə nəfər var idi və onlar pullarını geri qaytarmaq ümidi ilə getmişdilər.

Zərərçəkənlərin isə sayı çoxdur və onların da şirkətin artıq qapıları bağlı olan ofisinə üz tutacaqları gözlənilir.“Bu şirkət aylardır bizi müxtəlif vədlərlə və bəhanələrlə aldadırdı. Əvvəl dedilər ki, iyulun 22-də Beynəlxalq Banka yeni sədr təyin ediləcək və problem həll olunacaq. Bildirmişdilər ki, əgər avqustun 10-a qədər tikinti işləri başlamasa, müştərilər ofisə gəlib dərhal pullarını götürə bilərlər. Ayın 10-u gəlib çatdı, ancaq heç bir tikintidən söhbət getmir. Əvəzində onlar qapını bağlayıb qaçdılar”- deyə zərərçəkən bildirib.

"7 Hills" yaşayış kompleksi belə olmalı idi

Zərərçəkən deyir ki, o, “7 Hills” şirkətindən mənzil almaq üçün Beynəlxalq Bankdan 51 min manat ipoteka krediti götürüb. Bu pulun 20 min manatını ilkin ödəniş kimi şirkətə ödəyib. Fevral ayından bu yana isə hər ay banka 550 manat ödəyirdi.

“Müqavilə şərtlərinə baxanda görürük ki, Beynəlxalq Bank tikintiyə görə heç bir məsuliyyət daşımır, çünki bank pulları şirkətə verib. Bəs onlar bu pulları nə ediblər? Məsələ bundadır. Çünki tikinti üçün nəzərdə tutulan ərazidə heç bir iş görülməyib. Deməli, onlar bizim pullarımızı mənimsəyiblər”- deyə zərərçəkən bildirib.

“7 Hills” şirkətinin marketinq meneceri Nərmin Quliyeva virtualaz.org saytına açıqlamasında şirkətin ofisinin bağlı olduğunu təsdiqləyib. Lakin bildirib ki, bu, müvəqqəti xarakter daşıyır.

“Bizim şirkət Beynəlxalq Bankla aralarında olan müəyyən məsələləri aydınlaşdırmaq üçün iki gündür işləmir. Həmçinin işçilərimizin bir qismi məzuniyyətdədir. Ofis fəaliyyətini gələn həftənin əvvəlində bərpa edəcək və müştərilərin müraciətlərinə baxacaq”- deyə menecer bildirib.

N.Quliyeva ofisin fəaliyyətini bərpa edəndən sonra müştərilərin ödədikləri pulları geri qaytaracağına dair hər hansı vəd vermək səlahiyyətinin olmadığını deyib: “Bu barədə nəsə deyə bilmərəm, ancaq yəqin ki, şirkət rəhbərliyi öz vəsaiti hesabına pullarını geri almaq istəyən müştərilərə ödəniş edəcək”- deyə “7Hills”in meneceri bildirib.

“7 Hills”şirkətinin arxasında Beynəlxalq Bankdan yüz milyonlarla dollar götürüb qaytarmayan keçmiş deputat və oliqarx Dünyamin Xəlilovun dayandığı haqda məlumatlar var. Təsadüfi deyil ki, şirkətin ofisi də oliqarxa məxsus “Globus Plaza”da yerləşir.

Bu yaxınlarda Britaniyanın “Harvey Nichols” geyim mağazaları brendi “Globus Plaza” ilə françayzinq müqaviləsini dayandırdığını elan edib.

Xatırladaq ki, Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Beynəlxalq Bankdan alınıb mənimsənilən kreditlər üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq, oradan köçürülüb.

Bəzi məlumatlara görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat, bəzi məlumatlara görə isə 2 milyard dollardan artıq kredit adı ilə vəsait çıxarıb, həmin kreditləri geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit “Saatlı bina”nın sahibi olan D.Xəlilov mətbuata açıqlamasında ölkədən qaçmadığını, müalicəyə getdiyini deməklə kifayətlənib. Eks-deputatın hələlik nə həbs edildiyi, nə də axtarışda olması barədə rəsmi xəbər yoxdur.

Onu daqeyd edək ki, bu yaxınlarda "AzPolitika.info"ya adının açıqlanmamasını xahiş edən şəxs tərəfindən göndərilən məktubda Cahangir Hacıyevin sabiq deputat Dünyamin Xəlilovla birlikdə Beynəlxalq Bankın 100 milyonlarla dollar vəsaitini mənimsəmək üçün maxinasiyalar həyata keçirdiyini iddia edib. Belə ki, Dünyamin Xəlilov işçilərin adına milyonlarla ölçülən kredit alaraq mənimsəyib: “Saxta şirkətlər yaradılaraq, bütün sadə işçilərin hamısı formal olaraq, direktor kimi rəsmiləşdirilib. Və mən də daxil olmaqla, hamımızın adına Beynalxalq Bankdan böyük miqdarda kredit götürülüb. Adımıza ən azı 50 milyon manat borc yazılıb...Böyük qismini yeyib dağıdıb, özü üçün xaricdə çoxlu obyektlər alib."

O da bildirilir ki, D.Xəlilovun, adına milyonlar yazdıraraq, alıb mənimsədiyi işçilər hələ də həbsdədirlər. Artıq işçilərin həbsinin 3 ayı tamam olur. Onlarla bağlı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Cahangir Hacıyevin sabiq deputat Dünyamin Xəlilovla birlikdə mənimsədiyi 100 milyonlala dollar vəsaiti qaytarmağı indi sadə işçilərdən tələb edirlər:"Bizə deyirlər ki, həbsdə olanları Dünyamin Xəlilov pulu gətirəndə buraxacaqlar. Amma pul ümumi olaraq, 2 milyarda yaxındır, bunu işçilər necə qaytara bilər?”

Beynəlxalq Bankdan böyük pullrın ayrıldığı “7 Hills Baku” şirkətinin də eyni məqsədlə yaradıldığını istisna etmək olmaz. Ancaq bu dəfə yalnız dövlətin deyil, vətəndaşların da pullarınlın mənimsənilib. Dünyamin Xəlilov qaçsa da, Cahangir Hacıyev ölkədədir...

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar