"GECƏ ƏLİ ƏHMƏDOV ZƏNG ETDİ Kİ..." - YAP-çı professordan ilginc açıqlamalar

"İqbal Ağazadə mənə dedi ki, niyə küçələrdə qalmısan, onsuz da mən seçiləcəyəm”

YAP-ın qurucularından olan, partiyanın Səbayel rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayevin parlament seçkiləri ilə bağlı giley-güzarına rəhbərlikdən reaksiya verilib. Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov deputat olmaq istəsə də, partiyadan dəstək görmədiyindən şikayətlənən Ə.Əlirzayevə ötən seçkilərdə dəstək verildiyini, lakin seçicilərin ona səs vermədiyini söyləyib.

Sitat: “2005-ci ildə YAP lazımi dəstəyi göstərdi, amma Əli Əlirzayev seçilmədi. Dünya praktikasında da belə təcrübə var ki, bir namizəd bir dairədən seçilmirsə, onun namizədliyi təkrar irəli sürülmür. Artıq burda seçicilərin münasibətindən söhbət gedir, yəni onu seçmədilər. Ona görə də burada partiyanı günahlandırmaq düzgün deyil. YAP araşdırma aparır, kimin seçicilər tərəfindən şansı böyükdürsə, onun namizədliyini dəstəkləyir. Ola bilər kiminsə titulu böyük olsun, amma seçici istəmir də onu...Seçicini məcbur eləmək olmaz axı”.

YAP-dan gələn reaksiyaya musavat.com Ə.Əlirzayevin münasibətini soruşub. Onun ilginc açıqlamalar verdiyi müsahibəsini təqdim edirik.

- Əli müəllim, Siyavuş Novruzovun fikirlərini yəqin ki, oxumusunuz. Deyir, ötən seçkilərdə seçicilərin səsini qazana bilməyibsiniz...

- YAP-dan dəstəkləsəydilər, mən keçərdim. Bu, birmənalıdır. O vaxt Gülər Əhmədovanı namizəd vermişdilər, mən də namizədliyimi verdim, amma ən az səs aldım. Adi bir adam da namizəd idi, o, məndən çox səs aldı. Elə bil mən nə elmlər doktoruyam, nə professoram, nə keçmiş deputatam. Mənə 200 səs yazmışdılar. Adamın 200 səs alması sadəcə biabırçılıqdır.

- Siyavuş Novruzov deyib ki, seçicilər sizə səs verməyib...

- Səs vermədi... Bu, bir strategiyadır da. Yəni ki, bu adama elə səs yazın ömrü boyu bir də deputatlıq eşqinə düşməsin. Bu, adamı mənəvi cəhətdən də yox e, birdəfəlik öldürmək kimi bir şeydir. Ona görə də mən daha namizədliyimi vermək istəmirəm. Namizədliyimi verərlər, dalımda dayanarlar, seçilərəm, verməzlər, canları sağ olsun.

- Siz YAP-ın qurulmasında iştirak etmiş şəxssiniz, partiya rəhbərliyi də bunu açıq şəkildə etiraf edib. Elə isə sizə qısqanc münasibət nəyə görə olmalıdır ki?

- Yəqin ki, deyirlər daha vaxtı keçib, yaşı 65-dən çoxdur. Ancaq YAP-ın qurucularından biriyəm. Bəlkə də sağ qalanlar içərisində YAP-a, Heydər Əliyevə respublikada mənim qədər xidməti olan adam olmayıb. Kim əksini deyirsə, buyursun. Mən canımdan keçmişəm, Naxçıvanda iki il soyuqda Heydər Əliyevin yanında oturmuşam. “Əlincə” Cəmiyyətində çalışmışam. O vaxt Heydər Əliyevin sözünü deyəndə adamın dilini boynunun dalından çıxarırdılar. Mən onun arxasınca getmişəm, məqalələr yazmışam. O da tanıyırdı, bilirdi, mənim əməyimi qiymətləndirirdi. İndi bunlar gəlib hərəsi bir söz deyir. Bunlar hardaydı biz YAP-ı yaradanda? Onda heç kəs yox idi. Parlamentdə olanda da mən dövlətçiliyə sadiq olmuşam, bu və ya digər şəxsin, yaxud nazirin, müavinin mənafeyini qorumamışam, qanunvericiliklə məşğul olmuşam. Demişəm bu məsələni belə etsək, daha yaxşıdır, onlar da hamısı razı olublar.

- Amma YAP-dan verilən reaksiyada da qeyd olunur ki, keçmiş xidmətlərinizin qarşılığında qiymətinizi alıbsınız, mandat sahibi olmusunuz...

- (Sualı yarımçıq kəsir) Mandatım olub. Yaxşı, mənim bir dəfə olub. Necə olur ki, onlar on dəfə mandat ala bilir, mən bir dəfə? Mən Naxçıvandan deputat olmuşam, 90-100 faiz mənə səs veriblər. Xidmətlərim olub ki, belə nəticə də olub. Bundan sonra da olardı da. Nə deyirlər, özləri bilərlər, mən onların işinə qarışmıram. İstəmirlər, istəməsinlər. Amma mən deputat olmaq istərdim və xalqa da xeyir verərdim. Getsinlər, gizli sorğu keçirsinlər, özlərini də yazsınlar, məni də, görsünlər xalq onlara səs verir, ya mənə?

- Partiyadan dəstək olmasa, özünüz namizədliyinizi müstəqil şəkildə irəli sürəcəksinizmi?

- Yox. Bu, sadə məsələ deyil. Onun üçün nə qədər əsəb lazımdır, pul lazımdır. 400-500 səs deyil ki, qapıları döyüm, deyim mənə səs verin. Gülər Əhmədova ilə tərəf müqabili olanda, bəli, mən namizədliyimi özüm vermişdim, amma bir partiya da məni müdafiə etmişdi. Ancaq buna görə hələ məni partiyadan çıxartmadılar, böyük şeydir. Çünki Əli Əhmədov çıxış edib demişdi ki, partiyanın qərarından kənar kim namizədliyini irəli sürsə, YAP-dan çıxarılacaq. Əgər bu dəfə də mənim namizədliyimi verməsələr, dövlət və xalqın mənə ehtiyacı yoxdursa, hesab edilirsə ki, məndən vacib adam lazımdır, qoy olsun. Ancaq mən özüm namizədliyimi fərdi qaydada irəli sürməyəcəyəm. Mən azı 10 min xərcləməliyəm, hardadır mənim 10 minim? Bu məbləğ mənim bir illik gəlirimdir.

- Bəzən belə fikirlər səslənir ki, yaşlı deputatların parlamentdə olmasındansa, tərkibin gəncləşməsi daha faydalıdır...

- Yaşım çox olsa da, başım işləyir hələ (gülürük). 67 yaşım var.

- Bəlkə daha sakit işlə, elmlə məşğul olmağınız daha faydalı olar...

- Mən kafedra müdiriyəm. Mənim tələbələrim, işim var. Amma axı qanunvericilik də tələb edir ki, təcrübə, savad olsun. Qanunvericilikdə elə nüanslar var ki, onu ancaq mütəxəssis bilə bilər. O işləri bilən adamlar lazımdır ki, bunun gələcəkdə nə kimi nəticələr verə biləcəyini bilsin. Elə qanunlar var ki, onların bəlasını insanların böyük əksəriyyəti çəkir. Vergi Məcəlləsi, Mülki Məcəllə, yaxud digər bir sıra qanunlar var ki, insanlar onlara görə əzab çəkir. Yaşayış haqqında olan qanunlar, səhiyyə, təhsil məsələləridir, gərək bunları bilən adam ola. Bunları da parlamentə bilən adam azdır, yoxdur, mən açıq deyirəm. Bunlar gəlib parlamentə düşürlər, özlərinin mənafeyini qoruyurlar, binalarını tikirlər, doktor, professor, akademik olurlar və s. Sonra başlayırlar ki, hökumət belədir, elədir. Hökuməti mən də tərifləyirəm. Ancaq hökumətin yaxşı olması üçün gərək iş görəsən. Gərək biləsən ki, qanunu bu cür yazsaq, daha yaxşıdır. Ona görə də savadlı, vətənpərvər, dövlətçiliyə sadiq adamlar parlamentə düşməlidir. Onlar müstəqilliyimizin daha da möhkəmlənməsi üçün öz canlarından keçməyə hazır insanlar olmalıdır.

- YAP-ın seçki siyahısı niyə gecikir, sizdə olan məlumat necədir?

- Vallah, nə bilim, onların içərisində deyiləm. Yəqin götür-qoy edirlər. Araşdırırlar ki, filankəsin xidməti olub-olmayıb, filankəs danışanda səhv edib, ya yox. Belə şeyləri yoxlayırlar, ələkdən keçirirlər. İkincisi də yəqin bəzi adamları intizarda qoyurlar ki, sərhədi keçməsinlər. Yəqin siyahı çıxandan sonra narazılıq çox olacaq. 2005-ci ildə mənim adım ilk siyahıda yox idi. Mən onda gedib Naxçıvandan namizədliyimi verdim. Gecə ilə Əli Əhmədov mənə zəng etdi ki, gəl bura, səni siyahıya salaq. Çünki mən onda Naxçıvandan gedən şəxsə mane ola bilərdim. Onda məni siyahıya saldılar. Onda İqbal Ağazadə mənə dedi ki, niyə küçələrdə qalmısan, onsuz da mən seçiləcəyəm. Onda mən Siyavuş Novruzova dedim ki, belə çıxır İqbal Ağazadənin dayaqları Əli Əlirzayevin dayaqlarından çoxdur, onda bu YAP-çılar hara baxır? Belədir vəziyyət... Bu dəfə də YAP siyahıya salmasa, arxamda dayanmasa, mən seçkiyə getməyəcəyəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar