İKİ MİLYARD MANATLIQ "TALAN LAYİHƏLƏRİ"- Araşdırma
Araşdırmalar göstərir ki, kommunal sektorda həyata keçirilən layihələrin smeta dəyəri şişirdilir, ayrılan vəsaitin böyük bir hissəsi mənimsənilir. Məsələn, Bakı və Sumqayıt şəhərlərinin su təsərüfatlarının qurulması üçün iki böyük layihə- «Oğuz-Qəbələ-Bakı» su kəmərinin tikintisi və «Samur-Abşeron» suvarma sisteminin yenidən qurulması həyata keçirilib.
Xarici ölkələrdə reallaşan bu tip layihələrlə müqayisə etdikdə ilginc faktlar üzə çıxır. Azərbaycanda xərclər bir neçə dəfə yüksək olsa da, sakinlərin fasiləsiz və keyfiyyətli su ilə təminatına təmin etmək hələ də mümkün olmayıb. Beləliklə iki əcnəbi və Azərbaycanda həyata keçrilmiş iki yerli layihənin texniki göstəricilərinə və sərf edilən vəsaitə nəzərə yetirək;
Kəndləri ekoloji fəlakətə sürükləyən «Oğuz-Qəbələ-Bakı»
«Oğuz-Qəbələ-Bakı» su kəmərinin əsas məqsədi Oğuz və Qəbələ rayonları ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə içməli suyun nəql olunmasıdır. Bunun üçün təxminən 150 metr dərinlikdə 78 istismar quyu tikilib. 264 km-lik layihənin maliyyələşməsinə Dövlət Neft Fondundan, ümumlikdə 812,6 milyon manat (1,03 milyard dollar) vəsait sərf edilib. Boru xəttinin keçdiyi ərazilərdə əkin torpaqları olan şəxslərin bir çoxuna kompensasiya indiyədək ödənilməyib. 4 minə yaxın şəxsin yalnız bir neçəsi məhkəmə yolu ilə haqqını tələb edərək, kompensasiyasını ala bilib.
Su kəmərinində baş verən korrupsiya hallarını, o zaman dövlət başçısı İlham Əliyev də dilə gətirdi. Dövlət vəsaitin mənimsənilməsinə görə verilən cəza isə «Azərsu» ASC-nin sədrini vəzifəsindən uzaqlaşdırmaq oldu. Bu yeyintidə iştirak edən məmurların heç bir cinayət məsuliyyətinə cəlb edilmədi.
Su kəməri vasitəsilə saniyədə 5 m3 suyun veriməsi nəzərdə tutulsa da, hazırda bu gün yalnız 3-4 m3 civarında olur. Habelə, su mənbəyi Oğuz rayonundan götürlüyünə görə, rayonun bir neçə kəndində quraqlıq yaranıb. Ekspertlər rayononun ekoloji fəlakətlə üz-üzə olduğunu deyir.
«Samur-Abşeron» su kanalı hələ çox pul aparacaq…
01 oktyabr 2013-cü il tarixinədək Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 1 milyard manat (1,2 milyard dollar) istifadə olunub. 2014-cü il üçün isə əlavə olaraq, 80,2 milüon manat ayrılıb ki, bu da su kanalının yenidən qurulması işlərinin 1 milyard manatı ötməsindən xəbər verir. Layihənin nə zaman yekunlaşacağı bağlı heç bir rəsmi açıqlama verilmədiyinə görə, vəsaitin daha da böyüyəcəyi şübhəsizdir. Araşdırma zamanı «Taxtakörpü» su anbarının tikintisi zamanı obyektin altına düşən mülklərlə bağlı sakinlərə kompensasiyaların verilməməsi, ya da bazar dəyərindən 10 dəfələrlə aşağı qiymətləndirilməsi aşkarlanıb.
Məsələ ilə əlaqədar «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin elektron poçtuna ünvanladığımız sorğular cavabsız qalıb. Telefon zənglərinə isə cavab verən yoxdur.
Türkiyə və Kıprız «Əsrin proyekti»nə cəmi 484 milyon dollar xərcləyib
İordaniyada 325 km-lik xəttə cəmi 935 milyon dollar…
Digər nəhəng su layihəsi isə İordaniyada həyata keçirilib. 2008-ci ildə icrasına başlanan layihənin 2014-cü ilin oktyabrında yekunlaşması gözlənilir. 325 km-lik boru xətti əsas su mənbəyini İordaniyanın cənubundakı Dişi Bölgəsindəki yeraltı su hövzələrindən alaraq paytaxt Ammana yönləndirilməsi nəzərdə tutulur. Layihəni Türkiyənin Gama Energy Holdinq və İrordaniya hökuməti birgə həyata keçirəcək. İldə 100 milyon m3 suyu əhaliyə satacaq GAMA holdinq 25 ildən sonra xətti tam olaraq İordaniya hökumətinə təhvil verəcək. Beləliklə, 325 km-lik xəttin maliyyələşməsinə ABŞ-ın «OPIC» şirkəti, Avropanın İnvestisiya Bankı, Fransanın «Proparco» şirkəti tərəfindən 445 milyon dollar, İordaniyanın Su və Suvarma Nazirliyi 300 milyon dollar, GAMA Enerji şirkəti isə 190 milyon dollar vəsait ayırılb- cəmi 935 milyon dollar və ya 730 milyon manat.
Göründüyü kimi bu proyektlərin birincisi öz mürəkkəbliyinə görə, ikincisini isə masştabına görə Azərbaycandakı su layihələrindən daha iri olduğunu demək olar. «Oğuz-Qəbələ-Bakı» kəmərindən 80 km, «Samur- Abşeron» kanalından 142 km böyük olan İordaniyanın «Dişi-Amman» su xətti kəmərinə ayrılan vəsaiti müqayisə etmək kifayətdir ki, Azərbaycandakı layihələrin smeta dəyərinin necə şişirdildiyini görmək olsun.
Dövlət Neft Fondunun öz vəsaitlərinə nəzarət etmək səlahiyyəti niyə yoxdur?
DNF-nın mətbuat xidmətindən verilən cavabda deyilir ki, ADNF tərəfindən maliyyələşdirilən layihələrin icrası Azərbaycan hökuməti tərəfindən təyin olunmuş müvafiq sifarişçi təşkilatlar tərəfindən həyata keçirilir: «Bununla əlaqədar, layihə üzrə podratçıların seçilməsi, onlarla müqavilələrin bağlanması, görülən işlərə texniki nəzarətin aparılması və nəticədə inşa edilmiş obyektlərin qəbul edilməsi sifarişçi təşkilatın səlahiyyətlərinə aiddir. Neft Fondunun vəsaiti hesabına layihələrin maliyyələşdirilməsi bu tədbirlər üzrə xərclərə nəzarət etmək məqsədilə yalnız sifarişçi təşkilat tərəfindən Fonda tam əsaslandırılmış müvafiq sənədlər təqdim edildikdən sonra bu sifarişçi təşkilatın dövlət xəzinədarlığındakı hesabına köçürülməsi yolu ilə həyata keçirilir.
Maliyyələşdirmədən əvvəl Neft Fondu tərəfindən sənədlərin təhlili aparılır, layihənin icrasında və vəsaitlərin istifadəsində səmərəliliyin artırılması üzrə icraçı təşkilatlara tövsiyələr verilir. Sənədlərdə nöqsanlar aşkar edildikdə bu barədə sifarişçi təşkilatlara məlumat verilir və nöqsanların aradan qaldırılması təmin edilir. Yuxarıda qeyd edilən sənədlər Neft Fonduna təqdim edilmədikdə, layihənin maliyyələşdirilməsi həyata keçirilmir. Eyni zamanda layihə üzrə görülmüş işlərin dəyəri və ödənilmiş vəsaitlərin uçotu aparılır və bu uçot-nəzarət sistemi mütəmadi olaraq yenilənir. Layihələrin maliyyəşdirilməsi ilə bağlı son məlumat Neft Fondunun internet səhifəsində mütəmadi olaraq yerləşdirilir».
«Layihəyə texniki nəzarətin, eləcədə keyfiyyət nəzarətinin aparılması Neft Fondunun səlahiyyətlərinə aid olmadığını və bunların bilavasitə sifarişçi təşkilatlar tərəfindən həyata keçirildiyini nəzərə alaraq tikililərin keyfiyyəti barədə sorğu ilə sifarişçi təşkilatlara müraciət edilməsi daha məqsədəuyğundur». Cavabda daha sonra qeyd edilir ki, layihələrin icrasını təmin edən müvafiq ixtisaslaşmış podratçı təşkilatların seçilməsi sifarişçi təşkilatlar tərəfindən təşkil olunan müsabiqə (tender proseduru) vasitəsilə həyata keçirilir: «Bu prosesi tənzimləmək üçün «Satınalmalar Haqqında» Qanun mövcuddur və bütün həyata keçiriləcək müvafiq prosedurlar qeyd edilən qanunda öz əksini tapıb. Tender prosedurlarının mövcud qanunvericiliyə uyğunluğuna nəzarət isə Dövlət Satınalmalar Agentliyi tərəfindən həyata keçirilir. Müxtəlif satınalma metodları mövcuddur ki, bunlar da qeyd edilən qanunvericiliklə həyata keçirilir və bu metodlara Dövlət Satınalmalar Agentliyi tərəfindən nəzarət edilir. ARDNF tərəfindən maliyyələşdirilən bütün layihələr üzrə sözügedən Qanunun tələblərinə tam riayət olunur».(“Bizim yol” qəzeti)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.