CƏMİL HƏSƏNLİ İLHAM ƏLİYEVƏ MEYDAN OXUDU - "Çəkinir..."

“İlham Əliyev seçicilərə yox, MSK-ya güvənir”

Bu gündən təşviqat kampaniyası başlayır. Bu ərəfədə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli ilə söhbətləşib, seçki öncəsi aktual olan məsələlərlə bağlı fikirlərini öyrəndik. Cəmil Həsənli bugünlərdə Londondan səfərdən qayıtdığından onunla söhbətə elə bu məsələdən başladıq:

- Londonda kimlərlə görüşdünüz? Ümumiyyətlə, səfərin nəticəsini necə qiymətləndirirsiz?

- London səfərinin yekunlarını müsbət qiymətləndirirəm. Sentyabrın 11-də Milli Şuranın Icra Aparatının rəhbəri Eldar Namazovla birlikdə Londona getdik. Sentyabrın 12-13-də çox mühüm görüşlər keçirdik. Ayın 12-də “Article 19" təşkilatının ofisində insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən qurumların nümayəndələrilə maraqlı görüş keçirdik. Bu görüşdə həm Britaniya, həm də digər ölkələrin nümayəndələri iştirak edirdi. Iki saatdan artıq davam edən tədbirdə Azərbaycanda seçki öncəsi vəziyyət, siyasi məhbuslar problemi, insan hüquqları ilə bağlı acınacaqlı durum müzakirə olundu.

Növbəti görüşümüz Britaniya Xarici Işlər Nazirliyində oldu. Nazirliyin Avropa, Rusiya və Qafqaz departamentinin rəhbərliyində təmsil olunan şəxslər, həmin departamentdə çalışan digər önəmli əməkdaşlarla ətraflı müzakirələrimiz oldu. Əsasən seçkiqabağı vəziyyət, Milli Şuranın başlıca prinsipləri, proseslərə münasibəti və xarici orientasiyasıyla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ayın 13-də Kral Institutunun “Chatham House” evində çox əhəmiyyətli görüşlərimiz oldu. Müxtəlif təşkilatların nümayəndələri bu tədbirə dəvət edilmişdi. “Chatham House” bir qayda olaraq, Britaniya Xarici Işlər Nazirliyinin beyin mərkəzi hesab olunur və Azərbaycandakı mövcud durum, Milli Şura haqqında məlumatlarımız bu mərkəzdə müzakirə iştirakçıları üçün çox maraqlı oldu. Bu görüşdən sonra BBC-nin Azərbaycan xidmətinə müsahibə verdim. BBC-nin digər xidmətləri də bu müsahibəni yayımladı.

Daha sonra biz Londonda olan türkiyəli dostlarımızla, tanınmış Azərbaycan nümayəndələrilə görüşlər keçirdik. Ümumilikdə səfər çox əhəmiyyətli oldu.

“Bu şərtlər İlham Əliyevə də aiddir”

- Avropa Ittifaqının komissarı Ştefan Füle, ABŞ Dövlət Departamentinin nümayəndəsi də azad və ədalətli seçkilərin keçirilməsilə bağlı ciddi mesajlar verdilər. Amma Azərbaycan hakimiyyəti demokratik seçki keçirməkdə maraqlı görünmür. Sizcə, Azərbaycanda növbəti seçki saxtakarlığı beynəlxalq aləmdə necə qarşılanacaq?

- Hər kəs, o cümlədən xarici ölkələrin Azərbaycandakı səfirlikləri də görür ki, seçki prosesi tam saxtakarlıq şəraitində gedir. Avqustun əvvəlindən başlayaraq, biz hər gün seçki qanunu və Konstitusiyanın pozulmasının şahidi oluruq. YAP-ın namizədi üçün geniş şərait yaradılıb, təbliğat kampaniyası başlamadan onun haqqında televiziyada hər gün 3-5 saatlıq reportajlar, məlumatlar gedir. Ilham Əliyev prezidentliyə namizəddir və namizədlər üçün müəyyən edilmiş şərtlər eyni dərəcədə ona da aiddir.

Digər tərəfdən, seçki öncəsi əməkhaqlarının 10 faiz artırılması namizədlərdən birinin dövlətin vəsaitindən öz seçki kampaniyası üçün istifadə etmək cəhdidir. Biz əməkhaqlarının artırılmasına qarşı deyilik, ancaq bunu namizədlərdən birinin etməsinin əleyhinəyik. Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir. Maaş artımını seçkidən-seçkiyə etmək Azərbaycan qanunlarına hörmətsizlikdir.

Və yaxud, Ilham Əliyev rayonlara 5-10 milyon manatlarla pul ayırır. Bunun özü də seçicini pulla ələ almaq cəhdidir. Bu pozuntulara görə Ilham Əliyevin namizədliyi şübhə altına alına bilər.

“Rüstəm İbrahimbəyovun ayrıca səfəri planlaşdırılır”

- Rüstəm İbrahimbəyovun London görüşündə iştirak etməməsi mətbuatda müxtəlif söz-söhbətlərə səbəb oldu. Rüstəm bəyin bu görüşdə iştirak etməməsinin səbəbi nə idi?

- Rüstəm bəyin London səfərində iştirak etməməsi haqqında müxtəlif fikirlər söyləyib, bunda hansısa məna axtarmaq əhəmiyyətsizdir. London görüşü hazırlanan vaxt Rüstəm bəy Milli Şuranın vahid namizədi idi və bütün səfərlər onun üzərində qurulmuşdu. Sonrakı mərhələdə yaranmış vəziyyətlə əlaqədar vahid namizəd missiyasını mən üzərimə götürdüm.

Digər tərəfdən, Rüstəm bəyin bu görüşdə iştirak etməməsinin texniki səbəbləri də var idi. Ancaq Rüstəm bəyin bu görüşdə iştirak etməməsi bu görüşün hansısa formada səviyyəsinin aşağı düşməsinə səbəb olmadı. Rüstəm bəyin Londona ayrıca səfəri planlaşdırılır və yaxın vaxtlarda bu baş verəcək.

“Kütləvi, böyük bir mitinq keçiriləcək”

- Artıq təşviqat kampaniyasına start verilir. Ilk olaraq təşviqat kampaniyasını nədən başlamaq fikrindəsiniz?

- İlk təşviqat kampaniyası mətbuat orqanları ilə olar. Yəni, mətbuata müsahibələrimiz, açıqlamalarımız... Bu gün seçki qərargahının və seçki strateji mərkəzinin iclasını keçirəcəyik. Bu iclasda təşviqat kampaniyası üçün nəzərdə tutulmuş materialların hazırlanmasının son variantını müzakirə edib nəşrə verəcəyik.

- Milli Şura sentyabrın 22-də mitinq keçirməklə bağlı ilkin qərar verib. Mitinqin keçiriləcəyi məkan kimi isə, Yasamal rayonu ərazisindəki meydan nəzərdə tutulub. Bu mitinqdən gözləntiləriniz nədir?

- Hesab edirəm ki, kütləvi, möhtəşəm, böyük bir mitinq keçiriləcək və Milli Şura güc mərkəzi olduğunu ortaya qoyacaq. Milli Şuraya daxil olan siyasi partiyalar, müxalif fikrin nümayəndələri, içində vətən, millət sevgisi olan, bu rejimin yeritdiyi siyasətə qarşı çıxan böyük elektoratın bu mitinqdə təmsil olunacağı gözlənilir.

“İlham Əliyevin siyasəti monoloq siyasətidir”

- İlham Əliyev bildirib ki, bu seçkidə özünə vəkil seçməyəcək, qrafikində dəyişiklik etməyəcək. Sizcə, Ilham Əliyev niyə seçicilərlə görüşmək istəmir?

- İlham Əliyev həmişə kütləvi görüşlərdən çəkinir, kütlənin qarşısına çıxmağa hazır deyil. Hətta rayonlara gedəndə də ayrı-ayrı seçilmiş insanlarla görüşür.

Digər tərəfdən, Ilham Əliyevin seçiciyə ehtiyacı yoxdur. Çünki MSK onun nəzarətindədir. Bu mənada, Ilham Əliyev seçicidən çox MSK-ya ümid bəsləyir. Ona görə də onun aktiv seçki kampaniyası aparmağa ehtiyacı yoxdur.

Üstəlik, televiziyalar da seçki qanununu pozaraq, onun əvəzinə təbliğat aparır. Ilham Əliyev indiyə qədər yerli jurnalistlərə müsahibə verməyib, onun siyasəti monoloq siyasətidir. O, mətbuatın qarşısına çıxmaqdan çəkinir və ona veriləcək suallara cavab verə bilməyəcəyini anlayır.

“Xalqın dözüm limiti bitib”

- Seçki kampaniyasının əsas şüarı kimi, “Bəsdir!” seçilib. Niyə bu şüarı seçdiniz və nəyə “bəsdir” deyəcəksiniz?

- Azərbaycan xalqı çox dözüb, artıq bu dözüm limiti bitib. Insanların alçaldılması bəsdir, korrupsiya bəsdir, rüşvət bəsdir, Qarabağsız Azərbaycan bəsdir. Bütövlükdə 20 il ərzində ölkədə aparılan yarıtmaz siyasətə “bəsdir” deməyin vaxtıdır.

- Təşviqat kampaniyası müddətində televiziya debatları başlayacaq. Istərdinizmi ki, bu debatlarda Ilham Əliyev də iştirak etsin və qarşılıqlı polemika olsun?

- Əslində televiziya debatlarında namizədlər qarşı-qarşıya oturub, nəyə qadir olduqlarını seçicilərə nümayiş etdirməlidir. Görünür, Ilham Əliyevin seçici səsinə ehtiyacı olmadığı kimi, debatlara da ehtiyacı yoxdur. Arzu edərdim ki, əgər Ilham Əliyev debatlarda iştirak etməyəcəksə, hər bir namizədə ayrı-ayrılıqda düşən vaxtı vermək lazımdır. Efirdə kolxoz idarə heyəti yaratmağa ehtiyac yoxdur və hər kəs öz vaxtından özü bildiyi kimi istifadə etsin. Çünki orada elə adamlar var ki, onlarla yanaşı oturmaq milli-mənəvi dəyərlərə uyğun deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar