"Bu məsələdə korrupsiya elementləri görürəm"- İlyas İsmayılov

“Baş prokuror olsaydım, bu işlə məşğul olardım”

"Məzahir Pənahov başda olmaqla, bütün heyət oradan uzaqlaşdırılmalıdır, yeni insanlar gəlməlidir ki, qanuna hörmət eləsinlər"

Bir müddətdir Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov dövlət rəsmilərinə davamlı müraciətlər edir. O bildirir ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisə deputat seçilməsini yasaqlayır. Partiya sədri dövlət orqanlarında vəzifə tutan, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan deputatları mandatdan məhrum etməyə çağırır. Bununla bağlı “Media forum” saytı İlyas İsmayılovdan müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik.

- Deputat olduğu halda başqa vəzifə tutan şəxslərlə bağlı indiyədək kimlərə müraciət etmisiniz və müraciətlərinizə cavab verilibmi?

- Öncə cənab prezident İlham Əliyevə müraciət etmişdim. Müraciətim bir müddət Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin icraatında qaldı. Oradan mənə dedilər ki, məsələ Mərkəzi Seçki Komissiyasına aiddir, ora müraciət edim. Aldığım cavab təəssüf doğurdu. Çünki MSK-ya üç dəfə müraciət eləmişəm, amma cavab verməyiblər. Sorğularımı cavablandırmadığına görə MSK-nı məhkəməyə verəcəm. Öyrənmək istəyirəm görüm niyə mənə cavab vermirlər.

Daha sonra Konstitusiya Məhkəməsinə müraciət etdim. Orada araşdırdılar, mənə cavab verdilər ki, Konstitusiya Məhkəməsinin sizin məktuba baxmasının mexanizmi yoxdur. Əgər mənim şəxsi hüququm pozulsaydı, o zaman müraciətimə baxa bilərdilər. Konstitusiyada belə məsələlərdə Konstitusiya Məhkəməsinin hansı subyektlərin müraciətinə baxmasının dairəsi müəyyənləşdirilib. Konstitusiya Məhkəməsinin cavabında qeyd olunub ki, belə məsələlərdə prezident, Milli Məclisin sədri, Respublika Prokurorluğu, Ali Məhkəmə və Naxçıvan Ali Məclisinin sədri müraciət etsə, o zaman məsələyə baxa bilərlər.

Ona görə də Milli Məclisin sədri Oqtay Əsədova müraciət etmişəm ki, bu məsələni həll etmək üçün təşəbbüs göstərsin. Konstitusiyanın müvafiq maddələri var və spiker həmin maddələrin şərh olunması üçün Milli Məclisdə məsələ qaldırsın, ona baxaq və Konstitusiya Məhkəməsinə göndərək. Vəziyyət hazırda belədir.

Tamamilə haqlı olaraq bu məsələni qaldırmışam. Məni narahat edən odur ki, bu insanlar ziyalıdırlar, alimdirlər, ən azından belə hesab olunurlar, amma qanunları bilmirlər, götürüb oxusunlar və qanuna uyğun da hərəkət etsinlər. Elə şey olarmı ki, bu səviyyədə adamlar qanunu pozsunlar, qanunun tələblərinə əməl etməsinlər, amma biz ayrı adamlardan qanuna əməl etmələrini tələb edək? Qanuna hörmət etməyən adamlara mənim hörmətim yoxdur. Qanuna əməl olunması üçün məndən nə asılıdırsa edirəm. Hesab edirəm ki, mən düzəm. Ona görə də cavab verə bilmirlər.

- Qanunvericiliyə əsasən, müraciət etdiyiniz qurumlar sizə hansısa formada cavab verməliydilər?

- Vətəndaş müraciət edirsə, ona cavab verilməlidir. Vətəndaş olmaqdan əlavə mən deputatam, partiya sədriyəm. Ən böyük səhvi MSK edib. Hesab edirəm ki, bu qədər xətadan sonra MSK yenidən formalaşdırılmalıdır. Başda sədr Məzahir Pənahov olmaqla bütün heyət oradan uzaqlaşdırılmalıdır, yeni insanlar gəlməlidir ki, qanuna hörmət eləsinlər. Dövlət qanunla idarə olunmalıdır, hansısa məmurun iradəsi ilə yox. Qanun pozuntusuna göz yumulmasını dəhşətli bir hal hesab edirəm. Bunun səbəbi mənə aydın deyil. Çünki dövlətin mahiyyəti qanunlardır. Hüquqi dövlət qurmuşuq, bunu konstitusiyada elan eləmişik. Əsas məsələ qanunun aliliyinin təmin edilməsi və hakimiyyət bölgüsünün konstitusiyada olduğu kimi həyata keçirilməsidir. İndiki halda hüquqi dövlətin hər iki mahiyyəti pozulub. Bunun bərpası üçün addım atmalı olan insanlar heç bir iş görmürlər. Bu, çox qəribədir.

- Hesab edirsiniz ki, deputatın dövlətdə başqa vəzifə tutması konstitusiyaya ziddir. Qanunvericilik bu müddəaların pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tuturmu? Əgər yoxdursa, qanunvericiliyə əlavə və dəyişiklik etməyə ehtiyac varmı?

- Burda söhbət işə vicdanla yanaşmadan gedir. Ortada konstitusiyanın müddəalarının bu qədər pozulması faktı var. Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi məhz bununla məşğul olmalıdır. Araşdırmanın nəticəsi hara gedib çıxar, onu Allah bilər. İstəsələr indi də məsələni araşdıra bilərlər. Mən baş prokuror olsaydım, bu işlə məşğul olardım. Mən bu məsələdə korrupsiya elementləri görürəm. Bunu sadəcə olaraq araşdırıb, sübut etmək lazımdır.

- Şikayət etdiyiniz deputatlarla parlamentdə bir yerdə təmsil olunursuz, üz-üzə gəlirsiz. Onların bir neçəsi mətbuatda müraciətinizə çox kəskin reaksiya verib. Üz-üzə gələndə sizə narazılıq bildirən olubmu?

- Nə kəskin reaksiya veriblər? Onlardan biri çox qeyri-etik cavab vermişdi. Xanımdır deyə adını çəkmək istəmirəm. Demişdi ki, guya mən ağlıma gələni danışıram, yazıram. Əslində bu cür cavab insanı təhqir etmək deməkdir. Mən hüquqşünasam. Hüquqşünasın danışığı qanunun mahiyyətinə, hüquqi prinsiplərə əsaslanmalıdır. Ona görə də mən ağzıma gələni danışmıram, ancaq qanunun tələbini deyirəm, qanuna əsaslanıram. Özləri ağızlarına gələni danışırlar, haqlı olduqlarını iddia edirlər. Vicdanlı adam başqa cür hərəkət edərdi.

Üz-üzə gələndə narazılıq bildirən olmayıb, salamlaşıb keçirik. Mən düz deyirəm. Niyə narazılıq bildirməlidirlər?

- Qeyd etdiniz ki, burada korrupsiya elementləri var. Əgər prokurorluq və digər aidiyyəti qurumlar araşdırmaya başlasalar, istintaqa təqdim edəcəyiniz faktlar varmı?

- Bu suala cavab verməyə ehtiyac görmürəm. Mənim müraciətlərimdə yazdıqlarımdan başqa təqdim edəcəyim faktım yoxdur. Əgər araşdırsalar, faktlar özü ortaya çıxacaq. Əsas odur ki, qanunları kobud şəkildə pozublar, vəzifədən sui-istifadə ediblər, vəzifə səlahiyyətlərini aşıblar. Elə bunların özü cinayət hesab olunur.

- Hesab edirsiniz ki, MSK rəhbərliyi qanunu kobud şəkildə pozub, çünki dövlət vəzifəsi tutan deputatlarla bağlı tədbir görməyib. Amma həmin deputatlar vəzifəyə siyasi qərarlarla təyin olunublar...

- MSK sədri və üzvləri qanun əsasında fəaliyyət göstərməli idilər. MSK konstitusiyanı, Seçki Məcəlləsini və başqa qanunları pozub. Konstitusiyanın maddələrini pozan şəxslər vəzifədə necə qala bilər? Kimsə onu vəzifədə saxlayırsa saxlasın. Təəssüf edirəm ki, bu dövlət qanunlarla yox, məmur iradəsi ilə idarə olunur. Biri də vaxtı ilə demişdi ki, əşi, nə olsun ki, yazır, qoy görək “yuxarı”dan nə deyirlər. Bunun özü xarakterik bir əlamətdir. Necə yəni “yuxarı”dan nə deyirlər? Qanun əsasında işləmək lazımdır, “yuxarılar” da qanunlara tabe olmalıdır. Əgər “yuxarılar” da qanunun əleyhinə hərəkət edirsə, daha mənim sözüm yoxdur.

- Əgər müraciətinizə yenə də cavab verilməsə, nə edəcəksiniz?

- Hələlik mübarizə aparıram. Bütün cəmiyyət buna reaksiya verməlidir, amma çox təəssüf ki, hamı ağzına su alıb susub.

- İndiyədək məsələyə parlament rəhbərliyindən hər hansısa reaksiya verilibmi?

- Xeyr, heç bir reaksiya yoxdur

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar