KƏRƏM HƏSƏNOV KİMƏ MEYDAN OXUDU? - "Külli miqdarda dövlət əmlakını əldə etmək istəyən..."

"Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir".

Bunun APA-ya açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib.

O bildirib ki, belə məlumatlar böhtan xarakteri daşıyır və bilərəkdən yayılır: "Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür. Bu cür şayiələr yaymaq Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır".

Q. Xəlilov xatırladıb ki, komitə fəaliyyətində açıqlığı, şəffaflığı və ictimai məlumatlandırmanın təmin olunmasını “KİV haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər media vasitələrində məlumatları yaymaqla həyata keçirir.

Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsünün ittiham xarakterli təkzibi ünvanlıdır. Yəni Kərəm Həsənov mətbuata onun barəsində məlumatların kim tərəfindən ötürüldüyünü bildiyini elan edir. Söhbət kimdən və ya kimlərdən gedir, dəqiqliklə deyə bilmərik. Lakin istənilən halda K.Həsənovun adının MTN ətrafında baş verən hadisələrdə hallanması təbiidir.

Məsələ ondadır ki, keçmiş MTN başçısı Eldar Mahmudovla Kərəm Həsənovun münasibətləri çox yaxşı olub və hətta onların biznes şərikliyi haqda da iddialar var. Bundan başqa, Eldar Mahmudovla Kərəm Həsənovu "ortaq düşmənə" qarşı mübarizə motivinin də birləşdirdiyi haqda əsaslı məlumatlar var.

K.Həsənov isə keçmiş MTN rəhbəri ilə münasibətlərindən xüsusi məmnunluq duyduğunu heç vaxt gizlətməyib. Təsadüfi deyil ki, Kərəm Həsənovun qızının 2 il əvvəlki toyunda Eldar Mahmudov əvvəldən axıradək iştirak edərək, bir növü komitə sədri ilə xüsusi münasibətlərini qəsdən "ortaq düşmənlərə" də nümayiş etdirmiş olub.

Bu iki iri məmur-oliqarxı başqa "işgüzar" münasibətlərin də bir araya gətirdiyi barədə isə mətbuat bugünlərdə yazmağa başlayıb. Söhbət daşınmaz əmlaklar, onların sahiblərilə bağlı MTN banditlərini maraqlandıran məlumatların Kərəm Həsənov tərəfindən onlara təqdim olunmasından gedir.

Kərəm Həsənovla Eldar Mahmudovun daha bir ortaqlığı isə ötən il "AzPolitika.info" saytında Əmlak Məsələləri Dövlət Komitəsinin və şəxsən Kərəm Həsənovun fəaliyyətinə dair dərc olunan silsilə yazılara görə komitənin keçmiş işçisinin həbsi və bu həbs üzərində rəqiblərin sıradan çıxarılmasına hesablanmış uğursuz əməliyyatın keçirilməsi olmuşdu. MTN polkovnikinin intiharı ilə bitən bu uğursuz əməliyyatın da şokedici detalları bugünlərdə - Eldar Mahmudovun işdən azad olunmasından sonra üzə çıxıb.   

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar