NARDARANDA QANLI ƏMƏLİYYAT – 2-si polis olmaqla 6 nəfər ölüb – VİDEOLAR

(Xəbər yenilənir, son yazılar əvvəldədir)

TALE BAĞIROV VƏ DAHA 14 RADİKAL SAXLANILIB

Hazırda Nardaranda gündüz saatlarında baş vermiş qarşıdurma ilə müqayisədə nisbi sakitlikdir.

ANS PRESS-in hadisə yeində olan müxbirinin verdiyi məlumata görə, qəsəbənin giriş və çıxış yolları nəzarətə götürülüb, əraziyə daxil olan avtomobillər yoxlanılır.

Maşınların yoxlanılmasının səbəbi isə avtomobillərdə silah və ya partlayıcı maddələrin daşına bilmə ehtimalıdır.

Qəsəbənin daxilində isə nardaranlılar "Meydan" deyilən ərazisi müharisəyə alıblar. Bura qəsəbə sakinlərindən başqa heç kim buraxılmır. "Meydan"da xeyli sayda böyük təkərlər, taxtalar yandırılıb.

"Meydan"ı mühasirəyə alanlar dəmir və taxta dəyənəklərlə silahlanıblar.

Nardaran meydanından gecə görüntüləri

 

d2abf0ca-c85a-4729-b2cd-f936a0f52427_292

 Nardaranda DİN əməkdaşları ilə  radikal dindarlar arasında baş verən atışmada 2-si polis olmaqla 6 nəfər həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, atışmada öldürülənlərdən ikisinin adı bəlli olub. Bunlar radikal dindarlardan ibarət qruplaşmanın lideri Tale Bağırzadənin bilavasitə yaxın ətrafına daxil olan Abbas Hüseyn və Fərahim Zeynalabdinoğlu adlı Nardaran sakinidir. Sosial şəbəkələrdə Abbas Hüseynin fotosu yayılıb.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə isə hadisə nəticəsində 8 nəfər yaralanıb, ölənlərdən birinin adı isə Sarvandır.Tale Bağırzadənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı qeyd edilir.Musavat.com-un əməkdaşının məlumatına görə, bəzi dindarlar Sabunçu rayon Polis İdarəsinin qarşısına yığışmağa başlayıblar. Polis İdarəsinin qarşısından keçən avtomobil yolu bağlanıb.

Polis İdarəsinin mühafizəsi gücləndirilib. İdarənin qarşısında zirehli gödəkçə geyinmiş polislər mövqe tutublar. Əraziyə zirehli polis maşınları gətirilib.

* * *

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Nardaranda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Daxil olan birgə məlumatda deyilir:

“Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.

Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”.

 

* * * 

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.

APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.

Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.

Atışma zamanı daha bir neçə nəfər yaralanıb.

Onların arasında polis əməkdaşları da var. 

* * * 

“Baş Prokurorluq DİN-lə bir yerdə Nardarandakı silahlı insidenti araşdırır”.

Bu barədə virtualaz.org saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə yaxın saatlarda məlumat veriləcək.

* * *

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirən polislərə dəstək verib.

“Report”un əldə etdiyi məlumata görə, BMCQMİ-nin əməkdaşları Nardarana polislərə atəş açıldıqdan sonra yollanıb.

BMCQMİ orada əməliyyata dəstək verib, bir neçə nəfər saxlanılıb.

 

* * * 

Nardaranda baş verən atışma ilə əlaqədar 3 saylı Klinik Xəstəxanaya 3 yaralı gətirilib. Bu barədə "Report"a xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.

Onun sözlərinə görə, yaralılar artıq əməliyyat olunub: "Onların vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Lakin yaralıların kimliyi hələlik müəyyən edilməyib. Yaralılar gənclərdir".

* * *

Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a bildiriblər ki, Nardaranda əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat zamanı baş verən silahlı insidentdə idarənin 2 əməkdaşı güllələnərək öldürülüb. 10-dan çox yaralı var. Yaralılar arasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəsi müavini Sadiq Heydərov da var. Əməliyyat zamanı çoxlu sayda silahlı şəxs həbs edilib. 

* * *

Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.

Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.

Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.

Bu gün ilahiyyatçı Tale Bağırzadədən sonra, İlahiyyatçı Zülfüqar Mikayılzadə də həbs olunub

Bu haqda İslamazeri.az-a məlumat daxil olunub. Məlumata görə, onu yaşadığı ünvandan polis naməlum istiqamətə aparıb. Hazırda həbs olunanların harada olduğu məlum deyil.

*   *   *14:36

Hadisə şahidlərinin femida.az-a verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.

Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı Sabunçu Rayonu Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Sadiq Həsənovdur.

Hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.

Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.

*   *   *14:23

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

*   *   *14:11

Az əvvəl Bakının Nardaran qəsəbəsində atışma baş verdiyi barədə redaksiyamıza təcili məlumat daxil olub.

Virtualaz.org saytı hələlik məlumatı hüquq-mühafizə orqanlarından və kənd sakinlərindən dəqiqləşdirməyə çalışır. Bununla belə yaralıların və ölənlərin olduğu bildirilir.

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.

İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.

Əlavə məlumatlar veriləcək. Xəbər yenilənir. 

* * *

Bakıda xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini təsdiqləyiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar