"Musavat başqanlığına iddialıyam"- Qubad İbadoğlu

“Təşkilatımı ofisdən çıxardılar, budurmu hakimiyyətlə əməkdaşlığım?”

"Bizim yol" qəzeti Müsavat Partiyasının Divan üzvü, iqtisadçı ekspert Qubad İbadoğludan müsahibə alıb. Qəzetin müxbiri onunla təmsil olunduğu partiya daxilində başqanlıq uğrunda yaşanan mübarizə, həmçinin ölkədəki sosial-iqtisadi problemlər və digər mövzular ətrafında söhbətləşib:

- Qubad bəy, “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatları haqqında araşdırmanızda senssasiya yaradacaq məlumatlar nədən ibarətdir?

- Birbaşa rəqəmlərə keçirəm, 2010-2012-ci illərdə idxalda 12.3 milyard dollar gizlədilib. İkinci, idxaldakı yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illər üzrə 4.6 milyard dollar itirib. Təsəvvür edin ki, idxalda gizli dövriyyə 2003-2009-cü illər üzrə 42.3 faiz idisə, 2010-2012-cü illərdə isə 62.7 faiz olub, yəni 20 faiz artıb. Ümumiyyətlə, araşdırmaya cəlb olunan ölkələr üzrə Azərbaycanın idxalda payı 75 faizdən çoxdur. Hesab edirəm ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olmamasının səbəblərindən biri də budur. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, əsas korrupsiya fiskal orqanlardadır. Bütün bunlara görə büdcədən bu vəsaitlərin yayınması son nəticədə vergi ödənişlərinin sahibkarların üzərinə düşməsinə səbəb olur. Ancaq ümumi yanaşdıqda gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur.

- Konkret ölkələrlə ticarət əlaqələrindəki gizlədilmələri rəqəmlərlə deyə bilərsinizmi?

- 2010-2012-ci illərdə Azərbaycanın idxaldakı kənarlaşmalar üzrə vəziyyəti belədir: Almaniya 33.1, Belarus 104.6, Çin 69.3, Macarıstan 105.9, Rusiya 106.4, Türkiyə 94.8, Gürcüstan 382.4, Ukrayna 42.2, Böyük Britaniya 62.5, Qazaxıstan 2.5, İtaliya 96.2, Cənubi Koreya 16.2 İsrail 126.3 faiz olub. Beləliklə, kənarlaşmanın cəmi idxalda payı 12 milyard 314 milyon 188 min dollar olub, yəni 62,7 faiz, kiçik rəqəm deyil. Bu vəsaitlə müəllimlərin əməkhaqqını 10 dəfə artırmaq olar, yaxud pensiya və müavinətləri dəfələrlə artırmaq mümkündür.

- Qəzetlərin əsas gündəm məsələlərindən biri Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbayanın Milli Bankının rəhbərliyi arasında on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə çoxdan gözlənilən qalmaqallı məhkəmə prosesinin başlamasıdır. Məhkəmədə 20 faizlik “şapka” nə dərəcədə realdır?

- Beynəlxalq səviyyəli sövdələşmələrdə belə hallar o qədər də asan həyata keçiriləsi deyil. İndiki halda bunun məhkəmə perspektivini görüb məhkəmə müstəvisində çözülməsi gedirsə, deməli əsaslar var.

- Azərbaycan üçün bu prosesin hansı nəticələri ola bilər?

- Məhkəmə Azərbaycan hökuməti üçün bu prosesdə iştirak edən fərdlər haqqında qərarlar qəbul edə bilər. Təbii ki, məhkəmədə Azərbaycan məmurlarının sövdələşmədə iştirakı sübut olunarsa, bu, ölkəmizin mövcud bank sisteminə ciddi xələl gətirər və nüfuzunu aşağı salar. Eyni zamanda, daxili səviyyədə müvafiq qərarların qəbulu üçün əsaslar yaradar.

- İndi keçək vətəndaş cəmiyyətində son vaxtlar baş verən hadisələrə. Sosial şəbəkələrdə Sizi hakimiyyətlə QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə əməkdaşlıqda ittiham edirlər. Doğrudanmı, Siz öz maraqlarınıza görə hakimiyyətlə əməkdaşlığa gedibsiniz?

- Əvvəla, sualınıza konkret cavab verməzdən öncə onu deyim ki, rəhbəri olduğum Mədən Sənayesində Şəffaflıq Təşkilatını dünən Life Center-dən çıxartdılar. Adını da qoydular ki, guya, ofisə jurnalistlər, xarici qonaqların gəlməsi qonşularda narahatlıq yaradır. Halbuki, 3 il oturduğumuz Life Center-də bu cür şikayət olmamışdı, bundan əlavə qonşularla söhbət zamanı məlum oldu ki, onlar heç bir şikayət də etməyiblər. İndi sual yaranır, budurmu əməkdaşlığıq, bəlkə əməkdaşlığın nəticəsi?! Keçək suala, əslində biz dövlət orqanlarıyla vətəndaş cəmiyyəti olaraq məhz qurumun Müdafiə Komitəsi adından dialoqun aparılmasının tərəfdarı olmuşuq və bütün tədbirlərdə bu fikir səsləndirilib. Qarşı tərəfdən müxtəlif reaksiyalar oldu, bəziləri bizim rəyi öyrəndiklərini, başqa biriləri ciddi narahatlıq olmadığını və bir qrup narazı QHT-lərin hay-küy qaldırdıqlarını dedilər. Sonda biz dəvət aldıq ki, hüquqşünaslar və vətəndaş cəmiyyətini təmsil edən ayrı-ayrı QHT rəhbərləri qarşı tərəflə məsələni müzakirə etməyə hazırdırlar. Yanvarın 31-də belə müzakirədə mövqeyimizi səsləndirdik.

- O zaman artıq qanun imzalanmışdı...

- Bəli, qanun kiçik korrektələrlə imzalandı, birinci narahatçılıq olan 3 aydan bir reyestrdən çıxarış müddəası ləğv olundu, yaxud üzvlərin birləşmə hüququnun vətəndaş cəmiyyətində iştirak hüquqları qoyuldu. Amma bütövlükdə götürdükdə bizim gözləntilərimiz baş vermədi.

- Və gözləntilərinizin baş verməməsinə rəğmən, hakimiyyətlə əməkdaşlıqda ittiham olundunuz...

- Bilirsiniz, mən sonradan ölkəni tərk etdim. Mən hazırda beynəlxalq səviyyəli ekspert kimi başqa ölkələrdə çalışıram, Bakıda olmayanda məlum oldu ki, QHT Şurası Monitorinq və Hüquq adlı komissiya yaradıb və məni də quruma dəvət ediblər. Komissiyada qanunun tətbiqindən yaranmış problemlərin aradan qaldırılması, monitorinqinin aparılması, qanunvericiliyinin təkmilləşdirilməsi, digər hesabatlar hazırlanacaq. Sadəcə, komissiyada bir çox hökumət təşkilatlarının nümayəndələri təmsil olunduğundan, opponentlərimiz buna etiraz edirlər. Əgər biz QHT-ləri səfərbər edib qanunvericiliyin qarşısını almaq istiqamətində nəzərdə tutulan tədbirlərin hamısını keçirə bilsəydik, yəqin ki, indiki vəziyyətlə rastlaşmazdıq. Ancaq bir tərəfdən deyirik ki, qanunvericiliyin yarada biləcəyi problemlər var və digər tərəfdən də qarşı tərəf “gəlin, problemləri birlikdə qeydə alıb onları yaradan səbəbləri müəyyənləşdirərək birgə təkliflər hazırlayaq” deyir.

- Bəs nədən qanunun imzalanmasından əvvəl bu təklifi səsləndirmirdilər?

- Maraqlı sualdır. Təbii ki, bizim etirazımız var ki, bu proseslər qanunvericilik Milli Məclisə göndərilməzdən əvvəl getsin. Çünki Avropa Şurası Nazirlər Komitəsinin üzv ölkələr üçün tövsiyəsində bu barədə öhdəlik götürülüb. Ki, QHT-lərin fəaliyyətinə təsir edəcək hər hansı qanunvericiliyə əlavə və dəyişikliklər mütləq vətəndaş cəmiyyətiylə müzakirə olunmalıdır. Son əlavə və dəyişikliklər müzakirə olunmadan parlamentə göndərildi və sənəd təsdiqlənəndən sonra biz iradlarımızı bildirdik. Bundan sonrakı mərhələdə isə bizi müzakirəyə dəvət etsələr də, razılaşmadığımız bir çox məqamlar qanunda qaldı.

- Keçək siyasi məsələlərə, partiyanızın qurultayı yaxınlaşır, başqanınızın paytaxt icra hakimiyyətinə göndərdiyi müraciətdə tədbirin vaxtı da göstərilib. Siz başqanlıq uğrunda yarışmada iştirak edirsinizmi?

- Əvvəla, yarışma yoxdur. Bu istiqamətdə iddiası olanların mövqeləri öyrənilir. Partiyamızın nizamnaməsi, ali orqanları var, tədbirə bir ay qalmış qeydiyyat aparılır.

- Sizin iddianız varmı?

- Təbii ki, hər bir müsavatçının seçkidə iştirak iddiasını ortalığa qoyub təbliğatını aparmaq, yaxud başqasının təbliğatını qurmaq istəyi var. Bütün bu demokratik normalar nəzərə alınır. Amma may ayına 3 aydan çox qalıb və bununla bağlı qeyri-müəyyənliklər var. Biz mayın 24-ü üçün yer istəmişik, hələ müsbət cavab almamışıq. Təbii ki, müsbət cavab alsaq, Divanın bununla bağlı qərar vermək səlahiyyəti var. Artıq iddiası olanların öz iddialarını irəli sürüb təbliğatla məşğul olması üçün müəyyən bir zaman çərçivəsi müəyyənləşdiriləcək. Hesab edirəm ki, indi iddia məsələləri üzərində müzakirələr gedir.

- Konkret olaraq Sizin iddianız varmı?

- Təbii ki, müsavatçı kimi başqan olmaq iddiam var. Amma iddialar indiki halda çoxdur, iddiaçıların da hər birini normal qarşılayıram. Biz zamanı gələndə şanslarımızı dəyərləndirəcəyik. O zaman rəsmi olaraq prosesdə iştirak edəcəyik. Çünki iddia məsələsi bir istək və arzudur, amma şanslar isə reallıqdır.

- Bu gün daha çox Sizinlə Arif Hacılının şanslarının güclü olduğu bildirilir. Bu barədə nə düşünürsünüz?

- Bu, müsavatçıların öhdəliyində olan prosesdir, yəni gedişatı qurultay üzvləri müəyyənləşdirəcək. Mətbuatda kiminsə tərəfdarları, yaxud əleyhdarları çox ola bilər, müxtəlif rəylər və müzakirələr başlaya bilər. Amma son qərarı müsavatçılar verəcək, onların da təmsil etdiyi qurultay nümayəndələri.

- Bəs Sizin bu xüsusda partiyada tərəfdarlarınız varmı?

- Mən Müsavat Partiyasının seçkili orqanlarında həmişə iştirak etmişəm və böyük əksəriyyətinin də etimadını qazanmışam. Partiyanın məclis, divan üzvlüyünə seçkisində iştirakımı yada sala bilərəm. Ona görə də hesab edirəm ki, müsavatçılar son qərarını verib partiyanın növbəti dövr üçün həm fəaliyyət strategiyasına, nizamnaməsinə dəyişikliklər etmək səlahiyyətinə malikdirlər. Təbii ki, rəhbər orqanlarda təmsilçilik üçün iddiaçılar çoxdur, yəni burada əsas iddia başqanlıq üzərindədir, bununla belə partiyanın bütün strukturları yeniləşəcək, məclis yenidən seçiləcək, divan və. s.

- Belə bir ehtimal var ki, Siz başqan olsanız, partiya intriqalardan uzaqlaşacaq, bu barədə nə deyə bilərsiniz?

- Çox müxtəlif fikirlər var, mənim haqqımda da, əksini olanları da səsləndirmək olar. Ancaq hesab etmirəm ki, iddiası olanlar bütövlükdə müxalif düşərgənin birliyinin əleyhinədirlər. Müsavat Partiyasının bu istiqamətində şəxs olaraq kimsə strategiya müəyyənləşdirmək səlahiyyətinə malik deyil. Partiyamızda sabah başqanın kim olmasından asılı olmayaraq həm iki, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini partiyanın seçkili orqanları müəyyənləşdirir. Sabahları bu qərarı divan, yaxud məclis qəbul edəcək, təbii ki, bu strukturların formalaşması bu qərarın keyfiyyətinə və siyasi xəttinə də təsir göstərəcək. Ona görə deyilənləri qəbul etmirəm, düşünmürəm ki, bir nəfər kimsə partiyanın bütövlükdə siyasi xəttinə təsir göstərəcək.

- Həmin fikir partiyanın Milli Şuradan istefa qərarından sonra meydana çıxıb...

- Onu təkzib etmək niyyətində də deyiləm. İctimai rəyə də həmişə hörmətlə yanaşıram. Bir daha deyirəm, partiyamızın Milli Şura haqqında qərarının tələsik verilməsinin əleyhinə olmuşam. Bildirmişəm ki, biz müzakirələr aparıb müəyyən dövrdən sonra qərarımızı müəyyənləşdirə bilərdik.

- Başqan seçilsəniz, Müsavatın Milli Şuraya qayıtması ehtimalı gündəmə gələ bilərmi?

- Bir daha deyirəm, partiyanın siyasi xəttini bir nəfər müəyyənləşdirmir, seçkili orqanların qərarlarını icra strukturları həyata keçirir.

- Qubad bəy, özünüzə daha ciddi rəqib kimi görürsünüz - Tural Abbaslını, yoxsa Arif Hacılını?

- Mən hər bir müsavatçını, hətta sıravi müsavatçını da rəqib kimi görürəm. O ki, qaldı partiyanın strukturlarında təmsil olunan şəxslər, təbii ki, bizim aramızda müəyyən müttəfiqlik münasibətləri var. Çalışacağıq ki, sağlam rəqabət və demokratik seçki üçün zəminlər yaradaq. Belə imkanlar var və partiyanın daxili demokratiyası buna imkan verir. Çalışıb sağlam rəqabət, azad, ədalətli seçki formatında partiya üzvlərinin rəyini, etimadını qazanan şəxsləri müəyyənləşdirək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar