Azərbaycan XİN-i ABŞ-ı siyasi təzyiq cəhdində ittiham edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ATƏT yanında Daimi Nümayəndəsinin QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklərə dair tənqidi bəyanatına münasibət bildirib.

Fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında Azərbaycanda QHT-lər haqqında qanuna son əlavə və dəyişiklikləri tənqid edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-nın sorğusuna cavabında deyib ki, qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər Azərbaycan Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərə uyğun hazırlanıb. Həmin dəyişikliklər QHT-lər, Milli Məclis, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb.

E. Abdullayev qeyd edib ki, məqsəd QHT-lərin fəaliyyətində və xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir: “Bu xüsusda biz QHT-lərə müraciət edərək onları Azərbaycan Respublikasının qanunları çərçivəsində şəffaf və açıq, eləcə də korrupsiya və qanunsuz maliyyələşmə metodlarından azad şəkildə fəaliyyət göstərməyə qətiyyətlə çağırırıq”.

QƏRƏZLİ YANAŞMA VƏ SİYASİ TƏZYİQ CƏHDLƏRİ

E. Abdullayevin sözlərinə görə, ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir. Belə ki, Azərbaycan tərəfindən bu sahədə bir sıra mühüm işlər görülür, eyni zamanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər edilməklə QHT-lərin fəaliyyətinin hüquqi bazası möhkəmləndirilir və şəffaflıq artırılır.

Fevralın 3-də QHT-lərlə bağlı yerli qanunvericiliyə əlavə və dəyişikliklər imzalanıb. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları məqsədin vətəndaş cəmiyyətini sıxışdırmaq olduğunu düşünür.

ABŞ-dan AZƏRBAYCAN HÖKUMƏİNƏ ÇAĞIRIŞ/strong>

Xatırladaq ki, ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer fevralın 21-də bəyanat yayıb. “Turan”ın məlumatına görə, bəyanat “Azərbaycan qanunvericiliyində həyəcanlı dəyişikliklər və vətəndaş cəmiyyətinə, müxalifət fəallarına davam edən təzyiqlər” adlanır.

Sənəddə deyilir ki, ötən ilin sonunda Azərbaycan parlamentində QHT-lərin maliyyələşdirilməsini daha çox məhdudlaşdıran qanun qəbul edilib və bu ayın əvvəlində prezident İlham Əliyev tərəfindən təsdiqlənib: “Bu düzəlişlər azad və müstəqil vətəndaş cəmiyyəti üçün məkanı daha da məhdudlaşdırıb və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə ziddir. Bu həyəcanlı düzəlişlər vətəndaş cəmiyyətinə və müxalifət fəallarına təzyiqdir”.

Bəyanatda qeyd olunur ki, ABŞ Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə istintaqı diqqətlə izləyir: “O, qanunsuz sahibkarlıqda və vergidən yayınmada ittiham olunur. Biz ehtiyat edirik ki, Anar Məmmədlinin həbsi prezident seçkisini monitorinq etməsi ilə bağlıdır”.

Daniel Bayer əlavə edib ki, ABŞ REAL hərəkatının lideri İlqar Məmmədovun, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, həmçinin “Nida” gənclər hərəkatının fəallarının məhkəmə proseslərində ədalətli məhkəmə çəkişməsinə zəmanət verilməsini istəyir: “Biz həmçinin Müsavat Partiyasının fəalı Yadigar Sadıqovun xuliqanlıq ittihamı ilə həbs olunmasından narahatıq. Azərbaycan hökumətini vətəndaş cəmiyyəti və ATƏT ilə ölkənin qarşısında duran öhdəliklərin yerinə yetirilməsi üzrə əməkdaşlığa çağırırıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar