"Bu sualların çoxuna ən yaxşı cavabı Rüstəm müəllimin özü verə bilər..." - Eldar Namazov

 "Açığını deyim ki, təkcə mən yox, bir çox adamlar o zaman inamla deyirdilər ki, o, Rusiya vətəndaşı deyil" 

Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı onun prezidentliyə namizədliyinin qeydə alınmasına mane olub. Bu hadisənin müxalifət qüvvələrinin Milli Şurasının nüfuzuna xələl gətirməsinə dair şərhlərlə yanaşı, İbrahimbəyovun Milli Şuranın yaranmasında böyük rolu olduğunu qeyd edənlər də var.

Onlardan biri Milli Şuranın İcra Aparatının rəhbəri, "EL" hərəkatının sədri Eldar Namazovdur. Eldar Namazov həmçinin Cəmil Həsənlinin namizədliyi haqqında fikirləri şərh edib.

- Siz iyunun 17-də demişdiniz ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı deyil. İyulun 31-də bildirmişdiniz ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması uzanır. Avqustun 21-də isə Rüstəm İbrahimbəyovun Rusiya dövləti qarşısında öhdəliyinin olmaması barədə arayışının Bakıda olduğunu söylədiniz. Bunu necə izah edərdiniz?

- Birincisi söylədiklərinizin yalnız birində müəyyən səhv olub, o da Rüstəm müəllimin Rusiya vətəndaşlığıyla bağlıdır, yəni var, yoxsa yoxdur. Açığını deyim ki, təkcə mən yox, bir çox adamlar o zaman inamla deyirdilər ki, o, Rusiya vətəndaşı deyil. Həm də bizə belə informasiya verilmişdi, axı, bunu birinci mən deməmişəm.

- Ancaq siz onunla birbaşa əlaqədə idiniz, öyrənə bilərdiniz...

- Hətta onun özünün də bu barədə bir təkzibi olmuşdu. Həm də onun vəkili bu barədə danışıb təkzib vermişdi. Əgər mediaya belə informasiya verilirsə və vəkil də təsdiqləyirsə, mənim şübhə etməyə əsasım yox idi. Bir çoxları da belə düşünürdü. Sonra aydın oldu ki, pasport var, amma heç bir öhdəlik yoxdur, sadəcə, pasportu təhvil vermək ərizəsi tələb olunur. Amma əvvəldən informasiya başqa cür olduğundan biz ilkin xəbəri təsdiqləyirdik. Sonrakı mərhələdəsə hər şey aydındır, Rüstəm müəllim vahid namizəd elan olunandan sonra ərizə vermişdi, özü də bu işlərə cavabdeh olan idarə rəhbəriylə görüşmüşdü. Və ona maneçilik olmayacağı barədə vəd verilmişdi.

- Milli Şura rəhbərliyində iki dövlət katibi - Lalə Şövkət və Əli Kərimli, iki qanunverici orqanın sədri - İsa Qəmbər və Rəsul Quliyev, həm də administrasiya katibliyinin rəhbəri olmuş Siz və nəhayət, tanınmış hüquqşünaslar var idi, yəni sizlər qanunlardan xəbərsiz idiniz? Hətta bunları əsas götürən hüquqşünas Adil İsmayılov bildirmişdi ki, liderlər Seçki Məcəlləsini oxumurlar...

- Mən başqa söz işlətmək islətməzdim, bu, çox yüngül yanaşmadır. O mənada ki, bizim gözümüzün önündə Gürcüstan təcrübəsi var. Gürcüstan müxalifətinin vahid namizədinin bir yox, iki xarici vətəndaşlığı vardı. İvanişvili Rusiya və Fransa vətəndaşlığından çıxıb vaxtında məsələləri həll etdi. Biləndı ki, Rüstəm müəllimin vətəndaşlığı var, özünün də ərizə verib vaxtında problemin həllinə çalışır, həm də qonşu ölkənin nümunəsi vardı, bizdə yalnız bir sual qalmışdı: bunu vaxtında etmək olar, ya olmaz?

- Deməli, siz zaman itkisinə məruz qaldığınızı etiraf edirsiniz?

- Həm də ərizənin verilməsi və başqa məsələlər Azərbaycanda yox, Rusiyada baş verirdi. Biz daha çox Rüstəm müəllimin verdiyi informasiyaları nəzərə alırdıq. Ancaq Milli Şuranın bəzi üzvləri bildirirlər ki, iyunda sədr seçiləndə gərək vahid namizəd də elan olunaydı. Onda hamı bu qərara prinsipcə hazır idi.

- Bəs niyə alınmadı?

- Yalnız bir-iki dostlarımız gözləməyi məsləhət gördülər.

- Konkret hansı dostlardan söhbət gedir?

- Müsavat və AXCP.

- Onların gözləmək arqumentləri əsaslıydımı?

- Mənim aləmimdə əsaslı arqument deyildi. Çünki onlar başqa namizədi təklif etmədiklərini və Rüstəm müəllimin namizədinin əleyhinə olmadıqlarını deyirdilər. Beləliklə, Rüstəm müəllimin vahid namizəd seçilməsi təqribən 1 ay yarım yubandı. O da ərizəni yalnız vahid namizəd seçiləndən sonra verə bilərdi. Biz təqribən ay yarım itirəndən sonra günləri sayırdıq. Artıq hamı problemin olduğunu və Rüstəm müəllimin də onu həll etməyə çalışdığını başa düşürdü. Söhbət yalnız imza toplamaq üçün müəyyən vaxtın olmasından gedirdi. Əgər Rüstəm müəllim imza toplamaq kampaniyasının nəzərdə tutulmuş vaxta qədər vətəndaşlıqdan çıxırsa, heç bir problem yoxdur. Yox, məsələ uzanırsa, artıq Milli Şuranın seçkidən kənarda qalması təhlükəsi yaranır. Bununla bağlı Rüstəm müəllim artıq avqustun 12-də Milli Şuraya təhlükənin olduğunu, amma problemi həll etməyə çalışması haqqında müraciət etdi. Ona görə də ehtiyat variantları da nəzərdən keçirmək lazımdır. Hesab edirəm ki, Rüstəm müəllimə qarşı hakimiyyət mediasında və özünü müstəqil sayan saytlarda bu qədər şər-böhtan kampaniyası aparılır, əvvəla, onun Milli Şuranın yaradılmasında oynadığı rolu nəzərə almaq vacibdir. Əgər Rüstəm İbrahimbəyov faktoru olmasaydı, Milli Şuranı yaratmaq mümkün olmayacaqdı. 20 ildir müxalifət düşərgəsində nə qədər təkliflər olsa da, heç biri reallaşmayıb.

- Sizə elə gəlmir ki, Rüstəm İbrahimbəyovun müsahibələri də bəzi şübhəli suallar doğurdu? Məsələn, o, deyirdi ki, Bakıda olmasa, maliyyə məsələsini kim həll edəcək? Yaxud “Putinin 15 avqust Bakı səfərindən sonra vətəndaşlıq məsələsinin taleyi məlum olacaq” deyə bildirmişdi. Bütün bunları əsas götürən bəzi saytlar və hətta namizəd olan partiya sədrləri İqbal Ağazadə, Sərdar Cəlaloğlu İbrahimbəyovu Rusiyanın adamı, Milli Şuranı isə Kremlin layihəsi olduğunu bəyan etdilər. Misal gətirdiklərim barədə nə deyə bilərsiniz?

- Bu sualların çoxuna ən yaxşı cavabı Rüstəm müəllimin özü verə bilər. Ona görə də onunla bağlı sualları başqa adamdan öyrənmək etikadan kənardır, düzgün də deyil. Amma hadisələrin gedişatı kimin hansı tərəfin proyekti olduğunu göstərdi. Məlum oldu ki, hakimiyyətin özü elə Rusiyanın proyektidir. Əgər bir insan Rusiyanın vətəndaşı olmaq istəmirsə, dövlətin də qarşısında öhdəliyi yoxdursa, niyə İvanaşvili kimi Rüstəm İbrahimbəyovun da sənədinə imza atmırlar? Ona görə kimin hansı proyektdə olduğu artıq dəqiqdir. Həm də həmin şayiələr buraxılanda ən böyük dəstəyi Amerika və Avropadan gördük. ABŞ konqresmenləri dövlət başçısıyla görüşüb Rüstəm müəllimin məsələsini qaldırdılar, Helsinki Komitəsində canlı dinləmələrdə bu sual bir daha səsləndi. O cümlədən, Avropa Parlamenti bu barədə bəyanat yaydı. Amma bu işə kifayət qədər maneçiliyi Rusiya rəsmiləri həyata keçirdi.

- Amma həm saytlar, həm də Sərdar Cəlaloğlu, İqbal Ağazadə məsələni əksinə qoyurlar, onlar deyirdi ki, Rüstəm İbrahimbəyov faktoru və Milli Şura, “Milyarderlər ittifaqı” rəsmi Bakıya təzyiqlərin artırdı və Moskva istədiyini ala bildi...

- Sərdar Cəlaloğlu Milli Şura yaranandan bəri qurumun əleyhinə çıxış edir. Mən onlara sual verirəm, vahid namizəd Cəmil Həsənlidir, ona niyə dəstək vermirsiniz? Cəmil Həsənli haranın proyektidir, Afrikanın, İranın, yoxsa Ermənistanın? Cəmil Həsənli hərəkatdan çıxmış adamdır, Elçibəyin müşaviri və 11 il AXCP sədrinin müavini olub. Niyə ona dəstək vermirlər?

- Nəhayət, son sual: artıq seçki təbliğatı kampaniyası başladı, bu mərhələdə də zaman itkisi, ləngimələr olmayacaq ki?

-Milli Şuranın seçki strukturu yoxdur, bu, vahid namizədin qərarıyla yaradılmış Seçki Qərargahı var. Biz bunu düzgün hesab edirik, çünki son söz vahid namizədin olmalıdır. O, vahid namizəd olmaq, 2 il ölkənin prezidenti məsuliyyətini üzərinə götürürsə, təbii ki, Seçki Qərargahı və kampaniya qərarını da özü verməlidir. Düşünürəm ki, Milli Şura çox ciddi mübarizəyə hazırdır və bu mübarizəni həm Bakıda, həm də regionlarda aparacağıq. Əminəm ki, Azərbaycan cəmiyyəti bu mübarizədə bizə dəstək verəcək.

"BBC Azərbaycan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar