POLKOVNİKDƏN ŞOK İTTİHAMLAR - "Hospitalda hətta cərrah əlcəyi belə çatışmır..."

"Szə müraciətimin başlıca mətləbi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyevin səriştəsiz və amansız fəaliyyəti ilə bağlıdır. Bəri başdan deyim ki, o, Silahlı Qüvvələr üçün çox təsadüfi bir insandır. Hərbi həkimlikdən bixəbər olan bu şəxs 54 yaşında baş leytenant rütbəsində ordu sistemində mühüm sayılan bir posta təyin edilmişdir. Hərbi qanunvericiliyə zidd olaraq, bir ildə iki dəfə hərbi rütbəsi artırılmışdır. Sual oluna bilər: hansı nümunəvi xidmətə, hansı qəhrəmanlıq nümunəsinə görə onun rütbəsi vaxtından xeyli əvvəl verilmişdir? Bu suala kimsə əsaslı cavab verə bilməz." 

Bu fikirlər ehtiyatda olan tibb xidməti polkovniki Aftandil Namazovun prezident İlham Əliyevə müraciətindən götrülüb. "Moderator.az" saytında dərc olunan müraciətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyevlə bağlı ciddi ittihamlar irəli sürülüb.

Belə ki, Aftandil Namazovun yazdığına görə, Baş Klinik Hospitalının rəisi vəzifəyə keçdiyi ilk gündən peşəkar hərbi həkimlərə qənim kəsilib: "Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən, milli hərbi təbabətimizin nəcib mənəvi ənənələrini canıyananlıqla qoruyub inkişaf etdirən istedadlı və zəngin təcrübəli hərbi həkimlərin amansız qənimi kimi fəaliyyət göstərir. Neçə-neçə illərin sınağından çıxmış səriştəli həkimlər çıxdaş edilir və komandanlıq tərəfindən bu xoşagəlməz hallara göz yumulur. Əslində bu fəaliyyət deyil, manqurt siyasətidir. Dünya şöhrətli Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının 15 məzunundan bu gün hospitalımızda cəmi ikisi qalmışdır. Tofiq Tağıyev məqsədli şəkildə onların "soyqırım"ı ilə məşğuldur. Qalan peşəkar hərbi həkimlər də hədəf altındadır".

Müraciətdə daha sonra Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyevə  əməllərindəki  qanunsuzluqlarla bağlı konkrert ittihamlar irəli sürülür. Onun saxta yollarla  dövlətdən  lazım olduğundan 2 qat artıq dərman aldığını, ancaq buna baxmayaraq hospitalda əsgər və zabitlərimizin müalicəsi üçün dərman tapılmadığını bildirib: "Hospitalımız öz tarixində görünməyən bir maddi-mənəvi böhranla üz-üzə qalmışdır. Xəstə əsgər və zabitlərimizi müalicə etmək üçün dərman qıtlığı hökm sürür. Qeyrətli həkimlər öz döyüşçüsünü müalicə etmək naminə dərmanları öz cibinin pulu ilə alırlar. Əsgər ailələri məcbur edilir ki, övladına dərmanı öz hesablarına alsınlar. Buna nə ad vermək olar?! Hospitalımızın tarixində heç vaxt belə dərman qıtlığı olmamışdır. İş o yerə çatmışdır ki, hospitalda hətta cərrah əlcəyi çatışmır. Saxta kotirovka sorğusu ilə dərmanları ikiqat artığına alaraq, dövlətin vəsaitini kül kimi göyə sovurur və sövdələşdiyi firmalardan rahatca öz payını əldə edir. Alınan dərmanları istifadəyə verməyərək vaxtı uzadır, yararlılıq müddəti keçən kimi hesabdan silir və süni yollarla gəlir qazanır. Hər bir məsələyə biznes iştahası ilə yanaşır. Ona görə də, 24 il bundan əvvəl yaranmış hospitalın qazandığı nüfuz qısa vaxtda Tofiq Tağıyevin yöndəmsiz hərbçiliyi, antivətənçilik siyasəti və iyrənc biznes iştahası ucbatından itirilmişdir. Bu acılı problemin müəllifi Tofiq Tağıyevdir. Ona görə ki, hərbi rütbə almaqda ildırım sürəti ilə irəliləyən Tofiq Tağıyev, öz fəaliyyətini şəxsi iddialar əsasında həyata keçirir, hərbi strukturu özəl struktur kimi idarə edir, yalnız özünü düşünür, danışığında etik normaları gözləmir, ağzından daim küçə söyüşləri çıxır və bəla burasındadır ki, ona “dur” deyən yoxdur."

Daha sonra müraciətdə hospitalda vakant yer olmasına baxmayaraq, Tofiq Tağıyevin təcrübəli işçiləri  heç bir qanuni əsas olmadan işə götürlmədiyi vurğulanır: "Mən bu yaxınlarda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Urologiya şöbəsinin rəisi və Silahlı Qüvvələrin Baş uroloqu vəzifəsindən yaşa görə ehtiyata buraxılmışam. Özəl klinikalarda özümə iş tapmaq mənim üçün problem deyil. Lakin mən doğma orduya, xalq döyüşçülərinə xidmət etmək üçün doğulmuş bir hərbi həkiməm. Ömrümün 35 il 8 ayını hərbçi kimi keçirmişəm. Özümü ordusuz təsəvvür edə bilmirəm. Ümumiyyətlə, ölkəmizdə stajlı hərbi həkimlər azdır. Peşəkar hərbi həkimlər təxminən 45-48 yaşlarında püxtələşirlər. Bu müddət ərzində onlarda kifayət qədər kamilləşmə prosesi gedir. Ona görə də cavan və yaşlı kadrların birgə fəaliyyəti çox zəruri sayılır. Bu məqsədlə Tofiq Tağıyevə hospitalımızda hal-hazırda urologiya şöbəsində vakant olan mülki həkim vəzifəsində çalışmaq istəyimi açıqladım. “Hospitala mülki həkim lazım deyil” deyə, mənə birbaşa “yox” cavabı verildi. Bu cavab, necə deyərlər, ağa qara deməyə adətkərdə olan erməni məntiqinə əsaslanmış bir cavabdır. Sual oluna bilər: 35 ildən çox hərbçi həyatı yaşayan hərbi həkim məgər ehtiyata buraxılan kimi mülki həkim olur? Bu birtərəfli fikri yalnız Tofiq Tağıyev düşünə bilər. Axı, hərbi komandanlıq missiyası hara, hərbçilik əlifbasını bilməyən Tofiq Tağıyev hara?! Mən libasımı dəyişsəm də, bütün varlığımla hərbçiyəm. Əlbəttə, o, məni anlamaq səviyyəsində deyil.

Əsaslı cavab üçün təsadüfi hospital rəisinin qəbul otağının qapısında 40 dəqiqə gözləməli oldum və mənə çox biganə münasibət göstərildi. Kənar adamlar qəbul olundu, lakin ordu həyatında canını-qanını qoymuş bir zabit kimi mən qapının arxasında qaldım. Belə biganəliyin acısını dadan təkcə mən deyiləm. Təcrübəli həkimlərin hamısına bu acını növbə ilə yaşadırlar. Ən dəhşətli hal bir də odur ki, bizim kimi orduda şərəfli ömür sürənlərə göstərilən bu laqeydlik gənc zabitlərin gözü qarşısında baş verir. Buna görə çox sarsıntı keçirən gənclərin mənəvi aləmində ümidsizlik toxumu indidən cücərməyə başlayır.

Bu gün hospitalımızda hərbi təbabət sahəsində “Ekstrakorporal” daşsındırma aparatı üzrə sertifikatı olan yeganə hərbi həkim mənəm. Bu sertifikatı təcrübəli alman mütəxəssislərin treninqində almışam. İndi həmin dəyərli aparat istifadəsiz qalmışdır. Görəsən, Tofiq Tağıyevin bu günahını kim bağışlayacaq?

Tofiq Tağıyev təcrübəli hərbi həkimlərin min bir hiylə yolu ilə yaşa görə ehtiyata buraxılmasını düzüb-qoşur. Bəs, nə üçün özü barədə düşünmür? 56 yaşını haqlamış bu təsadüfi rəisdən hospitalımız vaxtında xilas olmasa, onun dağıdıcılıq fəaliyyətinin acı nəticələrini aradan qaldırmaq çox müşkül məsələyə çevriləcəkdir".

Müraciətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi işçilərə qul kimi münasibət göstərməkdə də ittiham edilir: "Möhtərəm Prezident, bir fikrimi də ayrıca vurğulamaq istəyirəm ki, Tofiq Tağıyev Sizin dediyiniz kimi ədabaz məmurlar sırasındadır. Özünə çox dəbdəbəli kabinet yaradıb. Qəbula gələnləri kamera ilə izləyir. Xoşuna gələni qəbul edir, öz əqidəsinə uyğun olmayanları isə bəhanə ilə qapı arxasında saxlayır və son nəticədə qəbul etmir. Hospitalımızın tarixində hələ bu səviyyədə ədabaz rəis olmamışdır. Belə xarakter heç bir halda hərbi həyat fəlsəfəsinə daxil edilə bilməz. Mənəvi dünyamızda pozulmaz sayılan hərbi əxlaq normaları onun üçün çox yad hesab edilir".

Müraciətin sonunda Prezidentdən Ali Baş Komandan kimi Baş Klinik Hospitalının rəisi ilə bağlı tədbir görülməsini təmin etmək xahiş olunur: "Belə davam etsə, hərbi həkimlərin, əsgər və zabit ailələrinin içini didib-dağıdan imdad harayının səsi bütün aləmi bürüyəcək...

Möhtərəm cənab Prezidentimiz, açıqladığım bəladan xilas olmaq üçün Sizdən bir yol tapmağı, bir yol açmağı xahiş edirik."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar