Pərviz Həşimlinin işindən şikayət verilib

Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli barəsində həbs qətimkan tədbirinin seçilməsindən apellyasiya şikayəti verilib. Bunu “Media forum” saytına vəkil Elçin Sadıqov deyib.

Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, “Moderator.az” saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir. Onu sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib.

Pərviz Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinir. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri sentyabrın 18-də Səbail Rayon Məhkəməsində seçilib.

“Media forum”a açıqlamasında Elçin Sadıqov deyib ki, apellyasiya şikayətində həbs qətimkan tədbirinin ləğv olunmasını istəyiblər.

Vəkil Bakı Apellyasiya Məhkəməsinə müraciətdə Pərviz Həşimlinin evində, “Bizim yol” qəzetinin və “Moderator.az” saytının ofislərində aparılan axtarışlardan da şikayət etdiklərini söyləyib. Elçin Sadıqovun fikrincə, “Moderator.az” saytının ofisindən kompüterlərin götürülməsi təsdiqləyir ki, jurnalistin informasiya mənbələri yoxlanır: “Hələlik kompüterlərdə aparılan araşdırmaların detalı haqda məlumatımız yoxdur”.

Pərviz Həşimli ilə birlikdə Təvəkkül Qurbanov ad-soyadlı şəxs də həbs olunub. Elçin Sadıqovun sözlərinə görə, Təvəkkül Qurbanovun kim olduğunu onlar da bilmirlər: “Təvəkkül Qurbanovun Pərviz Həşimli ilə heç bir əlaqəsi yoxdur. Təvəkkül Qurbanovun oğlu Azərbaycan Dövlət İqtisad Universitetində oxuyur. Sadəcə bir neçə dəfə Pərviz Həşimlidən xahiş edib ki, universitetdən kiməsə oğlu üçün xahiş etsin. Pərviz Həşimli də bundan imtina edib. Sonuncu dəfə Təvəkkül Qurbanov Pərviz Həşimliyə zəng edib deyib ki, üz-üzə görüşüb oğlunu onunla tanış etmək istəyir. Pərviz Həşimli də evdən çıxan kimi həbs olunub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar