KEŞLƏDƏKİ QƏTL İŞİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT – Nizami polisi və prokurorluğuna ittiham

2 qardaşı bıçaqlayan Elçin Fərəcov necə olub ki, həbs olunmayıb?

Sentyabr ayının 2-də Bakının Keşlə qəsəbəsində qətl hadisəsi baş verib. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E.Fərəcovu xilas etmək mümkün olmayıb.

Seymur Məmmədov dərhal, onun qardaşı Murad Məmmədov isə bir neçə gün sonra həbs olunublar. Daxili İşlər Nazirliyinin saytına bildirilib ki, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Elçin Fərəcovu qətlə yetirən qrupun digər üzvü, Sabirabad rayon sakini Murad Məmmədov tutulub.

DİN bildirib ki, cinayətin motivi bəlli deyil və faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Lakin bu cinayətlə bağlı “AzPolitika.info”-ya daxil olan məktubdan belə görünür ki, bu cinayətin törədilməsində elə DİN əməkdaşlarının – polislərin də böyük rolu olubdur. Elə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşlarının, Nizami Rayon Prokurorluğu ilə birlikdə ağır bir cinayəti müəyyən maraqların təmin olunması müqabilində ört-basdır etmələri daha ağır cinayətə - Elçin Fərəcovun qətlinə yol açıb.

E.Fərəcovun qətlinə görə həbs olunmuş qardaşların – Seymur və Murad Məmmədovların anaları Məmmədova Məryəm Mirzə qızının (Bakı şəhəri, Zığ qəsəbəsi, Naximov küçəsi 83 A-da yaşayan) Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, DİN başçısı Ramil Usubova, Ombudsman Elmira Süleymanovaya ünvanladığı məktubda bütün bunlar barədə ətraflı məlumat verilib. Sürəti AzPolitika.info-ya daxil olmuş məktubda deyilir:

“Möhtərəm Prezident!

Sizə bu müracəti etməyimin səbəbi rastlaşdığım misli görünməyən haqsızlıqla bağlıdır. Bu səbəbdən də Sizə olan böyük ümidim və inamım məni bu məktubu yazmağa vadar edir. Mənim oğlum Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 2013-cu il sentyabr ayının 2-də Keşlə qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla qətlə yetirib. Bu bir cinayət hadisəsidir və mən bundan böyük məyyusluq keçirirəm. Hesab edirəm ki, hər bir cinayət əməlini törədən şəxs öz layiqli cəzasını almalıdır. Ancaq bu ölüm hadisəsinin törədilməsinə səbəb olan gercək motiv araşdırılmır.

Cənab Prezident! Sizi əmin edirəm ki, bu qanlı hadisəyə səbəb olan motiv gercəkdən araşdırılsa hüquq-mühafizə orqanlarının bir sıra əməkdaşları cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki onlar bir insanın qanına bais olub, digərinin isə cavan ömrünü həbsxana divarları arxasında cürüməsinə şərait yaradıb.

Sizin nəzərinizə çatdırım ki, qətlə yetirilən Elçin Fərəcov 2012-ci ilin may ayının 30-da mənim iki oğlumu – qətli törədən Seymur Məmmədovu və ondan yaşca balaca olan övladım Murad Məmmədovu aralarında yaranan mübahisə zəminində biçaqlamışdı. Hər iki oğlum həkimlərin göstərdiyi fədakarlığın nəticəsində xilas oldular.

Elçin Fərəcovun törətdiyi həmin cinayət, yəni soyuq silahla iki nəfərə ağır bədən xəsarətləri yetrmək, ağır və ola bilsin ki, xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Ancaq hüquq-mühafizə orqanlarının havadarlığı nəticəsində o, bir günlüyə də olsun məsuliyyətə cəlb olunmadı. Hətta onların özləri də açıq deyirdilər ki, 30 min verib bu işi bağlatdıq. Həmin hadisə də Nizami rayonu Keşlə qəsəbəsində olmuşdu. Cəzasız qalan Elçin və onun qohumları həmin hadisədən hər zaman fəxrlə danışırdı. Oğlanlarımı acızlikdə günahlandırırdılar. Bütün dedi-qodulara dözə bilməyən Seymur bu qətli törətdi.

Cənab Prezident! Mən qətiyyən oğluma haqq qazandırmıram, ancaq hesab edirəm ki, hər bir cinayəti törədən şəxs öz layiqli cəzasını alsaydı bu hadisə də baş verməzdi. İş orasındadır ki, heç bir əsas olmadan mənim kiçik oğlum Məmmədov Muradı da bu işə qoşub onu həbs ediblər. Muradın bu işdə heç bir təqsiri yoxdur. Cünki ölən bəlli, öldürən bəlli. Bu cinayət işini də mənim oğlanlarımın qanını batıran Nizami Rayon Prokurorluğu aparır. Xatırladım ki, hər iki oğluma Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə 120.2.1-lə ittiham irəli sürülüb. Ancaq kicik oğluma əvvəl Cinayət Məcəlləsinin 307.2 ittiham verilmişdi.

Bütün bunlar imkanlı ailə olan Fərcovların pulunun gücünə edilir.

Cənab Prezident!

Hər bir Azərbaycan Respublikası vətəndaşının qarantı kimi Sizdən artıq dərəcədə

Xahiş edirəm:

1. 2012-ci ildə oğlanlarımı bicaqlayan şəxsin hansı səbəbdən azadlıqda qalması faktının dəqiq araşdırılmasına və bu işdə təqsiri olan hüquq- mühafizə orqanlarının işçilərinin layiqli cəzasına çatmasına göstəriş verəsiniz.

2. Bu cinayət işinin əvvəldən bizim ailə ilə qərəzli münasibətdə olan Nizami Rayon Prokurorluğundan alınıb Bakı Şəhər Prokurorluğuna verilməsinə köməklik göstərəsiniz.

3. Heç bir günahı olmayan kiçik oğlumun şərlənməməsinə göstəriş verəsiniz.

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm.

20.09.2013-cü il”

Sonda onu da qeyd edək ki, yaxınlarından aldığımız məlumata görə, Seymur və Murad Məmmədov qardaşları bu gün saxlanıldıqları Şüvəlan təcridxanasında işin obyektiv araşdırılması tələbi ilə aclıq aksiyasına başlayıblar. 

Mövzuya qayıdacağıq.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar