Araz Əlizadə evində işlətdiyi ustanın maşınını girov götürüb

Ruslan Somov: “Araz Əlizadə maşınımı və sənədlərimi qaytarmır”

Prezidentliyə namizəd, ASDP sədri Araz Əlizadə usta Ruslan Somovun maşınını, maşınının sənədlərini və şəxsiyyət vəsiqəsini girov götürüb. Bu barədə R.Somov özü məlumat verib: “Bu gün maşınım, şəxsiyyət vəsiqəm faktiki olaraq girovluqdadır. Araz Əlizadə maşınımı və sənədlərimi qaytarmır”.

Baş verənləri Ruslan Somov belə anladıb: “8-9 ildir ki, ev təmiri ilə məşğulam. 2012-ci ilin fevralında adını çəkmək istəmədiyim tanışım dedi ki, bir ev var, onu təmir etmək lazımdır. Dedim ki, təmir edərik”.

R.Somovun sözlərinə görə, beləcə tanışı ilə birgə hazırda prezidentliyə namizəd olan Araz Əlizadənin yeni aldığı mənzilə gəlib: “Həmin mənzil Dövlət Statistika Komitəsi ilə üz-üzə olan yeni tikilmiş binada idi. Mənzildə santexnika, rəngsaz, alçipan, kafel-metlax işləri görülməli idi. Araz Əlizadə ilə həmin işləri görmək üçün 26 min 500 manata razılaşdıq. 3-4 işçi cəlb etməklə 2012-ci ilin fevralında işə başladıq. İşlər görülən zaman əlavə işlər çıxdı. Buna görə də belə razılıq əldə olundu ki, 3 min 500 manat bizə ümumi məbləğdən əlavə ödənməlidir. Razılaşdıq. Mənzil 150 kavadrat metr idi. Əsas işləri avqustun əvvəllərində yekunlaşdırdıq. Mən Araz Əlizadədən bizə verməli olduğu sonuncu 1500 manatı istədim. Bundan sonra bütün bu məsələlər qalxdı".

Usta deyir ki, 7 ay Araz Əlizadənin evində işləyiblər. Bu müddətdə ev sahibi tez-tez işin gedişatı ilə maraqlanıb: “7 ay ərzində həftədə 1 dəfə gəlib işimizə baxırdı. Heç bir söz demirdi. Yanında dizayner və ailə üzvü olurdu. 7 ay orada işləmişik, bu müddətdə heç bir narazılıq, etirazı olmayıb. 1500 manatı istəyəndə dedi ki, işi əyri görmüsüz. Mən də sual verdim ki, əgər iş normal görülmürdüsə, bunu niyə sonda, bizə sonuncu 1500 manatı verməli olduğun halda deməyə başladın?

Faktiki heç bir əyri iş yoxdur. Sadəcə mübahisə yaratmaq istəyirdi. 7 ay ərzində pulumuzu hissə-hissə ödəyirdi. Araz Əlizadə narazılıq edəndə dedim ki, pulu ver, işi yekunlaşdıraq. Dedi, vermirəm. Mən də işi görmədim".

R.Somov deyir ki, sonradan A.Əlizadə ilə evində görüşüb: “Evində Araz Əlizadə özü, Rauf adlı tanışı və dizayner idi. Araz dedi ki, 10 günün içində mənə 7 min manat verəcəksən. Sual verdim ki, bu rəqəmi haradan almısan? Dedi, heç nə bilmirəm, 7 min manat verəcəksən.

Təklif etdim ki, gedək mənzili ölçək, görülən işləri qiymətləndirək, baxaq o rəqəmi haradan almısız. Cavab verdi ki, orada artıq başqa usta işləyir. Belə olanda dedim ki, aramızda görüləcək işlərə görə centlmen razılaşması olub. Yəni şifahi razılıq əsasında iş görmüşük, haqqımızı almışıq. Araz Əlizadəyə dedim ki, sənin evində görmədiyimiz işə görə mənə 4 min manat vermisən. Mən həmin 4 min manatı sənə qaytaracağam. Razılaşmadı, stolun üstündən maşınımın açarlarını götürdülər. Etiraz edəndə mənə əl-qol atdılar. Maşının qapılarını açıb içindən şəxsiyyət vəsiqəmi, maşına aid sənədləri götürdüm və maşınımı sürüb getdilər".

R.Somov bundan sonra A.Əlizadənin tanışı olan Nizam Nəzərova zəng edərək baş verənlər haqda ona məlumat verib: “Nizam ustadır. Ona dedim ki, Araz Əlizadə mənə qarşı belə hərəkətlər edib. O da dedi ki, 2 gün vaxt ver, məsələni yoluna qoyum. Araza zəng edib dedim ki, səndən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edəcəyəm. Dedi ki, mənim hüquq-mühafizə orqanlarında da, oğru aləmində də adamlarım var, kimə istəyirsən şikayət elə.

5-6 gün üstündən keçəndən sonra Nizam dedi ki, Arazla danışmışam, gedək evinə. Evində oturub Arazla söhbət elədik. Razılığa gəldik ki, ona 4 min manat ödəyirəm, söhbət yekunlaşır".

R.Somov elə orada A.Əlizadəyə 1 il müddətində 4 min manat ödəyəcəyi haqda yazılı iltizam verib: “Araz Əlizadə bu centlmen razılaşmasından 15 gün sonra Nizama zəng elədi ki, pulu gətir. Biz isə pulu hissə-hissə, 1 il ərzində qaytaracağımıza razılaşmışdıq. Çünki mən ondan aldığım pulları tək özümə götürməmişdim. 7 ay ərzində onun evində işə cəlb etdiyim 3-4 ustaya da hər ay işlərinə görə əmək haqqı vermişdim. Nizam razılaşmanı Araza xatırladanda o, telefonu söndürüb”.

R.Somov deyir ki, 2012-ci il dekabrın 14-də Binəqədi Rayon Məhkəməsindən onun yaşadığı ünvana məktub gəlib: “Məktubda Araz Əlizadənin iddiası vardı. O, məndən 20 min manat tələb edirdi. O, həmin 20 min rəqəmini necə hesabladığını iddiasında yazmayıb. Binəqədi Rayon Məhkəməsində tələb etdim ki, bu rəqəmin haradan götürülməsini aydınlaşdırmaq üçün ekspertiza təyin olunsun. Gedib Arazın təmir etdiyimiz evinə ekspert-mütəxəssislər baxsınlar. Təmin eləmədilər. Araz Əlizadəyə məhkəmədə dedim ki, əgər mən düz adam olmasaydım, elə 4 min manatlıq işi görmədiyimi boynuma götürməzdim. Bəs sən bu 20 mini iddiaya yazanda bir Allaha baxdınmı? Hakim məni heç dinləmək istəmədi, elə Arazın iddiasını tələsik təmin elədi".

R.Somov deyir ki, Apelyasiya Məhkəməsində də onun ekspert-mütəxəssislərin mənzilə baxış keçirmələri haqda vəsatəti təmin olunmayıb. Nəticədə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanıb: “Araz Əlizadə iddiasına 20 min əvəzinə 200 min manat yazsaydı, belə çıxır ki, hakimlər onun yazdığına inanıb həmin pulu ona verməyimi vəzifə kimi mənim qarşıma qoyacaqdılar? Bu nə məntiqdir?”

R.Somov Apelyasiya Məhkəməsinin iş üzrə çıxardığı qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib.

Şikayətə sentyabrın 25-də baxılacaq. O deyir ki, bu müddətdə A.Əlizadə onun maşınını və maşınından götürdüyü sənədləri qaytarmayıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə etdiyi şikayət isə nəticəsiz qalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar