MTN SALYANIN İCRA BAŞÇISINA NƏ YAZMIŞDI? – Tahir Kərimova yeni ittihamlar

“Nazirlər Kabinetinin və MTN-in Salyan İcra Hakimiyyətinə göndərdikləri məktublarda belə bir bənd var ki...?”

Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Nazirlər Kabinetinin sərəncamını icra etməməliyəm?”.

Bunları Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov mart ayının əvvəlində Salyanda balıqçılıq təsərrüfatlarından külli miqdarda rüşvət tələb olunduğuna dair Azpolitika.info-da dərc olunan məlumata münasibət bildirərkən demişdi. Salyanlı sahibkarlar saytımıza şikayət etmişdilər ki, icra hakimiyyəti “bələdiyyə vergisi” adı altında balıqçılıq təsərrüfatlarından hər hektara görə 350 manat pul tələb edir. Sitat:

“Bilirsiniz ki, Salyanda balıqçılıq yerli əhalinin əsas qazanc mənbələrindən biridir. Hazırda rayonda təxminən 2500-3000 hektaradək ərazidə balıqçılıq təsərrüfatları var. Tahir Kərimov “bələdiyyə vergisi” və “su pulu” adı altında hər il sahibkarlardan külli miqdarda pul yığır. Ötən illər hər hektara görə 200 manat tələb edirdi. Bu il məbləği 350 manata qaldırıb. Deyir verməsəniz işləməyəcəksiniz, təsərrüfatlara su verilməyəcək. Sahibkarlar qalıb belə, əlacsız.”

T.Kərimov isə bildirmişdi ki, Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunur.

Ardınca şikayətçilərin ünvanlarına sərt sözlər demişdi. Sitat: “Mənim haqqımda yalan yazanları məhkəməyə verəcəm. Bu barədə rəhbərlikdən icazə də almışam və konkret tapşırıq vermişəm. Mənimlə bağlı son yazıları yazanları da məhkəməyə verəcəm ki, özləri aydınlaşdırsın. O zaman bəlli olacaq ki, kim pul alır, kim pul almır.

Yazıblar ki, güya sahibkarlardan pul istənilir. O hansı şərəfsizdir ki, qoy, pul istənilməsi barədə adını yazsın.”

Məlum səbəblərdən adını çəkmədiyimiz şikayətçi isə yenidən Azpolitika.info-ya müraciət edərək, “Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun” deyən Tahir Kərimovun, hazırda Salyanda 40 hektara yaxın ərazidə özü üçün balıqçılıq təsərrüfatı yaratdığı haqda məlumat verib.

Mən xahiş edirəm araşdırın ki, Nazirlər Kabinetinin və MTN-in Salyan İcra Hakimiyyətinə göndərdikləri məktublarda belə bir bənd var ki, balıqçılıq təsərrüfatı Tahir Kərimova məxsus olarsa torpağın münbit qatını erroziyaya uğratmaz və salyanlılara qadağan olduğu halda başçı özünə təsərrüfat sala bilər? T.Kərimov bizə şərəfsiz deyir. Onda mən də sual edirəm, Rasət İsmayılov adlı vətəndaşın əlindən alınmış 155 hektar torpağın 40 hektarında hazırda balıqçılıq təsərrüfatı salan hansı şərəfsizdir?”

Şikayətçi deyir ki, Tahir Kərimov Salyanın 100 hektarlarla torpağını ələ keçirərək, özününküləşdirib və arpa, buğda, yonca əkib. Əvvəllər bu torpaqlar ayrı-ayrı Salyan sakinlərinin istifadəsində olub. Müxtəlif bəhanələrlə onlarla müqavilələri pozan başçı, həmin torpaqları ələ keçirib. “Rasət İsmayılovun 155 hektarından başqa, T.Kərimovun torpağını əlindən aldığı vətəndaşların siyahısını sizə təqdim edirəm.

Gözəlov Teyyub – 60 ha

Babaşov Mahmud – 40 ha

Babaşov Rizvan – 60 ha

Bəşirov Balamməd – 70 ha

Əsgərov Əlizamin – 30 ha

Bəşirov İlham – 40 ha

Əzizov Kamil – 80 ha və digərləri.

Əvvəllər qanuni müqavilələr əsasında bu şəxslərin istifadəsində olan dövlət torpaqlarını hazırda Tahir Kərimov özü əkdirir. Hansı əsasla və qanunla?! Məgər prezident onu Salyana göndərib ki, rayonu özü üçün özəlləşdirsin? Yenə sual edirəm; Muğan düzündə 1000 hektardan çox ərazidə fermer təsərrüfatı salan, 15-20 kilometr uzaqlıqdan – Akuşa çayından yatağa dövlətin texnikasını il yarım işlədərək su kanalı çəkdirən hansı ....?”

Şikayətçi xüsusi vurğulayır ki, Tahir Kərimov Salyan camaatını, sahibkarları akademik Arif Paşayevlə təhdid edərək, bütün bu işlərdə akademiklə şərikliyinin olduğu haqda şayiə yaydıraraq öz məqsədinə nail olur.

Qeyd edək ki, sahibkarın Tahir Kərimovla bağlı bu və digər şikayətlərini sual şəklində Salyan İcra Hakimiyyətinin rəsmi elektron poçtuna göndərsək də, 1 aydan artıq vaxt keçməsinə baxmayaraq, cavablandırılmadı.

Bununla belə qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bir daha bəyan edirik.

Vaqif NƏSİBOV

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar