“Sıravi jurnalistin minimal əmək haqqı 800 manat olmalıdır”- Yadigar Məmmədli

“Bu gün jurnalistin iki əsas problemi var; birincisi, əmək haqqı çox zəifdir, ikincisi isə işlədiyi mətbu orqanla əmək müqaviləsinin olmamasıdır”

“Jurnalistlərin əmək müqaviləsi olmadan çalışmaları, jurnalistikadakı ən böyük problemlərdən biridir”. Bunu Azpolitika.info-ya açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli son zamanlar KİV orqanlarından jurnalistlərin kütləvi halda işdən azad olunmaları ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, jurnalistika bu gün ən az məvacibli peşədir: “Jurnalistlərin sosial durumu çox zəifdir və ailələrini təmin edə bilmirlər. Bundan əlavə jurnalistlər banklardan çox çətinliklə kredit alırlar, bəzi hallarda onlara heç verilmir də. Banklar jurnalistlərə inanmadıqlarını əsas göstərirlər. Bu gün jurnalistin iki əsas problemi var; birincisi, əmək haqqı çox zəifdir, ikincisi isə işlədiyi mətbu orqanla əmək müqaviləsinin olmamasıdır. Əmək müqaviləsi olmamasına görə də, mətbu orqanlarda müəyyən problemlər yaranır. Misal üçün jurnalist iş saatından əlavə çalışırsa, ona maaşdan əlavə də pul ödənilməlidir. Bu gün jurnalistlərin çox az əmək haqqı almaları sonradan onların pensiya almalarına da təsir edir və müəyyən çətinliklər yaradır. Çox təəsüf ki, bu gün Azərbaycanda bir çox mətbu orqanlarda bu problemlər var. Əslində jurnalistika sahəsi kiçik biznes sahəsidir. Bizdə isə bunun sadəcə adı var. Biz həqiqətən də jurnalistikanı biznesə çevirmək istəsək də, bu alınmadı. Media da güclü olmadığına görə, bu gün jurnalistlər çoxsaylı problemlərlə üzləşir və bundan əziyyət çəkirlər. Bu gün həddindən ziyadə çox media fəaliyyət göstərir. Əslində onlar ələkdən keçməli və çoxu artıq KİV-i tərk etməli idi. O media ki, bazarda özünü təsdiq edə bilmir, onlar mediadan getməlidir”.

Yadigar Məmmədli bir jurnalistin sosial vəziyyətindən dolayı bir neçə mətbu orqanla eyni vaxtda əməkdaşlıq etməsinə də münasibət bildirdi:

“Əslində jurnalistin eyni vaxtda bir neçə yerdə işləməsi anormal haldir. Çünki jurnalist qanunla bir yerdə fəaliyyət göstərməlidir. Lakin jurnalistin eyni vaxtda bir neçə KİV-də ona görə işləyir ki, onu bir mətbu orqandan aldığı məvacib qane etmir. Adi jurnalistin minimal əmək haqqı 800 manat olmalıdır. Bu gün isə sıravi jurnalist 200-300 manat minimal əmək haqqı alır. Bu hardasa normal əmək haqqıdan 2-3 dəfə aşağıdır. Bir jurnalistin sosial vəziyyətini, ailə vəziyyətini nəzərə alaraq, onun minimal əmək haqqını 800 manat məbləğində etmək mümkün olarsa, o zaman həmin jurnalist bütün bacarığını və zamanını bir yerə sərf etməklə bir mətbu orqanda işləyə bilər. Lakin imzalı jurnalistin maaşı həmin maaşdan iki dəfə çox olmalıdır. Bu da orta hesabla 1500 manat edir və həmin jurnalistin sosial statusuna uyğun olmalıdır”.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar