İCRA BAŞÇISI VƏ DEPUTAT HAQDA ARAŞDIRMA BAŞLADI!- Prezidentə təqdim olunacaq HESABATDA kimlər var?

ARDNŞ rəhbərliyinin adından istifadə edilməsi Naftalanın “hərbi xidmətə yararsız” icra başçısını və onun deputat əmioğlusunu bitirə bilər

Prezident İlham Əliyevin vəzifəli şəxslərin özbaşınalıqlarına və korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirmək haqda göstərişləri, nəhayət ki, hüquq-mühafizə orqanlarını qismən də olsa hərəkətə gətirib. Artıq DİN, MTN və Baş Prokurorluğun müvafiq strukturları ayrı-ayrı vəzifəli şəxslərin və onların yaxın qohumlarının qanunsuz əməllərinin və irimiqyaslı korrupsiya cinayətlərinin araşdırılması istiqamətində fəaliyyətə başlayıblar.

Azpolitika.info-ya hökumətə yaxın mənbələrdən daxil olan məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının “araşdırma siyahısı”nda xüsusən də əyalətlərdə hakimiyyətin üst qatına mənsub şəxslərin adlarından sui-istifadə edərək özlərinə böyük iqtisadi imperiya qurmuş icra başçılarının adları öncüllük təşkil edir. Deyilənə görə, son 3-4 il ərzində hakimiyyətin aidiyyəti qurumlarının əyalətlərdə apardığı məxfi sorğu-hesabat üzə çıxarıb ki, əhalinin hökumətdən kütləvi şəkildə narazılığına səbəb olan əsas amillər icra başçılarının rəhbərlik etdikləri rayonların gəlir gətirən sahələrini ələ keçirmələri və özlərini qeyri-məhdud səlahiyyətlərə sahib “balaca padşah”lar kimi aparmalarıdır. Qaynağımızın dediyinə görə, hesabatda əsasən turizm üçün əlverişli olan rayonların icra başçılarının həm də mərkəzi hakimiyyətdə təmsil olunan hansı vəzifəli şəxslərin adlarından istifadə edərək, özlərinə böyük biznes imperiyaları qurmaları haqda da kifayət qədər faktlar öz əksini tapıb.

Bizə təqdim olunan siyahıda adları çəkilən icra başçıları, onların keçmişi və indisi, biznes imperiyaları, hansı vəzifəli şəxslərlə nə kimi qohumçuluq əlaqələrinin olması, davranışları haqda elə informasiyalar var ki, oxuduqca, sadəcə onlarla bir səma altında yaşadığına görə xəcalət çəkirsən. Bu icra başçıları sırasında hələ də latın əlifbası ilə doğru-düzgün yazıb-oxumağı bacarmayan, elementar riyazi əməlləri bilməyənlər də var, adı hansısa məişət xarakterli cinayət işlərində keçənlər, tərcümeyi-halını büsbütün saxtalaşdıranlar, hətta fərarilər də…

Məsələn, siyahıda adı “ən gənc icra başçılarından biri” kimi çəkilən və Qərb bölgəsində ən gəlirli rayonlardan biri olaraq göstərilən Naftalanın icra başçısı Natiq Aslanov haqda belə bir qeyd diqqətimizi çəkdi: “… Aslanov Natiq Musa oğlu 22 avqust 1976-cı ildə Naftalan şəhərində doğulsa da, əslən Goranboyun Qaşaltı kəndindəndir və indi də orada yaşayır. Orta məktəbi hədsiz dərəcədə zəif oxuyub və onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına necə daxil olduğu ciddi araşdırılmalıdır. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə haçan daxil olduğu göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdən də boyun qaçırdığı haqda təkzibedilməz məlumatlar var. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Natiq Aslanovun həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı məlumat verilmir. Əksinə, əhali arasında onun “hərbi xidmətə yararsız”lığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd aldığı haqda fikirlər var. Bu hal da ciddi araşdırılmalıdır. Çünki hərbi xidmətə yararsız sayılan şəxsin İcra Başçısı postunu tutması qanunla yasaqdır”.

Qeyd edək ki, Natiq Aslanov haqdakı arayışda onun tərcümeyi-halında əmək fəaliyyəti ilə bağlı da qeyri-dəqiq

informasiyaların yer aldığı və biznes imkanları, ARDNŞ rəhbərliyinin adından necə istifadə etdiyi göstərilir: “Rəsmi məlumatlarda Natiq Aslanovun 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə “Kəpəz” firmasında alqı-satqı üzrə menecer işlədiyi qeyd olunsa da, yerli şahidlər onun uzun müddət qohumunun mebel sexində dülgər işlədiyini bildirirlər. “Kəpəz” firması isə onun əmisi oğlu, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanova məxsusdur. Qanun deputata biznes fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, Mahir Aslanovun bu holdinqinə geniş hotel və mebel satışı mərkəzləri şəbəkəsi daxildir. Paytaxt Bakıda da bu holdinqə məxsus firma və şirkətlər geniş fəaliyyət göstərir. Faktiki olaraq, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və onların son vaxtlar ARDNŞ-də sürətlə irəli çəkilən qohumu Bədəl Bədəlovun nəzarətindədir.

Bu iki əmioğlunun – icra başçısı Natiq Aslanovla deputat Mahir Aslanovun sürətli yüksəlişində də Bədəl Bədəlovun xüsusi əməyinin olduğu bildirilir. İcra başçısı Natiq Aslanovla yeznə-qayın olan Bədəl Bədəlov hazırda ARDNŞ-in Sosial İnkişaf İdarəsinə rəhbərlik edir. Elə Aslanovlar da Bədəl Bədəlovla qohumçuluq əlaqələrindən istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini, xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və restoranlar şəbəkəsini bütövlükdə ARDNŞ rəhbərliyinin adına bağlayırlar…”.

Onu da qeyd edək ki, məlumatı bizə verən mənbənin sölərinə görə, icra başçısı ilə bağlı təfsilatlı hesabat-arayışla ARDNŞ rəhbərliyi də tanış edilib və nəticədə Naftalan İcra Başçısının məqsədli şəkildə, öz biznesini qorumaq üçün ARDNŞ prezidentinin adından istifadə etdiyi aşkarlanıb, bundan sonra isə hüquq-mühafizə orqanlarına Naftalandakı vəziyyətlə bağlı göstərişlər verilib. Gözlənilir ki, yaxın vaxtlarda Naftalanda kütləvi həbslər də aparılsın…

Biz isə yaxın günlərdə siyahıda olan digər icra başçıları və vəzifəli şəxslərin olduqca “maraqlı və zəngin” bioqrafiyalarından bəhs edəcəyik.

Vaqif Nəsibov

“AzPolitika”

P.S. Yazıda adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar