BAKIDA PARKI QIRIB BİNA TİKİRLƏR! - "Abşeron-M" şirkətinin arxasında kim durur? (Fotolar)

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi 131 ünvanda yerləşən parkdakı ağacların kəsilərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi yenidən gərginliyə səbəb olub. Oktyabrın 19-da parkın ərazisi “Abşeron-M” MMC tərəfindən hasarlanıb. Bir qrup sakin isə etiraz aksiyası keçirərək tikintinin dayandırılmasını tələb edib.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Onların sözlərinə görə, sentyabrın 18-də Bakı Şəhər Yağıllaşdırma İdarəsi tərəfindən parkda 50 ağac əkilib. “Bu gün tikinti şirkətinin nümayəndələri parkı hasarladılar. 1 günlük ağaclar isə yerindən çıxarıldı. Buna görə də etiraz aksiyası keçirərək narazılığımızı bildirdik”, sakinlər qeyd ediblər.

“Traktorları töküblər əraziyə, dünən yaşıllaşdırma idarəsinin əkdiyi ağacları bu gün ev tikən şirkətin fəhlələri qoparıb atır kənara. Bu ərazidəki ağaclar bir müddət əvvəl kəsilmişdi. Sakinlərin etirazlarına məhəl qoyulmamışdı. Çoxsaylı müraciətlərimizin nəticəsi olaraq, oktyabrın 18-də Yaşıllaşdırma İdarəsinin fəhlələri burada 50 ədəd ağac əkib getdi. Şirkət rəhbərliyi də sakinlərə xəbər göndərdi ki, “sevinməyin, səhər hamısını qırıb atacağıq”. Biz də gecədən yatmayıb ağacların keşiyini çəkdik. Səhər ağır texnikalar gəldi, ağacların əkildiyi ərazi hasara alındı. Səhərdən şirkətin fəhlələri ilə, az qala, ölüm-dirim savaşındayıq. Yenə də bildiklərini edirlər, dünən əkilən ağacları qoparırlar”-sakinlər deyir.

Aksiyada 60-a yaxın sakin iştirak edib. Aksiyanın təşkilində ittiham olunan-131 ünvanda yaşayan Qarabağ əlili Rövşən Qafarov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, ağacların kəsilməsinə etiraz olaraq oktyabrın 5-də keçirilən aksiyada Rövşən Qafarov üstünə benzin tökərək özünü yandırmaq istəyərkən polislər tərəfindən saxlanılmışdı. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, narazı sakinlər polis əməkdaşları tərəfidən ərazidən uzaqlaşdırılıblar. “Tikinti şirkətinin əməkdaşları mənə hədə-qorxu gəlir. Amma biz tikintinin aparılmasına sonadək etiraz edəcəyik. Çünki həmin park bizim dincəldiyimiz yeganə məkandır”, R.Qafarov əlavə edib.

Şikayətçi deyir ki, Yaşıllaşdırma İdarəsinin nümayəndələri də əraziyə dəvət edilib. “Onlar da nə baş verdiyini gördülər. Ağaclar tikinti şirkətinin nümayəndələri tərəfindən çıxarılmışdı. Məni saxlayandan sonra nə baş verdiyii bilmirəm”, şikayətçi bildirib.

Şirkətin icraçı direktoru Sənan Rəhimov isə virtualaz.org saytına açıqlamasında tikinti aparılacaq ərazinin hasarlandığını təsdiqləyib. “Bizim şirkət tərəfindən bir ağac belə kəsilməyib. Əksinə, biz tikintidən sonra ərazini yaşıllaşdırmağı planlaşdırırıq. Bizim aparacağımız tikinti parkın ərazisindən 8 metr yuxarıdadır”- S.Rəhimov deyib.

S.Rəhimov etiraz aksiyası keçirilməsi ilə bağlı sakinlərin dediklərini təkzib edib.

Bakı Şəhər İcra Hakimiyyətindən isə parkın ərazisinin tikinti şirkətinə satılması ilə bağllı ittihamlara cavab almaq mümkün olmayıb. Meriyadan bildiriblər ki, suallar yazılı göndərilməli, mətbuat xidmətindən icazə alındıqdan sonra cavablandırılmalıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl "AzPolitika"nın əməkdaşı da sözügedən ərazidə olub, çoxilli ağacların kəsildiyini müşahidə edib. Bu park, həqiqətən də ətrafdakı sakinlərin dincələ biləcəyi yeganə məkandır. Üstəlik də tikinti üçün o qədər də münasib yer deyil. “Abşeron-M” MMC buranı necə, kimdən satın alıb, əlində tikintiyə icazə verən sənədi varmı, müvafiq qurumlar bu qanunsuzluğa niyə göz yumurlar, bunlar qaranlıq qalır. Çox böyük ehtimalla, şirkət özbaşınalıqla məşğuldur, lakin arxasında güclü himayədar olduğundan müvafiq qurumlar tədbir görə bilmirlər. Yaxud da ki, bu qanunsuzluq müəyyən maraqların təmin olunmasından sonra müvafiq qurumlarla da razılaşdırılıb.

Hər halda yaxın günlərdə məsələ yəqin ki, aydınlaşacaq.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar