Elton Məmmədov Adil Əliyevdən şübhələnir? (YENİLƏNDİ)

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov oğlu Aynar Məmmədovun “avtoşluğu” barədə mediada yayılan məlumatları özünə qarşı kampaniya kimi qiymətləndirmişdi. Elton Məmmədov ad çəkməsə də, bu kampaniyanın kim tərəfindən aparılmasının ona məlum olduğunu bildirmişdi.

“Azadlıq”a daxil olan məlumatlara görə, Elton Məmmədov bu məsələdə əsasən deputat həmkarı Adil Əliyevdən şübhələnir.

Qeyd edək ki, Adil Əliyev bir müddət əvvəl facebook səhifəsində Elton Məmmədovun digər oğlu Elnur Məmmədovu tənqid etmişdi. Buna səbəb isə Elnur Məmmədovun Bakıda kikboksinq turniri keçirməsi olmuşdu. Adil Əliyev bunu Elnur Məmmədovun Azərbaycan Kikboksinq Federasiyasının işinə qarışmaq kimi qiymətləndirmişdi.

“Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir? Bir daha rəsmən bəyan edirəm: ”K-1” döyüş növü üzrə dünya “Qran-pri yarışları” guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnur nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur".

Elton Məmmədovda Adil Əliyev barədə şübhələrin yaranmasının səbəbi də məhz bu məsələdir. Deputat düşünür ki, həmkarı əlinə düşən fürsətdən istifadə edərək ona və övladlarına qarşı kampaniya aparır.

Adil Əliyev "Azadliq" qəzetində irəli sürülən bu iddiaya cavab verib. Millət vəkili özünün "Feysbuk" səhifəsində bununla bağlı yazıb: 

"Guya həmkarım Elton Memmədov oğlunun video görüntülərinin yayılmasına görə məndən şübhələnir. Əvvəllər də bu kimi hallarda bəzi tanıdığım adamlar məndən şübhələnirdilər, hesab edirdilər ki, bəzi saytlar onlar barəsində nəsə yazırlarsa,  deməli günahkar Adil Əliyevdir.

Əvvəla bəyan edirəm ki, mənim jurnalist dostlarım çoxdur və bunu normal hesab edirəm. Lakin bəyan edirəm ki, mənim heç bir saytım və qəzetin yoxdur.

O ki qaldi hər hansı bir məlumatın ötürülməsinə, bir dəfe demişdim, yenə də deyirəm ki, əgər mənim sözüm varsa, sözü kişi kimi adamın üzünə deyirem. Məlumat ötürmək bizlik deyil... Agıllı oxucu hansı saytın kimə xidmət etdiyini gözəl bilir..."

V.Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar