ZİYA MƏMMƏDOVUN BİR SƏLAHİYYƏTİNƏ DƏ USUBOV ŞƏRİK EDİLDİ - Misir Mərdanov "təcrübəsi" yenidən işə salınır?

İri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə həm də Daxili İşlər Nazirliyi nəzarət edəcək

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qərara edilən dəyişiklik iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır.

Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək.

İndiyə qədər bu funksiya Nəqliyyat Nazirliyində idi. Bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu.

Qeyd edək ki, təxminən 20 gün öncə Nazirlər Kabinetinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərarı paytaxtın sərnişin daşınmasında ikihakimiyyətliliyə səbəb olub. İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması sektoruna nəzarət yalnız nəqliyyat naziri Ziya Məmmədovun baçısı və

qardaşı oğlunun rəhbərlik etdiyi "Bakısərnişin-nəqliyyat" MMC-nin əlində idi.

Nazirlər Kabinetinin qərarıyla isə paytaxtda sərnişin daşınmasının təşkili həm də Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunub. Yəni, Ziya Məmmədovun səlahiyyətlərinə Abutalbov şərik edilib .

İndiki qərarla isə Ziya Məmmədovun bir səlahiyyəti də Ramil Usubovla bölüşdürülüb. Bununla Ziya Məmmədovun imkanları bir qədər məhdudlaşdırılsa da, yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin sahiblərinə yaradılan problemlərin azalmayacağı şübhə doğurur. Səlahiyyət Nəqliyyat Nazirliyindən tam alınmadığından indi onlar ikiqat yoxlamalara məruz qalacaq.

Bununla belə verilən qərarın Ziya Məmmədova təsirsiz olduğunu söyləmək də olmaz. Son dövrlər cənab Məmmədovun səlahiyyətlərinin məhdudlaşdırılması diqqəti cəlb edir. Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilmişdi. Bu da Ziya Məmmədovu böyük maliyyə qaynağından rəsmən məhrum etmişdi.

Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb.

Düzdür, formal olaraq ASC-nin səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsusdur. Ancaq Cavid Qurbanov Paşayevlərlə qohum olduqdan sonra müstəqil hərəkət etməyə başlayıb. Və “Azəryolservis” ASC-ni faktiki olaraq Məmmədovun nəzarətindən çıxarıb.

Hansı ki, vaxtilə ASC Z.Məmmədovun əsas maliyyə qaynağı sayılırdı. Yol tikinti və təmirinə ayrılan dövlət investisiyalarına “Azəryolservis” nəzarət edir. Yeri gəlmişkən, son 8 ildə “Azəryolservis”ə 7 milyard manat, bu il isə 1,3 milyard manat ayrılıb. İndi bu nəhəng pulların xərclənməsinə nəzarət Ziya Məmmədovdan alınıb.

Qeyd olunanlar hadisələrin Ziya Məmmədovu səlahiyyətsiz bir nazirə çevirmək istiqamətində inkişaf etdiyini söyləməyə əsas verir. Oxşar proses vaxtilə Misir Mərdanovla da bağlı gedirdi. Belə görünür ki, Məmmədovun gələcəyilə bağlı artıq qərar verilib.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar