Pərviz Həşimlini ev dustaqlığına buraxmadılar

Bakı Apelyasiya Məhkəməsi jurnalistə qarşı həbs qətimkan tədbirini qüvvədə saxladı

 

Bakı Apelyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin Pərviz Həşimli barəsində seçdiyi həbs qətimkan tədbirini qüvvədə saxlayıb. Bu barədə vəkil Anar Qasımlı “Azadlıq”a məlumat verib. O bildirib ki, Pərviz Həşimli ona qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib. “O, məhkəmədə dedi ki, 10 ildir parlament müxbiri işləyib. Ən ağır şərtlərdə belə ev dustaqlığına buraxılmasını istədi. Amma məhkəmə bunu təmin etmədi”.

Vəkil bildirib ki, bu dəfə Pərviz Həşimlini məhkəməyə gətirərkən başına torba keçirilməyib: “Əksinə onu gətirənlər başlarına torba keçirmişdilər. Dedilər ki, çəkiliş olarsa görünmələrini istəmirlər”.

Anar Qasımlı jurnalistin digər vəkili Elçin Sadıqovla məsləhətləşəndən sonra məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəklərini deyib: “Biz Avropa Məhkəməsindən jurnalistin ev dustaqlığına buraxılmasını istəyəcəyik. Məndə olan məlumata görə Pərviz Həşimlini zaminə götürmək üçün millət vəkillərindən müraciət edənlər var”.

Pərviz Həşimliyə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsi ona qarşı iki aylıq həbs qətimkan tədbiri seçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar