“NƏ BAŞ VERİB Kİ, QAZIN MAYA DƏYƏRİ 350% BAHALAŞIB?" - Nazirin çıxışı gözlənilməz oldu” 

Milli Məclisinin dekabrın 7-də keçirilən plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev millət vəkilləri tərəfindən səslənən təkliflərə münasibət bildirərkən deyib ki, qaz tariflərinin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır.

Bu məsələləri müzakirə etmək üçün Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla söhbətləşirik:

- Doğrudanmı SOCAR-a qaz hasil etmək bu gün iqtisadiyyat nazirimizn dediyi kimi xeyir əvəzinə ziyan gətirir?

- Əvvəla onu qeyd etmək lazımdır ki, hansı sahədə çalışırsansa çalış, o biznesdir. Biznesdə isə ziyan olmamalıdır. Ziyan müvəqqəti faktor kimi ola bilər, ancaq o daimi xarakter daşıya bilməz, əks təqdirdə bankrota gətirib çıxara bilər. O ki, qaldı SOCAR-ın qaz seqmentə, bu sahə həmişə rentabelli olub. Yəni söhbət SOCAR-ın hasil etdiyi qazın maya dəyərindən gedirsə, şirkətin illik hesabatlarında bunlar ictimaiyyət üçün açıqdır, 2012-2015-ci illərdə satış qiymətlərindən təqribən 2,5 dəfə ucuz olub. 2015-ci ildə hər 1000 kubmetr qazın maya dəyəri 39,74 manat idi.

- Bəs onda iqtisadiyyat naziri Şahin Mustafayevin SOCAR-a 1000 kubmetr qaz hasilatının 140 manata başa gəlməsini iddia etməsini necə şərh edərdiniz?

- Şahin müəllimin çıxışı mənim üçün çox gözlənilməz oldu. Onun sözlərinə görə, SOCAR cari ildə hər 1000 kubmetr qazın satışında orta hesabla 50 manat ziyanla işləyib. Və bu səbəbdən də Tarif Şurasına qiymətlərin artırılması ilə bağlı müraciət edib. İqtisadiyyat naziri millət vəkillərinə bildirib ki, belə şəraitdə nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu.

Mən iqtisadiyyat nazirinin dediklərinə şübhə ilə yanaşmaq fikrində deyiləm. Ancaq müəyyən suallar da yaranır ki, onların cavabını gərək hökumət açıqlasın ictimaiyyətə. Məsələn, cəmi bir ilin içərisində nə baş verib ki, qazın maya dəyəri 350% (!) bahalaşıb? Əgər ortada müəyyən həcmdə Şahdəniz qazının həmclərindən daxili bazar üçün alınmasından gedirsə, bu hər zaman olub, sadəcə cari ildə bu bir qədər artıb, ancaq ötən illə müqayisədə dolların kursundakı orta artım 50% ətrafında olub axı.

İkincisi, iqtisadiyyat naziri Tarif Şurasının sədridir. Xatırlatmaq istəyirəm ki, SOCAR Tarif Şurasına qazın 1000 kub metrinin 180 manatadək qaldırılması təklifi ilə müraciət etmişdi. Tarif Şurası isə SOCAR-ın bu müraciətini əhali qrupu üçün differensiallaşdırılmış tariflərlə əvəz etdi. Yəni SOCAR-ın qeyd etdiyi kimi 62% abonentlərə bunun təsiri olmayacaq. Energetiklər isə 120 manatdan ödəyəcəklər. Qeyri-əhali qrupu isə 200 manat müəyyən edilib. Əgər ölkənin qaz balansına baxsaq, istehlak edilən qazın 55%-i "Azərenerji"nin, təqribən 30%-i əhali qrupunun, 15%-nin isə qeyri əhali qrupunun üzərinə düşdüyünü görərik.

Onda sual olunur: Tarif (qiymət) Şurası hansı iqtisadi dəyərlərdən çıxış edərək belə bir qərar verib? Axı ölkənin qaz sənayesi yenə rentabelli deyil. Təsəvvür edin ki, yeni qiymətlərlə təkcə enerji sektoruna satılan qaza görə SOCAR 110 mln manat ziyanla işləyəcək. Özü də əgər "Azərenerji" ona satılan qazın pulunu 100% ödəsə.

- Onda belə çıxır ki, bir müddət sonra yenidən qazın qiymətlərində artım gözləməliyik?

- Hər hansı bir proqnoz vermək çətindir. Gördüyünüz kimi, Azərbaycan şəraitində bir sıra məsələlər var ki, onu proqnozlaşdırmaq çox mürəkkəbdir və ortaya birdən elə məqamlar çıxır ki, tamamilə gözlənilməz olur.

O ki, qaldı qiymət artımına, hər hansı problemin həllini onun dəyərini artırmaqla həll etmək heç də çıxış yolu deyil. Əgər bu üsul özünü praktikada doğrultsaydı, onda sivil dünyada hərə özünə bir monopolya yaradar və bir tərəfdən tarifləri artırar, o biri tərəfdən əmək haqları ona uyğunlaşdırılar və beləcə hamı şad-xürrəm həyat sürərdi. Əfsuslar ki, belə bir şey yoxdur. Neçə ki, iqtisadiyyatın əsas atributu – rəqabət bazarda özünə yer etməyib, istehlakçılar nə xidmətdə, nə qə qiymətdə özlərini rahat hiss etməyəcəklər. (fins.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar