“İQTİSAD UNİVERSİTETİNDƏ BU SAHƏDƏ CİDDİ DƏYİŞİKLİKLƏR OLACAQ” – Müsahibə

Asiman Quliyev: “Azərbaycan ali təhsil sistemində bir çox yeniliklər ilk dəfə İqtisad Universitetində həyata keçirilib”

“Sumqayıt Kimya Sənaye Parkında görülən işlər Azərbaycanın kimya sənayesinin keçmiş şöhrətini geri qaytarmağa nail olacağını göstərir”

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” fakültəsinin dekanı, dossent Asiman Quliyevdir.

-Asiman müəllim, bu gün ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biri, bəlkə də birincisi hesab olunur. Bu istiqamətdə görülən iri miqyaslı işlərdən biri kimi də Sumqayıt Kimya Sənaye Parkının (SKSP) yaradılması göstərilir. Bilirik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin tərkibində Siz də SKSP-də olmusunuz. Təəssüratlarınızı bilmək istərdik. Bu Sənaye Parkı Azərbaycan iqtisadiyyatına nə vəd edir?

-İlk növbədə “AzPolitika” saytına İqtisad Universitetinə - UNEC- ə göstərdiyi diqqətə, Universitetimizdə görülən işləri obyektiv işıqlandırdığına görə təşəkkürümü bildirirəm. Sualınızla bağlı isə bildirim ki, bəli, dekabrın 7-də rektorumuz professor Ədalət Muradovun rəhbərliyi ilə Universitetin 15 nəfərlik professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında olub. Qeyd edim ki, belə bir görüşün keçirilməsinə İqtisadiyyat Nazirliyi tərəfindən böyük diqqət göstərilmişdi. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da bu tədbirdə iştirak edirdi. Təəssüratımız isə çox müsbətdir. Həqiqətən, 2011-ci ildə yaradılan Parkda kifayət qədər böyük işlər görülüb. Əlbəttə, belə sənayə komplekslərinin yaradılması çox vacibdir. Hazırda Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı ilə yanaşı Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Pirallahı Sənaye Parkı fəaliyyət göstərir. Bundan əlavə Bakıda və Mingəçevirdə Yüksək Texnologiyalar Parkı mövcuddur. Eyni zamanda cənab prezidentin fərmanı ilə Neftçala və Masallıda Sənaye Məhəlləsi yaradılıb. Bu sənaye parkları və məhəllələri heç şübhəsiz Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. SKSP-də olan hər bir şəxs kimi məndə də buna tam əminlik yarandı. 300 hektara yaxın ərazidə yaradılan parkda hazırda 9 şirkət fəaliyyət göstərir. Bu parkın yaradılmasına kifayət qədər böyük həcmdə investisiya qoyulub. Parkda fəaliyyət göstərən şirkətlərin layihələri əsasında yaxın vaxtlarda ölkə cəlb edilən investisiyaların ümumi həcmi təxminən 3 milyard manat təşkil edəcək.

Parkda lazımı infrastrukturun qurulmasına ciddi önəm verilib. Elə buna görə də SKSP 2 böyük şəhər arasında, dəmiryolunun üstündə, Dəniz Limanına yaxın bir ərazidə yaradılıb. Avtomobillərin rahat hərəkəti üçün magistral yol, tunel çəkilib. Eyni zamanda parkın ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə eni, mərkəzi, dairəvi və ara yollar salınacaq. Nəqliyyat xətləri Parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək.

Parkda fəaliyyət göstərən 9 şirkətə rezident statusu verilib və onlara 7 il müddətinə vergi və gömrük güzəştləri tətbiq edilib. Əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən azad ediliblər. Həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Bu da onların maliyyə imkanlarını, rəqabət qabiliyyətini daha da artırır. Eyni zamanda parkın ərazisində fəaliyyət göstərən şirkətlərin artmasına zəmin hazırlayır. Yaxın gələcəkdə Parkın ərazində 35-40 müəssisənin fəaliyyət göstərməsi planlaşdırılır.

-Bəs yaradılan müəssisələr beynəlxalq bazarlarda rəqabətə davam gətirə biləcək məhsullar istehsal etmək qabiliyyətinə malikdirmi? Yəni, sənaye parkındakı şirkətlər öz məhsullarını xarici bazarlara çıxara biləcəklərmi?

- Nəinki, çıxara biləcəklər, artıq bəzi müəssisələr öz məhsullarının böyük hissəsini xaricə ixrac edirlər. Biz sənaye parkının ərazisində aparılan tikinti işləri, şirkətlərin fəaliyyəti və gələcək planları, bəzi müəssisələrin istehsal prosesi ilə də tanış olduq. Həmin müəssisələrdə ən müasir texnologiyalardan istifadə edilir. Buna görədə, onlar da artıq yalnız daxili bazar üçün deyil, eyni zamanda yaxın ölkələrə ixrac etmək üçün məhsul istehsal edirlər. Burda istehsal edilən məhsullar Qazaxıstana, Türkmənistana, Şimali Qafqaza. Rusiyanın bəzi vilayətlərinə və başqa ölkələrə ixrac olunur. Məsələn biz, parkın ilk rezidenti olan "Azertexnolayn" MMC-nin istehsalat müəssisələrində olduq. "Azertexnolayn"ın zavodlarında polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edir və artıq ümumi istehsalın 75%-ni ixrac edib. Bu müəssisədə 700 nəfər işlə təmin olunub.

Yeri gəlmişkən qeyd edim ki, sənaye parkında gələcəkdə 10 min nəfərin işləməsi nəzərdə tutulur ki, bu da ölkədə işsizliyin daha da azaldılması baxımından əhəmiyyətlidir.

-Vaxtilə, yəni sovet hakimiyyəti dövrü Azərbaycanda kimya sənayesinin böyük şöhrəti olub. Azərbaycan keçmiş SSRİ-nin respublikalarına, dünyanın bəzi ölkələrinə məhsullar ixrac edib. Sizcə Azərbaycanda kimya sənayesini yenidən bu səviyyəyə çatdırmaq mümkün olacaqmı?

-Biz orada "SOCAR Polymer" MMC-də olduq. Şirkət isə sənaye parkının ərazisində polipropilen zavodunun tikintisini davam etdirir. Layihəyə 1,5 milyard manat investisiya qoyulub. Zavodun tikintisinə də İqtisad Universitetinin məzunu rəhbərlik edir. Sonradan Londonda da təhsil alaraq, mükəmməl mütəxəssis olub.

Bizə orada bildirildi ki, "SOCAR Polymer" layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft - kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Bu müəssisədə istehsal edilən məhsulların əhəmiyyətli hissəsinin xarici ölkələrə ixrac olunması nəzərdə tutulub. Müəssisədə yerli xammaldan, Sumqayıtda istehsal olunan propilen və etilendən istifadə edəcəkdir. 2018-ci ildə fəaliyətə başlayacaq bu müəssisə çox qiymətli polymer məhsulları istehsal edəcək. Və dünyada bu məhsulları istehsal edən ilk 5-liyə düşəcək. Burada istehsal olunan məhsullar eyni zamanda digər müəssisələr üçün xammal rolunu oynayacaq. Məsələn, Pirallahı Sənaye Parkında fəaliyyət göstərən şirkətlər əsasən Farmakoloji vasitələr istehsal edəcək. "SOCAR Polymer"in istehsal etdiyi məhsullarda həmin şirkətlər, xüsusən də şpris istehsalı üçün əhəmiyyətli xammal olacaq. Həmçinin elektrik naqillərinin və başqa məhsulların istehsalında xammal kimi istifadə olunan məhsullar buraxacaq. Eyni zamanda xaricə də hazır məhsul və xammal ixrac ediləcək.

Ümumiyyətlə sənaye parkında fəalıiyyət göstərən şirkətlərin əsas hədəfi məhz Azərbaycanın ixrac potensialını artırmaqdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, sovet dövrü Azərbaycanda kimya sənayesi bir növ inhisarçı mövqedə idi. 260 milyon əhalisi olan SSRİ-yə, Şərqi Avropanın keçmiş sosialist ölkələrinə, Asiya, Latın Amerikası və Avrikada sovet hakimiyyətinin dostları olan ölkələrə məhz Azərbaycanda kimya sənayesinin istehsal etdiyi məhsullar göndərilirdi. Belə böyük bir bazarın inhisarçılarından biri idi. Ona görə də böyük zavodlar fəaliyyət göstərirdi. Ancaq indi rəqabət dövrüdür. Bu bazarlar uğrunda ABŞ-ın, Çinin, Rusiyanın, Fransanın kimya məhsullar istehsal edən iri şirkətləri mübarizə aparır. Belə bir rəqabətdə uğur əldə etmək,bazarlar qazanmaq asan deyil. Ancaq önəmli məsələ odur ki, Azərbaycan neftdən əldə etdiyi vəsaitlər hesabına kimya sənayesini dirçəltməyə, keçmiş şöhrətini geri qaytarmağa çalışır. İnanıram ki, buna nail olunacaq. Fikrimcə, 2018-ci ildən sonra bu özünü göstərəcək. Aqrar sənayenin də inkişafı bu baxımdan əhəmiyyətlidir. Kimya sənayesi üzrə fəaliyyət göstərən bir sıra müəssisələri xammalla məhz aqrar sektor təmin edəcək. Bu müəssisələrdə tətbiq olunan ən müasir texnologiyalarla istehsal olunacaq bazarlarda bizim daha üstün mövqe əldə etməyimizə də imkan verəcək. Bu da digər sahələrin də inkişafına təkan verəcək. Kiçik sahibkarlar, fermerlər öz məhsullarını bu sənaye parklarındakı şirkətlərə sata biləcəklər.

-Adətən Azərbaycanda fəaliyyət göstərən iri şirkətlər mütəxəssisləri xaricdən cəlb edirlər. Bu Sənaye Parkında fəaliyyət göstərən şirkətlərdə necə, işləyənlər yerli mütəxəssislərdir, yoxsa xaricdən gətirilib?

-Məni bir iqtisadçı kimi ən çox maraqlandıran məsələ məhz insan amili idi. Yəni, bu şirkətlərdə çalışan mütəxəssislərin kimliyi bizim üçün də maraqlı idi. Sənaye parkında olarkən onlarla tanış olmaq, söhbət etmək imkanımız oldu. Bizim üçün çox sevindirici hal oldu ki, qarşımızdakı mütəxəssislər- iqtisadçılar, kimyaçılar, mühəndislər məhz Azərbaycan universitetlərinin məzunları idi. Qarşımızdakı mütəxəssislərin əksəriyyətinin Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Texniki Universitetin məzunları olduğunu görmək qürurverici idi. Hamısı ən son texnologiyalarla işləmək bacarıqlarına malikdilər. İngilis dilini, işlədikləri sahələr üzrə ən son elmi yenilikləri mükəmməl bilirdilər.

Qeyd etdiyim kmi biz orada 2 müəssisədə olduq – “Azertexnolayn” MMC və “SOCAR Polymer” MMC-də. Hər 2 müəssisəyə iqtisadçılar rəhbərlik edirdi. Biri bizim İqtisad Universitetinin, digəri də Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” fakültəsinin məzunu idi. Yəni, artıq beynəlxalq bazarlarda rəqabətə davam gətirəcək səviyyədə məhsul istehsal edə biləcək mütəxəssislərimiz var. Onu da deyim ki, görülən işin müqabilində işçilərin sayı o qədər də çox deyil. Ancaq hər bir öz sahəsi üzrə mütəxəssis olduğundan mükəmməl texnologiya ilə böyük işlər görürlər. Azərbaycan adətən xammal ixrac edən bir ölkə kimi tanınıb. Bu müəssisələrin bəziləri isə xammalı xaricdən idxal edirlər. Məsələn, polad və polietilen boru istehsal edən "Azertexnolayn" MMC-nin zavodları xammalı- metalı Rusiyadan idxal edirlər. İstehsal edilən borular isə xarici ölkələrə ixrac edirlər.

Digər bir müsbət hal odur ki, bu müəssisələrdə əmək haqqları da yüksəkdir. Mütəxəssislərin aylıq əmək haqqı orta əmək haqqından ən azı 2 dəfə yüksəkdir. Aşağı ixtisaslı fəhlələrin əmək haqqı isə orta əmək haqqı səviyyəsindədir. Bu da həmin müəssisələrdə çalışanların öz ixtisas səviyyələrini yüksəltməyə maraq yaradır. Bunun üçün sənaye parkında lazımı şərait də yaradılıb. Belə ki, Sənaye Parkının ərazisində yaxın vaxtlarda 500 tələbənin təhsil ala biləcəyi Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi və növbəti tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur. Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə 30-a yaxın peşə hazırlığı həyata keçiriləcək. Həm də Avropa standartlarına uyğun kadr hazırlamaq üçün Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq "Paralel təhsil" modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. Bunun üçün 3 təcrübə emalatxanası tikiləcək və orada təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün şərait yaradılacaq. Başqa layihələr də var. Bu park gələcəkdə iri sənaye şəhərciyinə çevriləcək.

-Asiman müəllim, belə bir sənaye parkının yaradılması İqtisad Universitetinin tələbələrinin də keyfiyyətli təcrübə keçməsinə imkan yarada bilər. Bu istiqamətdə hansısa düşüncələr varmı?

- Qeyd etməliyəm ki, UNEC-in “İqtisadiyyat” fakültəsi öz fəaliyyətini əsasən İqtisadsiyyat Nazirliyinin tələblərinə uyğun kadr hazırlanması istiqamətində qurur. Rektorumuz Ədalət müəllim də bunu oradakı görüşdə qeyd etdi. Bizim fakültədə 6 ixtisas üzrə kadr hazırlanır ki, bunların da əksəriyyətinə sənaye parklarında ehtiyac duyulur. Bu da bizim əməkdaşlığımızı zəruri edir. Bu əməkdaşllq isə müxtəlif istiqamətlərdə həyata keçiriləcək. Bizim müəllimlərimiz orada elmi tədqiqatlar apararaq, istehsalın daha səmərəli təşkilinə dair təkliflərini verəcək. Rektorumuz da bildirdi ki, elmi-tədqiqat yönlü universitet olmaq niyyətində olan UNEC-in SKSP-dan praktik baza kimi istifadə edərək, birgə elmi tədqiqatlar apara biləcək.

Eyni zamanda tələbələrimizin gələcəkdə SKSP-də təcrübə keçməsi, məzunlarımızın işlə təmin olunması da planlaşdırılır. Hətta iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov özü tələbələrin bu parkda təcrübə keçməsini təklif etdi. Rektorumiz Ədalət müəllim isə sənaye parkında fəaliyyətə başlayacaq Peşə Tədris Mərkəzində tədrisin UNEC tərəfindən təşkil edilməsini təklif etdi. UNEC-in magistrlarının nazirliyin sifarişi əsasında tədqiqat apara biləcəklərini də qeyd edib.

Rektorumuz həmçinin UNEC SKSP-də islehsal edilən məhsulların xarici bazarlara çıxarılmasına köməklik göstərməyə də hazır olduğunu, bu məqsədlə UNEC-in əməkdaşlıq etdiyi xarici universitetlərin yerləşdiyi ölkələrin bazarlarının öyrənə biləcəyini vurğuladı.Bu təkliflər də həm şirkət rəhbərləri, həm də iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tərəfindən müsbət qarşılandı. Hətta N.Səfərov nazirlikdə sənaye ilə bağlı yaradılan işçi qruplarına UNEC əməkdaşlarının cəlb edilə biləcəyinin mümkünlüyünü bildirdi. Bir sözlə, gələcəkdə UNEC-lə SKSP geniş əməkdaşlıq gözlənilir.

-Kadr hazırlığından söz düşmüşkən, İqtisad Universitetində bu sahədə aparılan işlər barədə məlumat almaq istərdik. Bilirik ki, Universitetə yeni rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklər tədrisin keyfiyyətinə, kadr hazırlığına necə təsir edib?

-Bəli, Dövlət İqtisad Universitetin son illər görülən işlər həm öz miqyasına, həm də əhəmiyyətinə görə seçilir. Azərbaycan ali təhsil sistemində bir çox yeniliklər ilk dəfə İqtisad Universitetində həyata keçirilib. Artıq İqtisad Universitetində tədris tam elektronlaşıb, elektron universitet fəaliyyət göstərir. Dərs jurnalları elektronlaşıb. Mühazirələr hamısı elektron formada tələbələrə çatdırılır. İmtahanlar və kollokviumlar tam şəffaf formada, test üsulu ilə həyata keçirilir.

Universitetdə müəllim-tələbə münasibətlərində bir zamanlar müşahidə edilən neqativ hallar tam aradan qalxıb. Univesitetdə müəllimlərin səviyyəsinin yüksəldilməsi də rektorluğun xüsusi diqqət mərkəzində olan məsələdir. Bunun nəticəsi olaraq Azərbaycanda Dövlət Proqramı ilə xaricdə təhsil alan yüksək ixtisaslı gənc mütəxəssislər Universitetdə tədrisə cəlb olunub. Bu gün onlarla belə mütəxəssis İqtisad Universitetində müəllim kimi öz biliklərini tələbələrə öyrədir. Bundan əlavə İqtisad Universitetində MBA Proqramı, böyük bir “Sabah” Mərkəzi, ingilis dilli Beynəlxalq İqtisadiyyat Məktəbi, Rus Dilində Tədris Mərkəzi fəaliyyət göstərir. Burada universitetin müəllimləri ilə yanaşı, kənardan dəvət olunan mütəxəssislər yüksək səviyyədə tədris həyata keçirir. Bütün bunlar İqtisad Universitetində kadr hazırlığının yüksək səviyyədə həyata keçirildiyini göstərir. Təsadüfi deyil ki, İqtisad Universitetini orta balla bitirən tələbə milli iqtisadiyatımızda yaxşı mütəxəssis kimi qəbul edilir. Buna görə də, İqtisad Universitetinin məzunları işlə daha tez təmin olunur. Bunu hökumət nümayəndələri, millət vəkilləri də öz çıxışlarında dəfələrlə vurğulayıblar. Bunun bir səbəbi əlbəttə ölkə iqtisadiyyatındakı inkişafla əlaqədar iqtisadçılara, maliyyəçilərə, mühasiblərə, menecerlərə ehtiyacın yaranmasıdır. İkinci bir səbəbi isə əlbəttə, İqtisad Universitetinin yüksək səviyyəli kadr hazırlaya bilməsidir.

-Asiman müəllim, tez-tez İqtisad Universitetində fakültələrin, kafedraların birləşdirilməsi ilə bağlı da məlumatlara rast gəlir. Bu nə ilə bağlıdır: idarəetmənin təkmilləşdirilməsi ilə, yoxsa başqa səbəblər var?

-Bu ilk növbədə İqtisad Universitetində- UNEC-də təhsili elektronlaşması ilə əlaqədardır. İndi əvvəlki dövrlərdə olduğu qədər fakültə saxlamağa ehtiyac yoxdur. Tədris elektronlaşdığından sənədləşmə də azalıb. Müəllimlərin və tələbələrin hər birinin öz şəxsi kabineti var. Mühazirələr həm mətn, həm də slayd formasında ora yerləşdirilib. Jurnallar da elektrondur və müəllimlər bütün qeydiyyatlarını burada apara bilirlər. Tələbələr də öz şəxsi kabinetlərindən təhsillə, öz qiymətləri ilə, imtahanlarla bağlı bütün məlumatları öyənə bilirlər. Bu halda çoxlu sayda fakültənin, kafedranın saxlanmasına ehtiyac varmı? Xaricdə universitetlərdə müəllim və tələbələr bir növ özləri həm dekanlığın, həm də kafedraların funksiyasını reallaşdırır. Biz də bu sistemi tətbiq edirik. Artıq klassik formada dekanların və kafedraların fəaliyyətinə ehtiyac yoxdur. Bu da idarəetmə strukturunun və orada çalışanların sayını azaltmağa imkan verir. Birinci səbəb budur. İkinci səbəb isə odur ki, ixtisaslaşmalar artıq bazara uyğun formalaşır. Buna görə də kafedraların bazarın tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı həyata keçirməsi istiqamətində işlər görülür. Buna görə də kafedraların yenidən qurulması, yaxın ixtisaslar üzrə tədris həyata keçirən kafedraların birləşdirilməsi prosesi baş verir.

-Bəzən mətbuatda, sosial şəbəkələrdəki müzakirələrdə İqtisad Universitetində aparılan dəyişikliklər, adının UNEC kimi təqdimatı və sair universitetin imicini yeniləmək cəhdi kimi xarakterizə edilir. Hətta bunu İqtisad Universitetinin adının keçmişdə - “Narxoz” kimi tanınan dövrdə daha çox neqativ hallarla yaddaşlarda qalması ilə bağlayanlar da var...

-Bu fikirləri yanlış hesab edirəm. Mən özüm İqtisad Universitetini, keçmiş Xalq Təsərrüfatı İnstitutunun məzunuyam. Odur ki, tam məsuliyyətlə deyə bilərəm ki, İqtisad Universiteti keçdiyi 80 illik yolu çox şərəflə keçmişdir. Bunu Ümummilli liderimiz Heydər Əliyev də Universitetin 70 illiyində qeyd etmişdir. Möhtərəm prezidentimiz İlham Əliyev də İqtisad Universitetinin, onun kollektivinin fəaliyyətini daim müsbət qiymətləndirmişdir. Odur ki, İqtisad Universitetinin imici hər zaman yüksək olub. Keçmişdə - “Narxoz” kimi tanınan dövrdə də İqtisad Universiteti öz çəkisinə, professor müəllim heyətinin elmi potensialına, necə deyərlər sanbalına görə, sayılıb- seçilən ali təhsil ocaqlarından olub. Bu universitetdə uzun illərdir Tofiq Quliyev kimi, Əli Əlirzayev kimi sözün həqiqi mənasında nəhəng professorların fəaliyyət göstərdiyini unutmamalıyıq. Burda çoxlarının adını əlbəttə, çəkə bilərəm. Çünki, İqtisad Universitetində daim zəhmətkeş, yüksək elmi potensiala, pedaqoji məharətə malik alimlər işləyib. Əlbəttə, universitetin adının xoşagəlməz işlərlə hallandığı dövrlər də olub. Ancaq İqtisad Universitetindəki həqiqi elm adamları hər zaman belə hallara qarşı kəskin mübarizə aparıb. Və artıq belə hallar tamamilə aradan qalxıb. Bu gün İqtisad Universitetində çox savadlı, işgüzar və mobil bir kollektiv yaradılıb. Mən bir fakültə dekanı kimi bunu bir əminliklə deyirəm. Yeni rəhbərliyinin səyləri nəticəsində İqtisad Universiteti reytinqini çox yüksəldib. Artıq Qafqazda, Şərqi Avropa ölkələrində İqtisad Universiteti kifayət qədər yüksək reytinqə malikdir. Ancaq hədəfimiz iqtisad sahəsində dünyada fəaliyyət göstərən universitetlər arasında ilk 500-ə düşməkdir. UNEC abreviaturası da məhz bununla bağlı seçilib.

Bu da sadə iş deyil. Daha çox işləmək, universiteti dünyada tanıtmaq lazımdır. Buna görə də. Hazırda İqtisad Universitetində çox böyük işlər görülür. Həm beynəlxalq səviyyədə Universitet tanıdılır, həm də təhsilin səviyyəsi yüksəldilir. Müəllimlərin daha çox öz üzərilərində işləmələrini təmin etmək üçün universitetdə differensial əmək haqqı tətbiq edilib, müxtəlif istiqamətlər üzrə “Lider- müəllim” proqramı həyata keçirilir. Rektorumuz çalışır ki, universitetimiz dünyada tanınan bir elm mərkəzi olsun. Bunun üçün də həm yaşlı, qocaman alimlərimiz təcrübəsi və biliklərindən, həm də gənc alimlərimizin kreativ düşüncələrindən istifadə olunur. Bu da artıq öz nəticəsini verməkdədir. Sadə bir misal çəkim. Mən bu fakültəyə dekan təyin olunduğum il “İqtisadiyyat” fakültəsində 600 baldan yuxarı bal toplayan bir tələbə yox idi. Keçən il 600 baldan yuxarı bal toplayan 2 tələbə qəbul olunmuşdu. Bu il 28 tələbə. Düzdür bunu 16 nəfəri bizim fakültəyə birləşdirilən “”Beynəlxalq mübasibətlər” fakültəsinin tələbəsidir. Ancaq birbaşa “İqtisadiyyat” fakültəsinə də ötən ildəkindən 6 dəfə çox - 12 nəfər 600 baldan yuxarı bal toplayan tələbə daxil olub. Bu Universitetin reytinqinin yüksəlməsini göstərir. Bizdə elə ixtisaslar var ki, 500-dən aşağı bal toplayan bir tələbə yoxdur. Məsələn, “turizm-otelçilik”, “sənayenin təşkili və idarəedilməsi” ixtisaslarında oxuyanların hamısı 500-dən yuxarı bal toplayıb. Bu siyahını artıra da bilərəm. Universitetimizə bu cür savadlı tələbələrin daxil olması bizə yüksək ixtisaslı kadr hazırlamağa imkan verir. Əlbəttə, bunu da bizim kollektiv həyata keçirir. Hansı ki, onların arasında xarici təhsil alan gənc müəllimlərimizlə yanaşı, korifey alimlərimiz də var. Onların arasında mən fakültəmizin ağsaqqalı, yazdığı əsərlər, kitablarla dünyada tanınan, akademiklərdən önəmli alim hesab etdiyim prfessorumuz Tofiq Quliyevin adını xüsusi qeyd etmək istərdim.

-Asiman müəllim, sonda ictimaiyyəti narahat edən bir problemlə bağlı da sizin fikirlərinizi bilmək istərdim. Belə ki, universitetlərimizin verdiyi təhsilin praktikliyi çatışmır. Yəni, tələbə nəzəriyyəni öyrənir, ancaq bu biliklərdən necə istifadə edəcəyini bilmir. Odur ki, universitetləri bitirdikdən sonra hardasa işə girməkdə problemlər yaşayırlar, kurslara getməli, kiminsə yanında təcrübə keçməli olurlar. Bu problemin həlli üçün hansısa işlər görülürmü? Proqramlarmı dəyişməlidir, yoxsa nə isə başqa addımlar atılmalıdır?

-Bəli, haqlısınız. İlk növbədə qeyd edim ki, bizim proqramlarımız demək olar ki, hər il dəyişir. Hazırda İqtisad Universitetində 1-ci, 2-ci və 3-cü kurslarda yeni proqramla, yalnız 4-cü kurslar köhnə proqamla dərs keçilir. Dediyiniz problem isə təhsilimizdə uzun illərdir mövcuddur. Həqiqətən tələbələr nəzəri biliklərlə yanaşı, praktiki biliklər əldə etməkdə çətinlik çəkirlər. Mən də bu məsələdə sizinlə tam razıyam. Belə ki, tələbələr birinci dəfə 3-cü kursu bitirdikdən sonra 1 aylıq praktika keçir. Bir də 4-cü kursu başa varduqda, ay yarım diplomqabağı praktikada olur. Bu da tələbəyə kifayət qədər təcrübə və bilik əldə etməyə imkan vermir.

Amma hazırda UNEC-də keçdiyimiz yeni proqram bu məsələni əsasən həll edir. Belə ki, tələbələr 4-cü kursun 2-ci semestrində 14 həftə davam edəcək 21 kreditlik praktika keçəcəklər. 4-cü kursun yaz semestrində onların akademik dərsi olmayacaq. Təcrübədən dövlət imtahanına, ordan da işə, həyata gedəcəklər. Ancaq bu da azdır. Biz hesab edirik ki, bu sahədə bir çox işlər görülməlidir. 2017-ci ildə başlayaraq İqtisad Universitetində rektorumuz Ədalət müəllimin rəhbərliyi ilə yeni proqram hazırlanacaq və bu məsələyə baxılacaq. Yəni, İqtisad Universitetində bu sahədə ciddi dəyişikliklər olacaq. Mən bir fakültə dekanı kimi hesab edirəm ki, tələbələrin 3-cü və 4-cü kursda təcrübə ilə bağlı kreditlərinin sayı artırılmalıdır. Tək 4-cü kursda deyil, 3-cü kursun bir dövrünü də tələbələr praktikada keçirməlidir. Bunu necə etmək olar? Bizim fikrimizcə, dərslər intensiv keçirilməlidir. Baloniya sisteminə görə, bir fənnin tədrisi 15 həftə olmalıdır. Amma biz bunu intensivləşdirə bilərik. Belə təcrübədən xaricdə də, bizdə də istifadə olunur. Bir smesterdə tələbəyə 6 fənn keçilir. Bu fənnləri intensiv şəkildə 7 həftəyə keçməklə, tələbələrin ücüncü kursun 2-ci semestrində sonuncu 7 həftəsini təcrübəyə gedə bilərlər. 4-cü kursun 2-ci semestrini də tam təcrübədə keçirməklə öz sahəsi üzrə mükəmmməl mütəxəssis kimi yetişər. Rektorumuz Ədalət müəllim bəzi şirkətlərlə müqavilə də bağlayıb. Tələbələrimizin bəzilərinə hətta əmək haqqı, əmək kitabçası da verilir. Yəni, bu istiqamətdə də İqtisad Universitetində müəyyən addımlar atılıb və atılacaq. Tələbələri əmək bazarına tam hazırlamaq istiqamətində səylərimiz bundan sonra davam etdiriləcək.

İsmayıl İsmayılbəyli

Azpolitika.info

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar