"DEPUTATIN CƏZASI NƏ OLA BİLƏR Kİ..." - Astan Şahverdiyev susmur

"Etiraf etmək lazımdır ki, xalqımıza layiq olmayan tərzdə təmsil olunuruq"

astan

Milli Məclisin deputatı Astan Şahverdiyev işlətdiyi kobud ifadələrə görə onu ittiham edənlərə modern.az saytı vasitəsilə cavab verib:

"Yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim"

“Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Burada əlbəttə ki, şəxsən mənə qarşı olan məsələlər də ortalığa çıxıb. Təxminən haradan qaynaqlandığını da bilirəm. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə “Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam. Amma bir tərəfdən də etiraf etmək lazımdır ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq. Bu yaxınlarda Tümen şəhərindən olan bir nəfər alim mənə dedi ki, “sizin adamlar bazar adamlarıdır”. Mən həmin vaxt lazımi səviyyədə onun cavabını verdim”.

"Bunlar çox da döşlərinə döyməsinlər"

“Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. İndi mənim ünvanıma yazırlar ki, “Astan Şahverdiyev Azərbaycan üçün nə edib?”. Demək istəyirəm ki, mən elmi sahədə Azərbaycanı bütün Avropaya tanıtmışam. Mənim iştirak etdiyim seminarlar, toplantılar və Avropa Birliyilə yerinə yetirdiyim layihə sübut edir ki, mən bu xalqa nə cür bağlıyam. Bunlar çox da döşlərinə döyməsinlər. Mən elmi fəaliyyətimi davam etdirmək üçün 1993-cü ildə İstanbula getməliydim, amma rayon işğal olunduğuna görə getmədim”.

Deputat xalq artisti Faiq Ağayevin onu ana dilini bilməməkdə suçlamasına da cavab verib: “Mən müxbirə dedim ki, “yarıy” sözünün mənasını tapa bilmirəm. Amma bu o demək deyil ki, mən ana dilimi bilmirəm. Mən sərbəst şəkildə rus dilində, ingilis dilində də danışıram. Ana dilimdə hamıdan yaxşı danışıram”.

"Sabiq icra başçısının yaxınları..."

Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevin “Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq” fikrilərinə gəlincə, deputat bunları deyib: “Sabiq icra başçısının yaxınları mənimlə əlaqə saxladı və and içdilər ki, Mahmud Quliyev elə söz deməyib. Etiraf edək ki, bəzən dediklərimiz təhrif olunur. Amma yenə də deputatın cəzası nə ola bilər? Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə, təəssüf edirəm”.

"Camaat da gərək azğınlaşmasın"

"İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə, təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz". Bunu "Report"a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib. O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib: "Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir". A.Şahverdiyev qeyd edib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib: "Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq, sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın".

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcbur köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Görüşdən sonra “Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib: “O saxlanılanlar ən “yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar... …Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə”.

Deputat eyni zamanda Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırıb.

"...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar