“NƏNƏM MTN-ə ZƏNG ETDİ, MƏNİ BURAXDILAR” – Hansı nazir müavininin həyat yoldaşı olub?

Dərc olunub: 05/04/2017 - 13:36

MTN-768x386-300x151Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Dünənki iclas bütünlüklə MTN-in qızıl alış-verişi və qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı vaxtilə keçirdiyi əməliyyatlar və həmin əməliyyatlar çərçivəsində yol verilmiş qanun pozuntuları ilə bağlı epizodun araşdırılmasına həsr olundu.

Məhkəmə təqsirləndirilənin vəsatətini təmin etdi

Proses ötən iclasın sonunda təqsirləndirilən Zaur Məmmədovun verdiyi vəsatətin müzakirəsi ilə başladı. Xatırladaq ki, Z.Məmmədov şahid qismində verdiyi izahatının bir hissəsinin müstəntiq tərəfindən saxtalaşdırılması və izahata əlavə vərəqlər daxil edilərək, onun əvəzinə imza olunduğunu, məhz həmin vərəqlərdə qeyd olunanlar əsasında həbs edildiyini bildirmişdi. Bu səbəbdən, Zaur Məmmədov kalliqrafik ekspertizanın təyin edilməsini və həmin vərəqlərin izahatdan çıxarılmasını məhkəmədən istəmişdi.
Dövlət ittihamçısı məsələ üzrə mövqe bildirərək qeyd etdi ki, həmin izahatdan sonra Zaur Məmmədov istintaqın gedişində bir neçə dəfə ifadə verib və yalnız izahatda göstərilənlərin əsas gətirilməsi yersizdir. Buna görə də, prokuror vəsatətin rədd edilməsini istədi.
Lakin müdafiə tərəfi təqsirləndirilənin vəsatətinin təmin edilməsini xahiş edərək, ekspertizanın müstəqil şəkildə və hətta xarici ölkələrdən birində aparılmasını istədi. Buna səbəb kimi istintaqın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılacaq ekspertizaya təsir imkanları göstərildi.
Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin edilməsi barədə qərar verdi.

“Eşitdim ki, Azəri tutublar, başqa heç nədən xəbərim yoxdur”

Məhkəmədə şahid qismində ifadə verən Mirağa Rzayev bildirdi ki, istintaqa verdiyi ifadəni oxumadan imzalayıb və onun nəzərə alınmamasını xahiş edir.
Şahid qeyd etdi ki, qohumlarından əmisi oğlu Azərin həbs edildiyini və 10 il müddətinə azadlıqdan məhrum edildiyini eşidib, bundan başqa əlavə edə biləcəyi heç bir məlumat yoxdur. M.Rzayevin sözlərinə görə, Araz onun böyük qardaşıdır.
Xatırladaq ki, ötən iclasda brilyant qaçaqmalçılığı ilə bağlı epizod araşdırılarkən, Dubayda işləyən Arazın brilyantları Bakıya Azər vasitəsilə göndərməsi bildirilmişdi.
Şahid qardaşı ilə nadir hallarda görüşdüyünü və onun hazırda nə işlə məşğul olmasından xəbərsiz olduğunu dedi. Üzünü təqsirləndirilənlərə tərəf tutan şahidin “mənim bu qardaşlardan heç bir şikayətim yoxdur” deməsinə prokuror reaksiya verdi: “Sən şahidsən. Zərərçəkən deyilsən ki, kimdənsə şikayətin olsun”.

Şizofreniyalı zərərçəkən: “Məndən üzr diləsinlər, başqa heç nə istəmirəm”

Zərərçəkən Ramil Babayev “Mərkəzi Univermaq”da “Gold zərgərlik” adlı mağazanın şərikli sahibi olduğunu bldirdi. O, sözünə başlayan kimi dedi ki, təqsirləndirilənlərə qarşı heç bir maddi iddiası yoxdur və yalnız onların üzr diləməsini istəyir: “Mənim şərəf və ləyaqətimi alçaltdıqları üçün üzr istəsinlər. Başqa heç nə istəmirəm”.

mehkeme terezi

R.Babayev bildirdi ki, şəriki Şahin Məmmədov bir gün zəng edərək, MTN əməkdaşları tərəfindən saxlanıldığını və qaçaqmalçılıqda günahlandırıldığını deyib. “Bizə zəng edib demişdilər ki, Zabratda mal var, münasib qiymətə satılır. İlqar adlı şəxs satırdı. Şərikim malın dalınca gedəndə, yoldan mənə zəng etdi ki, mala görə Nardarana getmək lazımdır. Anladım ki, bu işdə nəsə qurğu var. Şahin dedi ki, inandığı adamdır, heç nə olmaz. Axırı da belə oldu”.

Zərərçəkənin sözlərinə görə, bunu eşidən kimi MTN-ə yollanıb və orada Şahinlə görüşüb. Sonra təqsirləndirilənlər Zaur Məmmədov və Natiq Alıyev ondan ifadə alıblar. İfadə verdiyi zaman təzyiqlə üzləşdiyini deyən R.Babayev təqsirləndirilənlərin onu vurduqlarını və hədə-qorxu gəldiklərini bildirib.
Ramil Babayev MTN-də təqsirləndirilən Füzuli Əliyevlə görüşünü də xatırladı: “Füzuli Əliyev mənə dedi ki, taleyin mənim əlimdədir. Mən də cavab veridm ki, taleyim Allahın əlindədir. Bu sözümə görə məni düz bir sutka nazirlikdə saxladılar”.
Zərərçəkən sonradan şəriki ilə birlikdə 30 min dollar verərək sərbəst buraxıldıqlarını dedi. Müsadirə edilmiş brilyantları geri almaq üçünsə MTN əməkdaşlarına 15 min dollar verildiyi iddia olundu.
Maraqlıdır ki, ifadəsində zərərçəkən Ramil Babayev şizofreniya xəstəsi olmasını və Psixi-Nevrooloji Dispanserin üçotunda olduğunu qeyd etdi. “Dərmansız yuxuya gedə bilmirəm. Belə hər şey normaldır, maşın da sürürəm”, – zərərçəkən dedi.
Hakim zarafatla ona ürək-dirək verdi: “Ramil Babayev, 3 manata aldığını 5 manata satmırsan ki? Əsas odur”.
Bu arada vəkillər şifahi vəsatət qaldıraraq, zərərçəkənin məhkəmə-psixiatrik ekspertizaya göndərilməsini zəruri saydılar.

Zərərçəkən təqsirləndirilənləri tanımadı

Epizod üzrə növbəti zərərçəkən Elman Məlikov bildirib ki, “Mərkəzi Univermaq”da qızıl satışı ilə məşğul olur. Təxminən 6-7 il bundan əvvəl iki mülki geyimli şəxs ona yaxınlaşaraq, MTN-in Səbail rayon şöbəsinə aparıblar.

qandal

E.Məlikovun sözlərinə görə, ondan ifadə alan cüssəli şəxs özünü Füzuli kimi təqdim edib, lakin familiyasını dəqiq xatırlamır.
Dövlət ittihamçısının bir neçə dəfə israrına baxmayaraq, zərərçəkən təqsirləndirilənlərin arasında həmin adamı tanımadı. Son nəhayətdə, prokuror təqsirləndirilən Füzuli Əliyevdən ayağa qalxmasını xahiş etdi. Lakin zərərçəkən bu dəfə də onu tanımadığını söylədi: “O adam çox cüssəli idi, qəşəng də geyinmişdi, lap artistə oxşayırdı”.
E.Məlikov deyib ki, ondan əsasən Şimali Qafqazdan olan müştəriləri ilə bağlı ifadə alıblar və mücahidlərlə əlaqələrinin olub-olmamasını soruşublar. “Mən alver edirəm. Alıcılar arasında hər cür adamlar var, bu məni maraqlandırmır”, – zərərçəkən deyib.
İfadəsində zərərçəkən sərbəst buraxılması üçün elə həmin gün 100 min dollar verdiyini qeyd edib.

“Nənəm MTN-ə zəng etdi, məni sərbəst buraxdılar”

Əvvəlki zərərçəkənlər kimi, “Mərkəzi Univermaq”da qızıl alveri ilə məşğul olduğunu deyən zərərçəkən İlham İbrahimov qeyd etdi ki, müştəriyə 200 min manatlıq brilyant satdığı vaxt iki MTN işçisi ona yaxınlaşaraq, nazirliyə getməyin lazım olduğunu deyiblər. İ.İbrahimovun sözlərinə görə, ona yaxınlaşan şəxslərdən biri təqsirləndirilən Füzuli Əliyev olub.
Həmin gün ad günü olduğunu deyən zərərçəkən MTN-də bir neçə saat saxlandığını və yalnız Fatma nənəsinin Ağstafadan zəng etməsindən sonra sərbəst buraxıldığını vurğulayıb. Zərərçəkənin prokurorun sualına cavablarından məlum oldu ki, nənəsi keçmiş nazir müavini Bilal Əsədovun həyat yoldaşı ilə qohum imiş.

Zərərçəkən yalnız mənəvi zərər gördüyünü bildirdi və əlavə etdi ki, saxlanıldığı gün ad gününün olduğunu dedikdən sonra Füzuli Əliyev ona “Sultan” kafesində qonaqlıq da verib.
Prokuror zərərçəkənin istintaqda verdiyi ifadəsinə diqqət çəkərək bildirdi ki, həmin ifadəsində zərərçəkən Füzuli Əliyevin onu saxladığı vaxt silahdan (tapançadan) istifadə etdiyini deyib. Bu isə quldurluq kimi qiymətləndirilir.
Təqsirləndirilən Füzuli Əliyev söz alaraq, üzünü zərərçəkənə tutub dedi: “İlham, səni mən həmin hadisədən hələ çox əvvəl tanımışam, bir yerdə oturub çay da içmişik. Bəli, həmin gün məndə tapança olub. Lakin sən onu kafedə, mən pencəyimi çılxaran vaxt görmüsən. Tanıdığım adamın üstünə silah çəkməyəcəkdim ki? Xahiş edirəm, bunu qeyd et, yoxsa həmin hadisəni quldurluq kimi qiymtələndirmək istəyirlər”.

Zərərçəkən yalnız ad günündə MTN-də saxlanıldığı üçün mənəvi zərər gördüyünü qeyd etdi, başqa iddiasının olmadığını bildirdi.
Prosesə sədrlik edən hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının cümə axşamı, aprelin 6-da keçiriləcəyini elan etdi.


loading...


Fikrinizi bildirin